Azərbaycan nümayəndə heyəti Düşənbədə Novruz bayramına həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir

 

 Martın 25-də Tacikistan Prezidentinin Düşənbə şəhərindəki Koxi-Somon iqamətgahında  "Novruz-2012" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Pakistan, İran və Əfqanıstan prezidentləri Asif Əli Zərdari, Mahmud Əhmədinejad və Həmid Karzai, Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş, həmçinin Çin, Türkiyə, Hindistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın, ümumilikdə isə 40 ölkənin və 35 beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak etmişlər.

Tacikistan Prezidenti Emoməli Raxmon konfransda iştirak edən dövlət başçılarını və digər ölkələrin nümayəndələrini Novruz bayramı münasibətilə təbrik etmişdir.

Tacikistan Prezidenti bildirmişdir ki, Novruz bayramına Birləşmiş Millətlər Təşkilatı səviyyəsində beynəlxalq status verilməsi təsadüfi deyildirbu, bir daha sübut edir ki, dünyanın mənəvi və mədəni dəyərlərə böyük ehtiyacı vardır. Emoməli Raxmon demişdir ki, altı min il əvvəl əcdadlarımız Novruzu işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi, saflığın, sədaqətin simvolu kimi qəbul etmişlər.

E.Raxmon əlavə etmişdir ki, Novruzu bayram edərkən insanlar qəlblərini və ruhlarını nifrət və intiqam hissindən təmizləyir, ehtiyacı olanlara, kimsəsizlərə əl tuturlar. Belə insani keyfiyyətlər bu gün də yaşayır.

Sonra Pakistan, Əfqanıstan və İran prezidentləri, həmçinin digər nümayəndə heyətlərinin rəhbərləri öz ölkələrində Novruz bayramının keçirilməsi xüsusiyyətləri haqqında məlumat vermiş, Novruza beynəlxalq status verilməsi ilə bağlı dünya xalqlarını təbrik etmişlər.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin adından Novruz bayramı münasibətilə konfransın iştirakçısı olan dövlət başçılarını və digər nümayəndə heyətlərini təbrik etmişdir.  E.Əfəndiyev Novruz bayramının Azərbaycan xalqının həyatındakı yerimövqeyi haqqında danışmış, bütün dünya xalqlarının əmin-amanlıq və sülh şəraitində yaşamasını arzulamışdır.

Türkmənistan tərəfinin təklifi ilə Ümumdünya Novruz şənliklərinin 2013-cü ildə yüksək səviyyədə Aşqabadda keçirilməsi qərara alınmışdır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 8.