Milli Məclisdə görüş

 

Mayın 17-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Hadi Rəcəbli bildirdi ki, Azərbaycanda digər sahələr kimi səhiyyə də davamlı inkişaf etməkdədir. Komitə sədri qonağa Milli Məclisdə səhiyyə sahəsində qəbul olunmuş qanunlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu sahədə artıq kifayət qədər qanunvericilik bazası formalaşdırılmışdır. Hadi Rəcəbli diqqətə çatdırdı ki, ölkəmizdə "İcbari sosial sığorta haqqında" qanun qəbul olunmuş, Dövlət Sığorta Agentliyi təsis edilmişdir. Qeyd olundu ki, hazırda icbari sosial sığorta sisteminin işə düşməsi üçün bütün imkanlar yaradılmışdır.

Görüş üçün təşəkkürünü bildirən Anand Qrover diqqətə çatdırdı ki, Azərbaycanın səhiyyə sistemi ilə yaxından tanışdır. Qonaq ölkəmizdə səhiyyənin inkişafı üçün görülən işləri yüksək qiymətləndirdi. Söhbət zamanı Anand Qroverin Azərbaycanda səhiyyə sahəsinin maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində səhiyyənin vəziyyəti, vərəmə qarşı dərman preparatları, cinsireproduktiv sağlamlıq məsələlərinə dair  sualları cavablandırıldı.

Fikir mübadiləsi zamanı Azərbaycanda müasir tibbi avadanlıqları işlədən mütəxəssislərin sayının artırılmasının və səhiyyənin maliyyələşdirilməsi modelinin dəyişdirilməsinin vacibliyi vurğulandı. Qeyd olundu ki, hazırda Səhiyyə Nazirliyi bu istiqamətlərdə işlər aparır.

Görüşdə Sosial siyasət  komitəsinin sədr müavini Musa Quliyev iştirak edirdi.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 5.