Azərbaycan müxtəlif sivilizasiyaların əməkdaşlıq məkanına çevrilir

 

 Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu quruma sədrlik etməsi bir daha göstərdi ki, artıq ölkəmizin gücü, bu coğrafiyada tutduğu mövqe, istinad etdiyi dünyəvi dəyərlər, regionda enerji təhlükəsizliyi, eləcə də antiterror sahəsində gördüyü işlər dünyanın diqqətindən kənarda deyil.

Bu gün Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunurbu qurumlarda görülən işlərin nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra mühüm qərarların qəbulu mümkün olub.

Dünya miqyasında 155 ölkənin Azərbaycanı dəstəkləməsi onun sübutudur ki, ölkəmizi artıq güc mərkəzi kimi qəbul edirlər və rəğbətlə yanaşırlar. Azərbaycan bu imkandan geniş istifadə etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasındakı çıxışı və Nyu-Yorkda keçirdiyi görüşlər zamanı hər kəsə bəlli oldu ki, biz dünyaya öz mədəniyyətimizlə, musiqimizlə, dini, etnik tolerantlığımızla gözəl nümunəyik. Azərbaycan müxtəlif sivilizasiyaların görüş yeri, əməkdaşlıq məkanı kimi qəbul olunmaqdadır. Bunu sivilizasiyaların dialoqunun məhz Azərbaycanda baş tutması bir daha sübut etdi. BMT Azərbaycanla bağlı ədalətli mövqeyi ilə tanınan bir qurumdur. Mən bu təşkilatın Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yada salmaq istəyirəm. Düşünürəm ki, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük bizə imkan verəcək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz haqlı mövqeyimizi dünyaya sübut edə bilək. İşğalçı dövlətin hazırkı mövqeyindən geri çəkilməsi üçün istər BMT Təhlükəsizlik Şurasının, istərsə də digər nüfuzlu beynəlxalq qurumların dəstəyindən istifadə etməyə ehtiyac var.

Dağlıq Qarabağ probleminin həllinə gəlincə, düşünürəm ki, biz bu problemin sülh yolu ilə həllində israrlı olmalıyıq. Bizim imkanlarımız var ki, diplomatiyanın gücündən, beynəlxalq hüququn prinsiplərindən istifadə edərək bu problemin həllində irəliləyişə nail olaq. Bizim gənc, savadlı, böyük potensiala və təcrübəyə malik diplomatik korpusumuz formalaşır. Onlar artıq xarici dövlətlərdə Azərbaycanı layiqincə təmsil etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mümkün vasitələrdən istifadə edirlər. Digər tərəfdən biz xaricdə Azərbaycanın mənafelərini müdafiə etmək gücündə olan lobbilərin fəaliyyətindən də yararlanmalıyıq. Biz problemin sülh yolu ilə nizamlanması üçün bütün səylərimizi ortaya qoymalıyıq. Ermənistanın təcavüzkarlığına son qoymaq üçün dünya dövlətlərindən qətiyyətli mövqe ortaya qoymağı tələb etməliyik. Eyni zamanda ordumuz da torpaqların işğaldan azad olunması prosesinə hazır olmalıdır.

 

 

Asim MOLLAZADƏ,

Milli Məclisin deputatı,

Demokratik İslahatlar

Partiyasının sədri

 

Azərbaycan.- 2012.- 18 may.- S. 3.