Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir

 

Martın 26-da Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunmuşdur.

Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir.

Sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olmuşdur.

Günün sonunda Koreya Respublikasının xarici işlər və ticarət nazirinin adından nümayəndə heyətlərinin üzvlərinin şərəfinə işçi nahar verilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 1.