İxtiraları ilə tanınan alim

 

 Dünya şöhrətli cərrah-uroloq, keçmiş SSRİ və respublika Dövlət mükafatları laureatı, AMEA-nın akademiki, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mirməmməd Cavad oğlu Cavadzadə ixtiraları ilə vətəninə daim başucalığı gətirən pedaqoq, ictimai xadim idi. Onun respublikada yaratdığı məktəb, onlarca kitab və dərslikləri bu güntibb elminin inkişafına xidmət edir.

M.Cavadzadə tələbkar təşkilatçı, Azərbaycanın tibb elminə misilsiz töhfələr verən, nailiyyətləri ilə bütün dünyada maraqla qarşılanan şəxs olduğu xüsusilə qeyd edilir. Urologiyaoperativ nefrologiyanın inkişafında M.Cavadzadənin elmi-praktik uğurları respublikamızın sərvətidir. Bu istiqamətdə ötən əsrin 50-ci illərində fəaliyyətə başlayan gənc alim anesteziologiya problemini önəmli hesab edərək urologiyanın inkişafını anesteziologiya-reanimatologiya ilə əlaqələndirmişdi. Urologiya praktikasında ilk dəfə olaraq alim tərəfindən prostat vəzisi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edilmişdir. M.Cavadzadə uroloji əməliyyat zamanı ümumi ağrısızlaşdırma məsələlərinin həllinə xüsusi diqqət yetirmişdi. Gərgin axtarışların nəticəsi olaraq onun "Böyrək polikistozlu xəstələrdə cərrahi əməliyyat zamanı ağrısızlaşdırma" adlı elmi əsəri nəşr edilmişdir. M.Cavadzadənin bu istiqamətdə axtarışları belə bir nəticəyə zəmin yaratmışdı ki, uroloji əməliyyatların geniş spektrinə yalnız "universal", həmişəlik seçilmiş anestezioloji təminatın olması mümkün deyil. Uroloji xəstələrin başlanğıc vəziyyətinin polimorfizmi, uroseptik intoksikasiya və azotemiyanın tezliyi, anatomik regionda müxtəliflik, uroloji müdaxilələrin digər spesifik xüsusiyyətləri məqsədyönlü axtarış və ağrısızlaşdırmanın daha əlverişli üsulunu tələb edir.

Mirməmməd Cavadzadə 1954-cü ildə professor A.Y.Pitelin rəhbərliyi ilə "Sidik axarının daşları" mövzusunda namizədlik, 1962-ci ildə isə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Alimin anesteziologiyareanimatologiya sahələrindəki ideyalarının həyata keçirilməsində 1966-cı ildə Bakıda təşkil edilmiş Respublika Kliniki Uroloji Xəstəxananın mühüm rolu olmuşdu. Onun elmi tədqiqatları, əsasən sidik daşları xəstəliyinin klinikası diaqnostikası və müalicəsinə, böyrəklərin polikistozuna və şişlərinə, rentgen-radioloji araşdırmalara, nefrogen hipertenziyaya, kəskin və xroniki böyrək çatışmazlığına, plastik cərrahlığa və s. həsr edilmişdir. Keçmiş sovetlər məkanında ilk dəfə olaraq onun rəhbərliyi ilə sidiktənasül orqanlarında əməliyyatlar zamanı xəstənin təhlükəsizliyini təmin edən və xeyli iqtisadi səmərə verən antohemotransfuziya məsələsi işlənib hazırlanmışdır.

1986-cı ildə M.Cavadzadə keçmiş Sovet İttifaqının müxtəlif klinikalarının bir qrup alimi ilə birlikdə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.

M.Cavadzadənin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Anesteziologiyareanimatologiya kafedrası açılmışdı. Bu kafedranın Azərbaycanda anesteziologiya elminin sonrakı inkişafında xüsusi rolu olmuşdur. Kafedrada aparılan elmipedaqoji respublikada bu sahənin xidmətinin keyfiyyətinin artmasına mühüm təsir göstərmişdi.

1966-cı ildə alimin təşəbbüsü və rəhbərliyi ilə keçmiş İttifaqda ilk dəfə Bakı şəhərində ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Kliniki Uroloji Xəstəxanası yaradılır. Klinikada  nəinki uronefrologiya sahəsində, həmçinin təbabətin bir çox sahələri üzrə genişmiqyaslı elmi klinik axtarışlar aparılmağa başlanır. Bu mənada M.Cavadzadənin əzmkar səyi sayəsində ötən illər ərzində klinikanın inkişaf edib dünyada tanınmış elmi-tədqiqat mərkəzinə çevrilməsi danılmaz faktdır. Təsadüfi deyil ki, Respublika Kliniki Uroloji Xəstəxananın fəaliyyətini yüksək qiymətləndirən akademikin müəllimi, məşhur uroloq A.Y.Pitel bu klinikanı "uroloji biliklərin ocağı" adlandırmışdır.

Böyrək çatışmazlığı, onun patogenezi, gedişi, kəskinləşməsi, konservativ və fəal müalicəsi məsələsi müasir nefrologiyanın qlobal problemlərindən biridir. Bu məsələnin öyrənilməsi akademikin elmi fəaliyyətində aparıcı yerlərdən birini tuturdu. Təkcə onu qeyd etmək kifayətdir ki, keçmiş Sovetlər İttifaqında ilk dəfə olaraq hemodializin birinci seansı 1958-ci ildə M.Cavadzadənin yaxından iştirakı ilə həyata keçirilmişdir. Bakı şəhərində uroloji xəstəxananı təşkil edərkən o, ilk növbədə respublika səhiyyə orqanları qarşısında hemodializ şöbəsinin açılması məsələsini qaldırmışdır.

Orqanların köçürülməsi insan düşüncəsinin arzularından biridir. Dünyanın qabaqcıl klinik təcrübələrinə yiyələnərək M.Cavadzadə tibb elminin bu sahəsini də fəth etmişdir. O, 1971-ci ildə Zaqafqaziyada ilk dəfə terminal böyrək çatışmazlığı zamanı böyrək köçürməsini həyata keçirmişdir. 1972-ci ildə o, artıq müvəffəqiyyətli əməliyyatlar aparmağa başlamışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, işin həcminə və elmi-praktik fəaliyyət səviyyəsinə görə Respublika Klinik Uroloji Xəstəxanası Cənubi Qafqazda yeganə, keçmiş İttifaqda isə 4-cü klinikadır. Burada böyrək köçürülməsi üzrə uğurlu cərrahi əməliyyatlar aparılmışdır. İndiyədək bu sahədə əldə olunmuş nailiyyətlər Azərbaycan tibb tarixinin qızıl səhifələrindəndir.

M.Cavadzadə uşaqlarda anadangəlmə hidronefrozlu xəstəliklərin müalicəsinin taktika və diaqnostikasının, operativ müdaxilə və əməliyyatdan sonrakı vəziyyətini işləyib hazırlamışdır.

Böyrək anomaliyasının embriogenezi, klinik gedişi, diaqnostikası və müalicəsinə həsr olunmuş "Böyrək anomaliyalarının cərrahiyyəsi" və ingilis dilində çıxmış "Böyrəklərin və sidik axarı anomaliyalarının cərrahiyyəsi" adlı monoqrafiyaları elmi tutumupraktik dəyəri ilə ona böyük şöhrət qazandırmışdır. 1982-ci ildə akademik M.Cavadzadə "Anadangəlmə böyrək və sidik yolları orqanlarının anomaliyalarının müalicəsində diaqnostikorijinal rekonstruktiv əməliyyatların müasir üsullarla kliniki təcrübədə işlənilməsi və tətbiqi" işinə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Görkəmli alimin elmi fəaliyyətinin əsas xarakterik cəhətləri uzaqgörənlik, urologiyanın bütün bölmələrini əhatə edən yaradıcılıq axtarışlarının genişliyi, apardığı tədqiqatların aktuallığıdır. Onun elmi işləri urologiyanefrologiya sahəsində çalışan həkimlərin, elmi işçilərin gündəlik fəaliyyətinin əsas istiqamətvericisidir. Akademik M.Cavadzadə rentgen-radionuklid laboratoriya, hemodializ və böyrək köçürülməsi, anesteziologiyaintensiv terapiya şöbələrini, uşaq uronefroloji şöbəsini, urodinamik laboratoriya, endocərrahiyyə və litotripsiya şöbəsi, tibbi-genetik məsləhətxana təşkil etmişdir. Bütün bu elmi-klinik bölmələr, aparılan tədqiqat işləri, xəstələrə müasir müalicə xidmətləri tibb müəssisəsini qabaqcıl uroloji klinikalar səviyyəsinə çatdırmışdır. Bundan başqa, yeni tədqiqatların nəticələri klinik praktikada tətbiq edilir, mətbuatda geniş işıqlandırılır, namizədlik, doktorluq dissertasiyalarının mövzusuna çevrilirdi. M.Cavadzadə tərəfindən uroloq və nefroloqların böyük məktəbi yaradılmışdır. Onun rəhbərliyi ilə 17 doktorluq və 71 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Akademik Mirməmməd Cavadzadə nəinki respublikada, uzaq xaricdə də şöhrət qazanmış görkəmli tibb alimlərindən idi. O, son dərəcə hərtərəfli tibbi biliyi ilə xəstənin diaqnozunu tezliklə müəyyənləşdirmək, vəziyyətinin ağırlaşmasının əsas anlarını düzgün təyin etmək qabiliyyətinə malik idi. Onun müayinəsindən sonra çox vaxt ümidsiz xəstələr də sağalacaqlarına inanır və onların cərrahi müdaxiləyə qədər əhval-ruhiyyəsində nikbinlik yaranırdı.

Görkəmli elm xadiminin təşəbbüsü ilə yaradılmış Respublika Klinik Uroloji Xəstəxana bu gün də qabaqcıl elmi-tədqiqat müəssisələrindən biri olaraq dünyanın çox sayda alim-uroloqlarının diqqətini cəlb etməkdədir.

1975-ci ildən başlayaraq akademik M.Cavadzadə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafına böyük əmək sərf etmişdi. O, bütün sferalarda əsaslı islahatlar keçirmişdi. Rektorun işi institutun sosial inkişafına, elmielmi-pedaqoji kadrlarla təminatın keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdi. 1975-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Moskva, Leninqrad (indi Sankt-Peterburq) və digər elmi mərkəzlərə onlarca gənc müəllim doktoranturayaaspiranturaya göndərilmişdir. Bu gün institutun kafedra müdirlərinin və professor-müəllim heyətinin əsas hissəsini həmin dövrdə hazırlanmış alimlər təşkil edir. Professor-müəllim heyətinin yaradıcılıq fəaliyyəti üçün şəraitin yaradılması, gənc elmi-pedaqoji kadrların bacarığının üzə çıxarılmasına xüsusi diqqət yetirilmişdir.

M.Cavadzadənin rəhbərliyi ilə ADHTİ durmadan yeniləşərək maddi-texniki bazasını gücləndirir, kadr potensialını artıraraq səhiyyəmizin inkişafına öz layiqli töhfəsini verirdi. İnstitutda tədris-pedaqoji hazırlığın səviyyəsinin müasir tələblərə cavab verməsini təmin etmək məqsədilə daim axtarışlar aparılırdı. 2002-2003-cü illər ərzində bütün ixtisaslar üzrə ümumiləşdirilmiş tədris proqramlarına aparıcı mütəxəssislərin iştirakı ilə yenidən baxılmış, institutun Elmi Şurasında dəfələrlə müzakirələr keçirilmişdir. İxtisasartırma kurslarında mövzuların seçimi zamanı aktuallıq, tibb elminin son nailiyyətlərinin əks etdirilməsi əsas meyar kimi götürülür. Eyni zamanda, tədrisin mənimsənilmə səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün institutun əməkdaşları tərəfindən hazırlanmış sınaq testlərinin istifadəsi bu yeniliklərdən biridir. İnstitutda 2006-cı ildən başlayaraq Səhiyyə Nazirliyinin göstərişi əsasında ixtisasdəyişmə və yenidən hazırlıq kursları dövrün tələblərinə uyğun olaraq keçirilir. Onların müddətləri artırılır, tədris proqramları təkmilləşdirilir, müdavimlərin praktik vərdişlərə yiyələnməsinə xüsusi diqqət verilir. Tədris prosesi rektorun daim diqqət mərkəzində olurdu. O, müdavimlərlə şəxsən görüşərək onların problemləri ilə maraqlanır, dəyərli məsləhətlər verirdi. İnstitutda elmi-pedaqoji kadrların hazırlanmasına son dərəcə həssaslıqla yanaşılırdı. Gənc alimlər şurasının fəaliyyəti gücləndirilir, yerinə yetirilən elmi-tədqiqat işlərinin miqyası genişləndirilirdi. Ümumilikdə akademik M.Cavadzadənin 34 ildən yuxarı rektorluq fəaliyyəti dövründə 51 elmlər doktoru, 152 elmlər namizədi hazırlanmışdır. Onun şəxsi rəhbərliyi ilə isə urologiyanefrologiya sahəsində 17 elmlər doktoru, 71 elmlər namizədi alimlik dərəcəsi almışdır.  

Alimin həqiqətən yüksək səviyyəli müasir elmi məktəbi vardır. Onların sırasından istedadlı, peşəkar uroloqlar, anestezioloqlarkardioloqlar həyata vəsiqə almışlar.

Təbiəti etibarilə çox sadə, təvazökar, ünsiyyətli, ədalətli olan M.Cavadzadə dostları, tanışları tərəfindən həmişə sevilir və xatirəsi dərin hörmət və ehtiramla anılır. O, institutun əməkdaşlarına qarşı obyektivlik hissini həmişə qoruyurdu. Çoxlarının mütəxəssis kimi yetişməsinə yardımçı olmuş, onların ailə, mənzil və digər problemlərinin həllinə təmənnasız kömək etmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, institutun hazırkı professor-müəllim heyəti akademik M.Cavadzadənin instituta rəhbərlik etdiyi 1975-2008-ci illərdə yetişib tanınmış alim və klinisistlərdir. İnstitutdan namizədlik və doktorluq dissertasiyalarını yazmaq üçün Moskvakeçmiş İttifaqın digər şəhərlərinə ezam olunan müəllimlər M.Cavadzadənin xeyirxahlığını həmişə səmimiyyətlə xatırlayırlar.

Akademik M.Cavadzadənin xidmətləri daim yüksək qiymətləndirilirdi. O, 1997-ci ildə "Şöhrət" ordeni, 2007-ci ildə "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

Həyatının son gününə qədər rəhbərlik etdiyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutununrespublika Klinik Uroloji Xəstəxanasının inkişafı və yenidən qurulması üçün çalışan akademik Mirməmməd Cavadzadənin əziz xatirəsi daim əziz tutulur, həmişə dərin ehtiramla anılır.

 

 

S.KƏRİMOV,

Əziz Əliyev adına Azərbaycan

Dövlət Həkimləri Təkmilləşdirmə

İnstitutunun rektoru, tibb elmləri

doktoru

 

Azərbaycan.- 2012.- 20 may.- S. 6.