Qaradağlı - Xocalıdan əvvəlki Xocalı

 

"Qondarma "soyqırımı" ermənilərin, erməni lobbisinin uydurmasıdır. Onlar bundan Azərbaycana qarşı təcavüzlərinə bəraət qazandırmaq, özlərini qurban, "hücumlardan" əziyyət çəkmişlər kimi təqdim etmək üçün istifadə edirlər. Buna görə də belə hesab edirlər ki, hazırda azərbaycanlılara qarşı bu cür əməlləri törətmək hüquqları vardır."

 

İlham ƏLİYEV

 

 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, həmişə olduğu kimi, acı bir tarix göz önündə canlanır. XX əsrin əvvəllərində - 1905 və 1918-ci illərdə baş verən türk-müsəlman qırğınlarından artıq yüz il keçir. Bu, uzaq olduğu qədər də yaxın bir tarixdir. XX əsrin sonlarında törədilən Qaradağlı, Xocalı faciələrindən də artıq  20 il ötür. Bu isə hər cəhətdən bizə ən yaxın tarixdir. Eyni zamanda, vaxt və məkan yaxınlığı, canlı şahidlər və faciənin, dərdin böyüklüyü  bizi də, bir növ, o hadisələrin iştirakçısına çevirir. Bir də illər ötdükcə o faciələrin miqyası, dəhşətləri daha aydın görünür, vurduğu yaralar bir toplum olaraq xalqı, milləti daha çox əzir və incidir.

İllər ötsə də qan yaddaşımızda yaşayan bu faciələri, onun qurbanlarını bizimlə bərabər sonrakı nəsillər də ehtiramla yad edərək heç vaxt unutmamalıdırlar. Bəlkə ona görə hazırda o faciələrin baş verdiyi ilk günlərdən fərqli olaraq həmin dövrün ağrı-acıları, fəlakət dolu hadisələri indi daha çox araşdırılır, daha dəqiqliklə sənədləşdirilir, bu mövzuda müxtəlif kitablar yazılır, filmlər çəkilir, televiziyalarda, radiolarda davamlı olaraq proqramlar yayımlanır, müxtəlif araşdırmalar dərc olunur.

Artıq xeyli vaxtdır o ağır günlərdə, bir növ, çaşbaş qalan millət indi sabahına daha nikbin baxır, öz dostunu-düşmənini seçib ayırır. Nə qədər qəribə də olsa, bu millətin dostu da, düşməni də həmişə öz yanındadır. Bizdən tələb olunan yalnız budur: onu tanıyıb bilmək, seçib qiymətləndirmək və bir daha unutmamaq. Yeri gəlmişkən, böyük rus şairi Robert Rojdestvenskinin sanki belə günlər üçün yazılmış sözləri də var: "Hər bir insana, eləcə də hər bir millətə çox yox - bir dost və bir düşmən  kifayətdir." Bu mənada, əsrlərin sınağından keçib gələn Türkiyə kimi dost və qardaş ölkə, erməni faşistləri kimi əzəli və əbədi düçmənlərimiz var. Dövlət başçısının bu günlərdə qardaş Türkiyə haqqında səsləndirdiyi bu fikir hamının ürəyindən xəbər verdi: "Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçirilən tədbirlər xalqlarımızın birgə mövqeyini, qardaşlığımızın gücünü göstərdi. Bizim dünyada ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir."

Bir də bu gün zorla qonşu olmağa,  qonşuluq münasibətlərində olmağa "məhkum" edildiyimiz ermənilər az qala yüz illik tarixi olan uydurma "soyqırımı"ndan ağızdolusu danışıb saxta sənədlər ortaya çıxarırsa, bizə nə olub? Niyə bizim son 20 ildəki faciələrimizi hələ də canında və ruhunda daşıyan şahidlərimiz yada düşməsin, şəhid övladlarımızın min bir əziyyətlə böyüyən  balaları, xanımları, valideynləri xatırlanmasın? Bəs dağılan evlər, xarabazara çevrilən kəndlər, şəhərlər? Onlar da şəhidlərimiz kimi bir deyil, beş deyil, minlərlədir axı...

 

Bu kəndi necə güllələdilər

 

 Şuşadan, onun işğalından danışanda Qarabağın ən çox yada düşən  yaşayış məskənləri, kəndləri - Quşçular, Malıbəyli, Meşəli, Kərkicahan, Turşsu... kimi bu kəndin - Qaradağlının da adı tez-tez xatırlanır. Çünki tale elə yaranışından bu kəndləri o şəhərlə - Şuşa ilə elə bağlamışdı ki, onların biri olmadan o birinin yaşaması mümkün deyildi. Şəhərin dünyaya açılan bir neçə qapısı vardısa, bu kəndin yeganə bir yolu vardı - o da həmin şəhərə aparırdı.

Bir gün düşmənlər, erməni faşistləri o yolu kəsdilər. Əvvəlcə kənd getdi, sonra şəhər...   

Faciənin qısa xronikası belədir: erməni terrorçuları 1991-ci ilin 28 iyununda Qaradağlıda 3 nəfəri qadın olmaqla 6 nəfəri diri-diri yandırmışdılar. Həmin ilin sentyabr ayında isə kəndə gedən sərnişin avtobusunun gülləbaran edilməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda adamlar yaralanıb. Güllə yarası alanlardan 5 nəfəri sonradan dünyasını dəyişib. Bu vəhşiliklər beynəlxalq terrorçu, ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan tərəfindən həyata keçirilb. Ermənilərin "milli qəhrəman" adı verdikləri M.Melkonyan 1993-cü ilin iyununda Azərbaycan əsgəri İbad Hüseynov tərəfindən layiqli cəzasını alsa da, digərləri hələ də azadlıqdadırlar. Ən qanlı hadisələr isə az sonra - 1992-ci il fevralın 17-də baş verdi. Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. Onlar bu qəhrəman kəndə yalnız aylarla uzanan mühasirədən və günlərlə sürən ağır döyüşlərdən sonra  daxil ola bildilər.

Bu kənddə yaşanan soyqırımını miqyasına görə "ikinci Xocalı" da adlandırırlar. Qanlı döyüşlərdə kəndin hər 10 sakinindən biri şəhid oldu. 1992-ci ilin fevralında -  Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən bu soyqırımında 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürüldü, onlardan 67 nəfəri erməni faşistləri tərəfindən qətlə yetirildi.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 150-yə yaxın uşaq yetim qaldı.

Kənddə 200 yaşayış və 1 mədəniyyət evi, 320 yerlik orta məktəb və 25 çarpayılıq xəstəxana binaları və digər obyektlər dağıdıldı. 800 nəfərə yaxın sakin məcburi köçkünə çevrildi.

 

 "Ermənilər girovların başlarını öz qəbirləri üstdə kəsirdilər"

 

İlqar Hüseynov Qaradağlı faciəsini yaşayan kənd sakinlərindən biridir. O, ailə üzvləri ilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İki ay erməni əsirliyində olarkən sonsuz müsibətlərə düçar olub.

"...Girovların başını müharibədə ölmüş ermənilərin qəbirləri üstündə kəsirdilər... Ermənilər əsirləri diri-diri yandırırdılar..."

Aşağıdakı fikirlər o dəhşətlərin şahidi, 1958-ci ildə Qaradağlıda doğulan, 1992-ci ildə ermənilərin girov apardığı, əsirlikdə min bir müsibət görən İlqar Hüseynova məxsusdur:

- Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyinin vurduğu əzabları yaşamasın, hiss etməsin. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunsa da,  hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Onların sentyabrın 8-də Ağdam-Qaradağlı avtobusunu atəşə tutması nəticəsində 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı. 1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd tərəfdən atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak oldu. Dörd nəfər ağır yaralandı. Gecə yaralıları da götürüb yola çıxdıq. Aramızda 10 qadın və 2 uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmədik.

Hamımızı əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar. Bizi ayrı-ayrı maşınlarda erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü maşından düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkəti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə çatdı. Sonra bizi Xankəndinə aparıb iki ay orada-həbsxanada saxladılar.

Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta iliyimizə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər. Ermənilər bizi gündə, ən azı, beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözməyib elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırdılar, ayaqlarını sındırdılar. İki nəfəri isə divara çırpıb beynini partlatdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin köməyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olan bir neçə nəfər azadlığa çıxandan sonra dünyasını dəyişdi. Həmin vaxtdan illər keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.

 

Hər il danışılan dərd, hər il çəkilən film

 

 Dərdlərimizin tez-tez yada salınmasından, unudulmamasından danışarkən son illər respublikamızda, eləcə də dünyanın müxtəlif yerlərində ayrı-ayrı tədbirlərin keçirildiyini qeyd etmək lazımdır. Xocalıda, Kərkicahanda, Meşəlidə, Ağdabanda və digər şəhər və kəndlərimizdə baş verən faciələrin anılması, yada salınması yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir. Belə tədbirlərin biri də artıq neçə ildir Qaradağlı ilə bağlıdır. Hər il olduğu kimi, bu il fevralın 17-də də paytaxtda müxtəlif tədbirlər keçirildi. Həmişəki kimi, Qaradağlı faciəsinin ildönümünə həsr olunan builki tədbirdə də, demək olar ki,  Azərbaycan ictimaiyyətinin bütün nümayəndələrini görmək mümkün idi.

Ötən il təqdim olunan filmdə Qaradağlı kəndində baş verən faciə işıqlandırılırdısa, bu dəfə o faciəyə daha çox şəhid övladlarının, ailələrinin gözü ilə nəzər salınırdı. Tədbirə qatılanların, göz yaşlarını saxlaya bilməyənlərin bir qismi də elə onların özləri - şəhid ailələri və uşaqları idi.

Filmin hazırlanmasında həm məsləhətçi, həm də ideya müəllifi kimi iştirak edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun dedikləri hamının düşündüyü idi: "Erməni terrorçuları Qaradağlı kəndinin sakinlərini azərbaycanlı olduqlarına görə yandırır, olmazın müsibətlərlə öldürürdülər. Bütün zülmlərə baxmayaraq Qaradağlı kəndinin sakinləri son güllələrinə qədər düşmənlə döyüşdülər".

Bu döyüşdən salamat çıxanlar isə indi başqa bir "cəbhədə" - haqq-ədalət cəbhəsində vuruşmaqdadırlar. Bu faciələrin, müsibətlərin təkrarlanmaması üçün onların gördüklərini, yaşadıqlarını bütün dünyanın bilməsi, eşitməsi vacibdir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü həmin şahidləri bir də dinləməyə dəyər.

 

 Novruz Hüseynov:

 

- 1988-ci ildən son günlərədək kəndimizin mərd, fəal və qəhrəman oğulları Məmmədov Ədalət Şahmar oğlu, Kərimov Əliqismət Qara oğlu, Hüseynov Xanlar Həbib oğlu, Bayramov Arif İbrahim oğlu, Bayramov Elmidar Rəşid oğlu, Hüseynov Dəmir Musa oğlu və başqaları ilə birlikdə ermənilərə qarşı vuruşurduq. 17 fevral 1992-ci ildə əsir düşdüm. Bizi maşınlara doldurdular. Yolda saxlayır, istədikləri adamı düşürüb güllələyirdilər. Qardaşım Hüseynov Həbib Həmzə oğlunu da güllələdilər. Mən ağır yaralı idim. "Kəlmeyi-şəhadət"imi oxuduqdan sonra erməniyə dedim ki, "məni də güllələ, qardaşım burda tək qalmasın." Qatilin cavabı bu oldu ki, "səni də o tərəfdə vuracağam". Mən qardaşımın meyitini Xankəndinə qədər özümlə apardım.

 

 Həqiqət Hüseynova:

 

- Ermənilər işğaldan sonra kənddə qalan adamları sıraya düzdülər. Gəncləri bir, yaşlıları başqa bir maşına yığdılar... Meşədən keçəndə maşını saxlayıb Dəmir kişi ilə 15 yaşlı nəvəsini güllələdilər. Şahmurad kişinin alnından gülləni elə vurdular ki, başı paralandı. Sonra maşınla cəsədinin üstündən keçdilər. "Pir" deyilən ağacın yanında Eldarı maşından düşürüb döyə-döyə öldürdülər. Yaşlıların maşınını "Bəylik bağı" deyilən yerdə saxladılar. Cavanlar olan maşını isə silos quyusunun yanına sürdülər. Həmin maşın geri qayıdarkən içərisində bir neçə nəfər qalmışdı. Onları öldürüb silos quyusuna tökmüşdülər. Yolda Zahid Xəlilovu qətlə yetirdilər, daha sonra poçtun müdiri Həbib kişinin avtomatla əvvəlcə qollarını, sonra ayaqlarını, ən axırda bədənini deşik-deşik etdilər. Nəhayət, bu dəhşətli yolun sonunda Xankəndinə çatdıq. Bizim yanımızda Xocalıya hücum edəcəklərindən, oranı xarabazara çevirəcəklərindən, öldürdükləri oğlanların başlarından divar hörəcəklərindən danışırdılar.

 

 Şahruz Əliyev:

 

- Əsir götürülənlər arasında məktəb yaşlı uşaqlar və 10 nəfər ağbirçək də vardı. Yolda maşınları saxlayır, əsasən məktəbli uşaqları və gəncləri vəhşicəsinə güllələyirdilər. Bir az gedəndən sonra yenə də maşınlar dayandı. Yenə də cavanlardan 10 nəfəri seçib güllələdilər. Güllələnənlərdən biri əmim oğlu Xaliq Əliyev, biri də İltizam Hüseynov idi. Onların qışqırtısı, ah-naləsi hələ də qulaqlarımdan getmir... Mən və qardaşım bir yerdə əsir düşmüşdük. Səhər tezdən quldurlar dəyişmək adı ilə 5 nəfəri zirzəmidən çıxarıb apardılar və onlardan bir daha xəbərimiz olmadı. Qardaşım Vətən də onların arasında idi.

 

Aydın Abbasov:

 

- Səhəri hamımızı Xankəndi türməsinə apardılar. Həyətdə üzü üstə yerə uzandırdılar. Səhər ertədən saat 4-ə qədər bu vəziyyətdə qaldıq. Soyuq adamın iliyinə işləyirdi. Bu azmış kimi, dubinkanı azyaşlı uşaqlara verib bizi döydürürdülər. Özləri isə avtomatın qundağı ilə haramıza gəldi vururdular. Həmin gün döyülməkdən yeddi nəfər öldü. Orada başımıza gələnləri xatırladıqca... eh, danışa bilmirəm. O əzabları, o işgəncələri, camaatın başına gələnləri, gətirilənləri dilimə alıb danışanda ürəyim ağrıyır, vücudum əsir. İstəmirəm ki, şəhid anaları, şəhid bacıları bunları eşidib yenidən sarsılsınlar.

 

 Şamxal Şirinov:

 

 - 1992-ci ilin o fevralı, mənə elə gəlir ki, dünyanın ən soyuq qış ayı idi. Şaxtalı hava adamı qılınc kimi kəsirdi. Dörd gün kənd uğrunda ölüm-dirim mübarizəsi oldu. Çoxlu erməni silahlısını məhv etmişdik. Biz tərəfdən də xeyli şəhid olan vardı. Elə yeddi nəfər idarə binasında vuruşaraq şəhid oldu.

 

Qara Kərimov:

 

- Əsirlik həyatımda çox işgəncələrə məruz qaldım, döyüldüm, söyüldüm, sudan, çörəkdən məhrum edildim, sol qıçımı itirdim. Gözlərimin önündə 2 nəfəri döyərək öldürdülər. Demək olar ki, məni son nəfəsimdə özümüzünkülərə qaytardılar.

 

 Əmiraslan Quliyev:

 

- Bizi hər gün qarın üstünə yıxıb döyürdülər. 15-16 gündən sonra bizi Martuniyə (Xocavənd) gətirdilər. Bizi Qaradağlıya aparır, öldürüb silos quyusuna atdıqları meyitləri qazıb çıxarmağı əmr edirdilər. Meyitlər tanınmaz halda idilər. Bir neçə gün ac-susuz öz kəndlilərimizin meyitlərini çıxartdıq. Nəhayət, 46 günlük əsirlik həyatımızın sonunda mən də daxil olmaqla 16 nəfəri və 6-7 meyiti erməni əsiri ilə dəyişdirdilər.

 

Rafiq Quliyev:

 

- Üç gün davam edən ağır döyüşdən sonra mərmimiz qurtardığı üçün ermənilər kəndə daxil oldular və bizi əsir götürdülər. 3 nəfəri diri-diri yandırdılar, 3-4 nəfərin başını kəsdilər, 1 nəfəri  lapatka sapı ilə başına döyə-döyə öldürdülər, bir nəfərin üstündən KaMazla keçdilər... Türmənin həyətində bizi ağzıüstə uzandırdılar və torpaq yeməyə məcbur etdilər. Vəhşilər dubinka və paya ilə yaramın üstünə vururdular. Mənim atamı da orda döyüb öldürdülər.

...Yaddan çıxarmayaq ki, bütün bu müsibəti törədənləri azərbaycanlılar yaxşı tanıyırdılar. İllərdi bir ölkədə, bir vilayətdə yaşayırdılar. Amma heç biri inanmırdı ki, bu "yazıq, zavallı erməni" lazım gələndə bütün əxlaqi dəyərləri, bəşəri hissləri ayaqlar altına ataraq asanlıqla dünənki qonşusunun qatlinə, cəlladına çevrilə bilər.  Vaxtilə ermənilərin bu xüsusiyyətini yaxşı bilən gürcü mütəfəkkiri İlya Çavçavadze əbəs yerə demirdi: "Ermənilər dost cildində düşməndirlər. Onların nəvazişindən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram."

 

 "Dağlıq Qarabağ münaqişəsi mənim öz həyatıma da təsir göstərib"

 

Bu fikirləri Qaradağlı kəndində törədilən qətliamın 20 illiyinə həsr olunan anım mərasimində çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Bu, yaşından, vəzifəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir azərbaycanlının Qarabağ savaşında aldığı yaradan, yaşadığı dərd və müsibətdən xəbər verir: "Mən öz həyatımdan bir misal gətirəcəyəm. Atam rəhmətliyin qəbri bu gün işğal altındadır. Anam isə qaçqın kimi 7 il əvvəl rəhmətə getdi. Rəhmətə getməzdən bir gün qabaq mənə dedi ki, məni kişinin yanına apar. Mən o kişi ilə 40 il bir yastığa baş qoymuşam. Dedim, bunu necə edim? Axı mümkün deyil. O gündən bu günədək hər gün vicdan əzabı çəkirəm".

 

Filmin təqdimatından sonra hərbi prokuror Xanlar Vəliyev çıxış etdi. Bildirdi ki, 2005-ci ildən başlayaraq Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin aşkarlanaraq məsuliyyətə cəlb olunması üçün işlər aparılır. Lakin cinayəti törədənlərin Ermənistan və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirib. O, beynəlxalq güclərin ikili standartlardan çıxış etdiyini bildirdi. Dedi ki, bu hadisə 20 il əvvəl baş verib. Operatorların kameralarının önündə baş verib. Ermənilər dinc azərbaycanlıların başlarını erməni qəbirləri üstündə kəsiblər. Ancaq buna baxmayaraq bu gün demokratiyanın beşiyi adlandırılan Fransa, İsveçrə kimi dövlətlər 100 il əvvəl Osmanlı İmperiyasında baş verdiyi söylənilən, güman edilən, lakin təsdiqini tapmayan bir hadisə ilə əlaqədar qanunlar, qərarlar qəbul edir. Onlar nə üçün 20 il əvvəl olmuş hadisələrə reaksiya vermirlər?

Baş nazirin müavini Əli Həsənov  Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin bütün tələbatının ödənildiyini söyləyərək qeyd etdi ki, bircə mənəvi tələbatın ödənilməsi istiqamətində müəyyən problemlər qalıb. Bu da Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra tam həllini tapmış olacaq. Baş nazirin müavini ermənilərə dəstək verən və dayaq olan dövlətlərə də üz tutaraq xəbərdarlıq etdi:  - Bu gün ermənilər Rusiyanın cənubuna, Gürcüstanın Cavaxet bölgəsinə, Türkiyənin şərqinə iddia edirlər. Sabah deyəcəklər ki, Fransa ata-baba torpağımızdır. Amerikada bir-iki ştata iddia edəcəklər. O zaman onlar bizim nə çəkdiyimizi biləcəklər.

 

 Nərgiztəpədən baxanda

 

Nərgiztəpə Xocavənd rayonunun işğaldan kənarda qalan bir hissəsidir. Tarixi qədim dövrlərə gedib çıxır. Mərhum alim, professor Şamil Cəmşidov tədqiqatlarında bu əraziyə xüsusi diqqət ayıraraq onun Dədə Qorqud  boylarında tez-tez xatırlandığını söyləyir, bu əzəmətli abidənin qəhrəmanlarından olan Qaraca Çobanın qəbrinin burada olduğunu dönə-dönə qeyd edirdi. Qarabağ dağ silsiləsinin axırında yerləşən Qaraçux dağı da həmin eposda tez-tez yada salınır. "Qaraçuğun aslanı" həmin dastandadır və qəbri kimi Qaraca Çobanın arxac yeri də Qaraçux dağının döşündən yüz illərdir Ağdamdan, Ağcabədidən, Beyləqandan gələn yollara baxmaqdadır.

Yüz illər boyu insanlarımızın ziyarət yerinə çevrilən bu qədim ərazidə xeyli vaxtdır Xocavənd Rayon İcra Hakimiyyətinin köməyi ilə abadlıq işləri aparılıb, möhtəşəm bir abidə ucaldılıb. Azərbaycan tarixinin son illərini əhatə edən şərəfli bir dövrü də bu abidədə öz əksini tapıb. Bu həm qalibiyyət, həm şəhidlik abidəsidir. Artıq xeyli vaxtdır ziyalılar, Milli Məclisin deputatları, ali məktəb tələbələri bu abidənin ziyarətinə gəlir, doğma torpaqlara lap yaxından baxa bilirlər. Nərgiztəpədən baxanda Qarabağ da, ora aparan yollar da görünür.

Düşmənin beş addımlığında yerləşən bu abidənin üzərində Azərbaycanın əzəmətli Bayrağı da dalğalanmaqdadır. Bu Bayrağı qarşı tərəf də çox yaxşı görür. Artıq o əzəmətli Bayrağın zəfər yürüşü başlayıb. Onun Xankəndidə, Şuşada dalğalanacağı günə - Qələbə gününə çox qalmayıb. O günü yaxın edən isə Azərbaycan Ordusu, Azərbaycan əsgəri və bütün Azərbaycan cəmiyyətinin, gəncliyinin iradəsidir. O gəncliyin arzusunu, iradəsini isə ölkə Prezidenti İlham Əliyev belə ifadə edib: "Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz!"

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 10.