Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi

 

 "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqları XIX əsrdən başlayaraq xalqımıza qarşı insanlığa yaraşmayan ən qanlı faciələr törətmişlər. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışmışlar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaqhüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. Artıq 20-ci ilini geridə qoyduğumuz müstəqillik dövründə ermənilərin cinayətkar əməllərinin, mahiyyətində etnik təmizləmə, işğalçılıq və terrorun dayandığı bu qanlı siyasətin bütün dünyada ifşası ilə bağlı mühüm işlər görülmüşdür. Bunun nəticəsidir ki, bir vaxtlar ayaq tutan erməni yalanları daha yerimir.

Dünya ictimaiyyətinin əsl həqiqətlərdən xəbərdar olması üçün görülən işlər sırasında erməni şovinizminin və millətçiliyinin qanlı siyasətindən, insanlığa sığmayan fəaliyyətlərindən bəhs edən araşdırma əsərlərinin yazılması və müxtəlif dillərə tərcümə edilərək yayılması mühüm əhəmiyyət kəsb edir. İndiyədək erməni millətçiliyinin mənfur əməlləri, azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımı və deportasiyalarla bağlı çoxlu kitablar nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanan və bu günlərdə işıq üzü görən "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitab da faktoloji bazaya, zəngin arxiv materiallarına söykənməklə ermənilərin XIX əsrdən başlayaraq ən yeni tariximizə qədər xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq siyasəti, soyqırımı cinayətləri ilə bağlı dolğun təəssürat yaradan müfəssəl vasitədir.

Nəşrin hazırlanmasında məqsəd erməni vəhşiliyini və xalqımızın üzləşdiyi ədalətsizlikləri dünyada tanıtmaq istiqamətindəki təbliğat işinə kömək etməkdir.

Kitab müstəqil Azərbaycan dövlətinin banisi, ölkəmizin suverenliyinin dönməz əsaslarını yaradan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişdir. "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyinin ideya rəhbəri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, həqiqi dövlət müşaviri Ramiz Mehdiyev, redaktoru isə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur. Nəşrin buraxılışına məsul Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

Hər cildi dörd fəsildən ibarət olan kitab ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı ilə başlayır. "Ön söz" əvəzi kimi akademik Ramiz Mehdiyevin "Gorus-2010: Absurd teatrı mövsümü" əsəri oxuculara təqdim edilir. Birinci cildin "Tarix - olduğu kimi" adlanan ilk fəslində ermənilərin Azərbaycana köçürülməsindən və məskunlaşdırılmasından, Osmanlı imperiyasında və 1905-1920-ci illərdə Azərbaycanda törətdikləri qətliamlardan bəhs olunur. Erməni şovinizminin növbəti hədəflərinin yer aldığı növbəti fəsildə 1948-1953-cü illərdə və ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən deportasiyası və bu etnik təmizləmə siyasəti zamanı yaşanan qanlı olaylardan, erməni təxribatının yeni ünvanı olan Sumqayıt hadisələrindən söz açılır.

Üçüncü fəsil "Soyqırımının yeni mərhələsi" adlanır. Burada ermənilərin 80-ci illərin sonlarından etibarən Azərbaycana qarşı işğalçılıq siyasətini açıq fazaya keçirmələri, işğal olunmuş ərazilərimizdə Ermənistanın qanunsuz fəaliyyəti, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı sənədli məqalələr yer almışdır. Sonuncu fəsildə göstərilir ki, ermənilərin uşaq qatili olmaları, xalqımızın maddi-mənəvi irsini məhv etmələri və işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri digər cinayətlər terrorun Ermənistanın dövlət siyasətinə çevrilməsindən xəbər verir.

Kitabın ikinci cildini isə sənədlər toplusu adlandırmaq olar. Bu cild xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş mətbuat konfransındakı bəyanatı ilə başlayır. Birinci fəsildə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı və sədri, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Prezidenti olduğu dövrlərdə xalqımızın üzləşdiyi ədalətsizliklərlə bağlı etdiyi çıxışlar, onun təşəbbüsü ilə qəbul olunmuş sənədlər, fərman və sərəncamları, 20 Yanvar və Xocalı faciələri ilə bağlı xalqımıza müraciətləri, Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətləri, Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında sərəncamı, həmçinin Xocalı soyqırımı ilə bağlı Milli Məclisin bəyanatları və digər rəsmi sənədlər yer almışdır.

Bu cilddə beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən və işğalçı qoşunların torpaqlarımızdan çıxarılmasını tələb edən sənədləri, BMT-nin qətnamələri, ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların tribunalarından çıxışları, bu məsələ ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli və prinsipial fəaliyyəti, nitqləri və onun  təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədlərlə də tanış olmaq mümkündür.

Tarixi hadisələr haqqında əsl həqiqətin üzə çıxarılmasında ən qiymətli və etibarlı mənbə sayılan arxiv sənədlərinin rolu danılmazdır Ona görə üçüncü fəsildə ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların deportasiyası, məruz qaldıqları soyqırımları ilə bağlı tarixi həqiqətlər arxiv sənədləri əsasında öz əksini tapmışdır. A.S.Qriboyedovun məktubu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Təhqiqat Komissiyasının üzvlərinin məruzələri, kolxozçuların Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi və bu köçürülmə üzrə tədbirlər barədə SSRİ Nazirlər Sovetinin qərarları, Ermənistanın azərbaycanlı əhalisinin Azərbaycan SSR-ə köçürülmələri zamanı əhval-ruhiyyələri ilə bağlı arayış və digər bu kimi sənədlər təkzibedilməz tarixi sübut olaraq erməni vəhşiliyinin üzünü açıb göstərməklə yanaşı, iki əsrə yaxın müddətdə xalqımıza qarşı həyata keçirilən terror barədə əyani təsəvvür yaradır.

Kitabın sonuncu fəsli ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərindən bəhs edən fotoxronikadan ibarətdir. Burada xalqımızın son iki əsrdə məruz qaldığı soyqırımının faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar toplanmışdır.

Diplomatlar, siyasətçilər, tədqiqatçılar, jurnalistlər - bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitab ermənilərin işğalçılıq siyasətinin, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət kəsb edir. Yeni nəşr, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətdə ifşa olunması istiqamətində aparılan işə zəngin töhfədir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.