Ağa Laçınlının kitabı təqdim olundu

 

 Mərhum şair Ağa Laçınlının seçilmiş şeirlərindən ibarət yeni kitabının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən təqdimat mərasimini birliyin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid aparıb.

Tədbirdə çıxış edən naşir, filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı, Bakı Dövlət Universitetinin dosenti Nüşabə Sadıxlı, şair Ramiz Rövşən, Yazıçılıar Birliyinin katibi Arif Əmrahoğlu, yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Mustafa Çəmənli, şair Musa Ələkbərli, şair Oqtay Rza, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, ədəbiyyatşünas alim, tənqidçi İlham Abbasov, pedaqoji elmlər doktoru Müseyib İlyasov, Bakı Dövlət Universitetinin dosenti Bəxşeyiş Əsgərov, Laçının tanınmış ziyalılarından olan Azər Məmmədov, şair Əlisəmid Kür, tənqidçi Əsəd Cahangir, şairə Mahirə Abdulla, şair Gəray Göyyurd Ağa Laçınlı ilə bağlı xatirələrini bölüşüblər, onun həyat və yaradıcılığından söz açıblar, şairin şeirlərindən, eyni zamanda Ağa Laçınlıya həsr edilmiş şeirlərdən parçalar oxuyublar. Sonda Ağa Laçınlının oğlu yazıçı Fəxri Uğurlu tədbirə toplaşanlara ailəsi adından təşəkkürlərini çatdırıb.

Ağa Laçınlının seçilmiş əsərləri "Sabah" nəşriyyatında 520 səhifədə çap edilib. Kitabın redaktoru Şirindil Alışanlıdır. Toplunu Fəxri Uğurlu tərtib edib.

XX əsrin 60-cı illərində ədəbiyyata gəlmiş Ağa Laçınlının ilk şeir kitabı "Ümid" 1966-cı ildə, sonuncu şeir kitabı "Alın yazımız" 1992-ci ildə çap olunub. Aradakı illər ərzində şairin Azərbaycan dilində daha 9 şeir kitabı çıxıb: "Sakitik" (Bakı, 1970), "Sirli-soraqlı dağlar" (Bakı, 1971), "Torpağın gücü" (Bakı, 1973), "Ana duyğusu" (Bakı, 1976), "Aşırımlar qarşısında" (Bakı, 1978), "Vaxt yetişəndə" (Bakı, 1980), "Sevgimizlə sevindirək" (1981), "Meşə nəğməsi" (Bakı, 1985), "Gecə yuxusu" (Bakı, 1986). 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. "Ədəbiyyat və incəsənət" qəzetinin (indiki "Ədəbiyyat qəzeti") şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqının (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 11.