Beynəlxalq Rəsul Rza mükafatı təqdim edilmişdir

 

 Mayın 18-də Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir.

Azərbaycan Yazıçılar Birliyindən AzərTAc-a bildirmişlər ki, hər il ənənəvi olaraq unudulmaz şairin doğum gününə təsadüf edən mükafatlandırma mərasimində mükafatlar Rəsul Rza irsinə, ədəbiyyatına xidmət edən şair və yazıçılarımıza, tədqiqatçılarımıza təqdim olunur.

Tədbiri giriş sözü ilə xalq şairi, Rəsul Rza Fondunun prezidenti Fikrət Qoca açaraq mərasim iştirakçılarına unudulmaz şairin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. O demişdir: "Ədəbiyyatın böyük, təkrarolunmaz siması Rəsul Rzanın adını daşıyan fondun  mükafatlarına layiq olanlar çoxdur. Lakin bu il həmin  mükafata Sadiq Elcanlı, Şəfəq Sahibli, Oqtay Əliyev, Nijad Mikayılzadə, Aydın Xan layiq görülmüşlər".

Tədbirdə professor Əsədulla Qurbanov, şairlərdən  Yusif Nəğməkar, Sona Xəyal, Aydın Xan Əbilov, Qəşəm Nəcəfzadə çıxış edərək laureatları təbrik etmiş, Rəsul Rza yaradıcılığından, onun poeziyasından danışmışlar.

Mərasimin sonunda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rəsul Rzanın xatirəsini əziz tutan, görkəmli ədibə xoş münasibət bəsləyən, xarakterinə, yaradıcılığına yüksək qiymət verən insanlara təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 7.