Moskvada Novruz bayramı qeyd olunmuşdur

 

 Moskvada Novruz bayramı təntənəli surətdə qeyd olunmuşdur. "Rossiya" Dövlət Konsert Salonunda ("Lujniki" idman sarayı) Moskva  hökumətinin Regional Əlaqələr və Milli Siyasət Komitəsinin təşkilatçılığı ilə "Novruz-2012" bayramı keçirilmişdir.

Bahar bayramının qeyd olunması mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, paytaxtda yaşayan müxtəlif xalqların nümayəndələrinin,  diaspor təşkilatlarının daha sıx inteqrasiyasına kömək etmək məqsədi daşımışdır.

Qonaqlar müxtəlif ölkələrin milli mətbəxinin təamlarının dadına baxıb ayrı-ayrı xalqların yaradıcılığı ilə tanış olmuşlar.

Konsert proqramında Rusiya, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın peşəkar yaradıcı kollektivləri, incəsənət ustaları  çıxış etmişlər. Paytaxtdakı milli diaspor təşkilatlarının bir çoxunun incəsənət xadimləri Novruz bayramı ilə bağlı nömrələrini hazırlamışlar.

Ölkəmizi bayram konsertində Azərbaycanın xalq artisti Bilal  Əliyev, əməkdar artistlər Gülyaz Məmmədova və Lalə Məmmədova  təmsil etmişlər.

Regional Əlaqələr və Milli Siyasət Komitəsinin rəhbəri Yuri Artyux tədbirdə çıxış edərək Moskva meri Sergey Sobyaninin təbrik məktubunu oxumuşdur.  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkədə akkreditə olunmuş diplomatik korpusun adından tədbir iştirakçılarını təbrik etmişdir.

 

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 7.