Ağdamda bayram bayrama qarışıb

 

Ulu öndərin anadan olmasının 89-cu ildönümü günündə Ağdamda, sözün həqiqi mənasında, bayram bayrama qarışmışdı. Əllərində ətirli bahar çiçəkləri olan rayon əhalisi Quzanlının mərkəzi meydanına toplaşmışdı. İnsanlarda əsl bayram əhval-ruhiyyəsi vardı. Meydanda xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ucalırdı. Ulu öndərin siyasi kursuna həmişə sədaqətli olan ağdamlılar bu əlamətdar günü - müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü əziz el bayramı kimi qeyd edirdilər. Əhalinin müxtəlif təbəqələrini təmsil edən tədbir iştirakçıları Heydər Əliyevin abidəsini hörmət və ehtiramla ziyarət etdilər, abidənin önünə tər qızılgüllər, əlvan çiçəklər düzdülər.

Qurucusu dahi siyasətçi Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatı bu gün öz sıralarında 5 min nəfəri birləşdirir. Rayonun ictimai, siyasi və təsərrüfat, iqtisadi həyatında Yeni Azərbaycan Partiyasının üzvləri aparıcı rol oynayırlar. Partiyanın rayon qərargahı həmişə qələbəlik olur. Neçə vaxt idi ki, qərargahda əsaslı təmir işləri gedirdi. Yüksək zövqlə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuş qərargah binasının yeni görkəmi göz oxşayır. Qərargahın əsaslı təmirdən sonra açılışı məhz ulu öndərin anadan olmasının 89-cu ildönümü günündə gerçəkləşdi.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyev və YAP Ağdam rayon gənclər birliyinin sədri Amil Cavadov rayon təşkilatına göstərilən qayğı və diqqətə, səmərəli fəaliyyət üçün yaradılan nümunəvi şəraitə görə partiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin xalqın və dövlətin taleyində oynadığı roldan danışdı. Qeyd etdi ki, Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və qeyri-adi idarəçilik məharəti sayəsində Azərbaycan tufanlardan keçib müstəqilliyə qovuşdu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası vətən, xalq üçün çalışanları, mənsub olduğu milləti sonsuz məhəbbətlə sevənləri bir siyasi təşkilatda birləşdirdi. YAP Ağdam rayon təşkilatı ölkənin bu aparıcı partiyasının mübariz dəstələrindən biridir. Əlbəttə, rayon qərargahının gözəl, yaraşıqlı binada yerləşməsi və buna uyğun fəallıq göstərməsi tamamilə məntiqəuyğundur.

Qırmızı lent kəsiləndən sonra tədbir iştirakçıları əsaslı təmirdən sonra fərqli görkəm almış otaqları ilə tanış oldular. Yeni yaradılmış konfrans zalında maraqlı söhbət oldu. Təbii ki, həmin gün bütün söhbətlərin baş mövzusu xalqımızın ümummilli lideri Heydər Əliyev, bu böyük insanın doğma xalqına həsr etdiyi mənalı ömür yolu idi.

Bayramın bayrama qarışdığı bu gündə cəbhə xəttinə yaxın kəndlərdə də xoş ovqat yaradan tədbirlər düzənlənmişdi. Xındırıstan kəndinin mərkəzində, "Heydər bulağı"nın qarşısında keçirilən tədbir  rayon ərazisində sonuncu yaşayış məntəqəsinə təbii qaz verilməsinə həsr olunmuşdu.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov açılış mərasiminə toplaşanların alqışları altında təbii qazın nəqlini göstərən məşəli alovlandırdı. "Azəriqaz"ın nümayəndəsi Araz Ağalarov dövlət başçısının Ağdamın cəbhə xətti boyu yaşayış məntəqələrinə təbii qaz çəkilişini sürətləndirmək barədəki tapşırığının nəzərdə tutulan vaxtdan xeyli əvvəl yerinə yetirildiyini qürurla dilə gətirdi. Elə həmin gün Baharlı qəsəbəsinə də təbii qaz verildi.

Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Ağdamın əlimizdə olan ərazilərində də yüksək əhval-ruhiyyə yaşanır. Bugünün xoş ovqatı, sabahımızın daha işıqlı olacağına yenilməz inam üzlərdə təbəssümə, gözlərdə fərəhə çevrilir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 13 may.- S. 7.