İqtisad elminin görkəmli nümayəndəsi

 

 Həyatda iz qoyub getmiş elə insanlar var ki, xatırlananda, adları çəkiləndə onları tanıyan hər kəs xoş düşüncələrə dalır, qəlblərindən həzin duyğular süzülüb gəlir. Belə dəyərli insanlardan biri də şərəfli və mənalı ömrünü Azərbaycanda iqtisad elminin inkişafına, iqtisadçı kadrların yetişdirlməsinə, ölkəmizin iqtisadi qanunvericiliyinin hazırlanmasına və gərgin siyasi-ictimai fəaliyyətə həsr etmiş görkəmli alim, iqtisad elmləri doktoru, professor Səttar Səfərovdur. Səttar Səfərovun vəfatından artıq bir il ötür. Qəfil ölüm bu dəyərli ziyalını elmi-ictimai fəaliyyətinin ən qaynar çağında aramızdan apardı.

Bu gün Səttar Səfərovun aramızda olmamasına inanmaq həqiqətən də çətindir. Baxmayaraq ki, onun sıralarımızdan qəfil getməsindən, haqq dünyasına, əbədiyyətə qovuşmasından nə az, nə çox - bir il ötür. Artıq bir ildir ki, yüksək insanlıq, vətəndaşlıq qayğıkeşliyi kimi keyfiyyətlərə malik bu dəyərli alim aramızda yoxdur. Səttar müəllimin yaxınlarının, müəllim yoldaşlarının, dostlarının, tələbələrinin auditoriyalarda səslənən fikirlərini dinlədikcə bir daha əmin olursan ki, əsl vətəndaş kimi yaşayıb xalqına, dövlətinə təmənnasız xidmət göstərən belə dəyərli ziyalılar, saf əqidə və məslək sahibləri, ömrü boyu yüksək ideallarla dövlətçilik və vətəndaşlıq mövqeyində dayanmış insanlar hər zaman ehtiramla yad edilməyə layiqdirlər.

Həyatdan köçməsəydi yaxınları, doğmaları cəmi bir il sonra Səttar Səfərovu 75 illik yubileyi münasibətilə təbrik edəcəkdilər, 70 illiyində olduğu kimi. O zaman ən böyük təbrik Azərbaycan Prezidenti cənab İlham Əliyevdən gəlmişdi. Dövlətimizin başçısı Səttar İsmayıl oğlu Səfərovu 70 illik yubileyinə iki gün qalmış, 2007-ci il iyulun 16-da Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif etməklə ona ən dəyərli qiyməti vermişdi.

Səttar Səfərov mənalı həyat yolu keçmişdir. O, 1937-ci il iyulun 18-də indiki Ermənistanın Vedi rayonunun Şirazlı kəndindən başlayan şərəfli tale yolunda gənc yaşlarından tutmuş ömrünün sonuna qədər hər zaman əqidəsi, paklığı, insani keyfiyyətləri ilə örnək və nümunə olmuşdur. Orta təhsili başa vurduqdan sonra 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almasına və pedaqoji sahədə fəaliyyətə başlamasına baxmayaraq, gələcək elmi fəaliyyətini məhz iqtisad elmi sahəsində görülmüşdür. 1966-cı ildən Azərbaycan NeftKimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) siyasi-iqtisad kafedrasında muəllim işləyən Səttar Səfərov bir ildən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) aspiranturasına qəbul olunmuşdur. Daim elmi axtarışda olan, respublikamızda iqtisadçı kadrların yetişdirilməsi üçün xüsusi səy göstərən Səttar Səfərov 1971-ci ildən etibarən Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosentkafedra müdiri işləmişdir. Səttar Səfərov 1985-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək bir il sonra professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə isə Azərbaycan Kooperasiya İnstitutunun rektoru vəzifəsinə irəli çəkilmişdir. Beləliklə, ömrünün böyük hissəsini iqtisadçı kadrların hazırlanmasına həsr etmiş, respublikada iqtisadiyyat elminin inkişafına görkəmli iqtisadçı kimi dəyərli və zəngin töhfələr vermişdir.

İqtisad elmindəki çoxşaxəli fəaliyyəti ilə diqqəti cəlb edən, Azərbaycanın tanınmış iqtisadçı alimləri arasında öz layiqli yeri olan  Səttar Səfərov 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, iqtisad elmində ilk dəfə iqtisadi inkişafa qeyri-iqtisadi amillərin təsirini tədqiq edənlərdən biri məhz Səttar Səfərov olmuşdur. O, ömrünün yarısından çoxunu, düz 45 ilini Azərbaycan iqtisad elminin ayrı-ayrı sahələrinə dair maraqlı tədqiqatlara həsr etmiş, mühüm uğurlu nəticələrə nail olmuşdur.

1995-ci ildən Səttar Səfərovun həyatında yenidaha şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli bir mərhələ başlamışdır. Həmin il müstəqil Azərbaycan dövlətinin birinci çağırış Milli Məclisinə keçirilən seçkilərdə Səttar Səfərov 89 saylı Ucar-Göyçay seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Elə həmin ilin dekabrında iqtisadçı alim kimi bilik və bacarıqları nəzərə alınan Səttar Səfərov həm də parlamentin büdcə məsələləri daimi komissiyasının sədri seçildi.

Azərbaycan Respublikasının birinci çağırış Milli Məclisinin qarşısında çox vacibtaleyüklü vəzifələr dayanırdı. Bu vəzifələrdən biri və ən əsası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla yeni siyasi-ictimai formasiyaya keçən müstəqil Azərbaycan dövlətinin dövrün tələblərinə cavab verən iqtisadi qanunvericilik bazasının hazırlanması idi. Həm də o dövrdə ölkədə Heydər Əliyevin sayəsində ictimai-siyasi sabitlik bərqərar edilmiş, iqtisadi tənəzzülün qarşısı alınmış, sosial-iqtisadiaqrar sferada çoxşaxəli islahatların həyata keçirilməsinə başlanılmışdı. Məhz bu islahatların və ulu öndərin siyasi, iqtisadisosial xəttinin qanunvericilik nöqteyi-nəzərindən dəstəklənməsi baxımından parlamentin üzərinə böyuk vəzifələr düşürdü.

Səttar Səfərovun rəhbərlik etdiyi parlamentin büdcə məsələləri daimi komissiyası Azərbaycanın iqtisadi qanunvericiliyinin hazırlanması və iqtisadi-sosial islahatların həyata keçirilməsi istiqamətində xeyli gördü. Uğurlu fəaliyyət nəticəsində onlarla yeni qanun layihəsi hazırlanıb Milli Məclisin müzakirəsinə təqdim olundu. Həmin qanun layihələrinin demək olar ki, hamısı qəbul olundu və Azərbaycanın iqtisadi qanunvericilik bazasının formalaşmasına və təkmilləşməsinə töhfələr verdi. Hazırda ölkəmizin dövlət quruluşunun əsasları, mülki, maliyyə və kredit, sahibkarlıq fəaliyyəti, sənaye, tikinti, ticarət qanunvericiliyi təşkil edən əsas qanunlar birinci çağırış Milli Məclis tərəfindən qəbul edilmişdir.

2000-ci il noyabr ayının 5-də Səttar Səfərov 49 saylı Ağdaş seçki dairəsindən deputat seçildi. Bu dəfə Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasına rəhbərlik edən Səttar Səfərov Azərbaycanın iqtisadi qanunvericiliyinin hazırlanması işində fəaliyyətini uğurla davam etdirdi. Ölkəmizin iqtisadi qanunlarının və qərarlarının hazırlanmasında və Milli Məclisin müzakirəsinə verilməsində aparıcı rol oynayanlardan biri oldu. Bütövlükdə, Səttar Səfərovun Milli Məclisdə 10 illik fəaliyyəti dövründə parlamentdə ölkəmizin büdcə-vergi, pul-kredit siyasəti və iqtisadiyyatın digər sahələrinə dair 300-dən çox qanun layihəsi və ya qanunlarda dəyişikliklər və əlavələr müzakirə olunaraq qəbul edildi. Həmin sənədlər bu gün də Azərbaycan Respublikasının iqtisadi həyatının ən  müxtəlif sahələrində uğurla tətbiq olunur.

Diqqəti çəkən məqamlardan biriMilli Məclisdə dövlət büdcəsi layihəsinin vaxtında müzakirə edilərək təsdiqlənməsi idi. Səttar Səfərov xüsusən büdcə zərfinə daxil olan məsələlərin müzakirəsində həm aktiv, həm də həssas idi. Büdcə ilə bağlı qanun layihələrindəki kiçicik nöqsan da onun diqqətindən yayına bilməzdi. Büdcə zərfindəki bütün məsələlər "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmalı idi.

Səttar Səfərov Milli Məclisdə komissiya sədri kimi fəaliyyətini yalnız ölkəmizin iqtisadi qanunvericiliyinin formalaşdırılması və ya təkmilləşdirilməsi ilə məhdudlaşdırmırdı. O həm də siyasi fəaliyyətlə məşğul idi. 1995-2005-ci illər ərzində ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Səttar Səfərov beynəlxalq tədbirlərdə Milli Məclisi uğurla təmsil etməklə yanaşı, xarici səfərlərdə, ezamiyyətlərdə olarkən Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaq üçün səmərəli fəaliyyət göstərmişdir. O, istər xarici olkələrdə olarkən, istərsə də xarici dövlətlərdən gələn nümayəndə heyətləri ilə Milli Məclisdə görüşərkən Dağlıq Qarabağ məsələsini daim diqqət mərkəzinə çəkir, Azərbaycanın ədalətli mövqeyini izah etmək üçün zəruri işlər aparırdı.

Səttar Səfərov həm də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işci qrupunun sədri kimi uğurlu fəaliyyət göstərmişdir. Yeri gəlmişkən, alman parlamentariləri ilə Milli Məclisin deputatları arasında səmimi və işgüzar əlaqələrin yaradılmasında Səttar müəllimin xüsusi xidmətləri olmuşdur.

Səttar Səfərovun bir aliminsan kimi böyüklüyü onda idi ki, o, Milli Məclisdə fəaliyyəti dövründə yalnız qanun yaradıcılığı ilə kifayətlənmirdi. Heydər Əliyevin uğurlu inkişaf konsepsiyası sayəsində Azərbaycanın tərəqqi yoluna qədəm qoyması, 2003-cü ildən sonra Prezident İlham Əliyevin ulu öndərin siyasi yolunu uğurla davam etdirməklə ölkəmizin sürətli yüksəlişinə nail olması hər birimiz kimi Səttar Səfərovun da gözləri önündə baş verirdi. O, həm də inkişafa qanunvericilik baxımından verdiyi töhfələrlə sürətli tərəqqidə xidmətləri olan bir alim idi. Lakin Səttar Səfərov yalnız qanun yaradıcılığı ilə kifayətlənmir, qələmə aldığı monoqrafiyalarda da nəzəriyyəçi və alim kimi bu inkişafın izahını verirdi. Bu mənada Səttar müəllimin 2000-ci ildə qələmə aldığı "Siyasət strategiyası - konseptual əsaslar" və 2001-ci ildə yazdığı "Müstəqillik və iqtisadiyyat" monoqrafiyaları müstəqilliyimizin ilk 10 ilində Azərbaycanın keçdiyi inkişaf yolunun gələcək nəsillər tərəfindən öyrənilməsi baxımından hər zaman aktuallığını saxlayacaq.

2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dinamik və sürətli inkişafı müasir Azərbaycanın reallığına çevirmişdir. Məhz bu inkişafdan yaranan sevincqürur hissləri ilə yanaşı bu yüksəlişə alim baxışı Səttar Səfərovun "Yeni Azərbaycan. İqtisadiyyat. Siyasət. Dinamizm" (2003-cü il) və "Heydər Əliyev kursu. Yeni keyfiyyət halında: İqtisadiyyat, siyasət, dinamizm, problemlər, perspektivlər" (2005-ci il) monoqrafiyalarında yer almışdır.

Səttar Səfərov 2005-ci ildən sonra Dövlət İdarəçilik Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, ömrünün sonuna qədər bu ali təhsil ocağının iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının professoru vəzifəsində çalışmışdır. Görkəmli alim iqtisad elminin incəliklərini tələbələrə öyrətməklə yanaşı, Azərbaycanın dinamik inkişafına da biganə qala bilməmiş, "Yeni mərhələnin dinamikası" (2007-ci il) və "İlham Əliyev. Dinamik inkişafın uğurlu gələcəyin təminatçısı" (2008-ci il) monoqrafiyalarında Azərbaycanın sürətli inkişafı ilə bağlı alim kimi qənaətlərini bölüşmüşdür.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri ölkənin tanınmış simaları, peşəkar nəzəriyyəçiləri olurlar. Səttar Səfərov da ömrünün son illərini bu ali məktəbə bağlayan peşəkar iqtisad nəzəriyyəçisi kimi tələbələri öyrənməyə, düzgün istiqamətə yönəldən belə simalardan idi. Ona görə yaxından tanıdığım və əsl ziyalı həmkarım kimi xatırladığım Səttar müəllimlə bağlı fikir və düşüncələrimi bölüşmək mənim üçün olduqca xoşdur. Onun haqqında hər bir həmkarı və iqtisadçı alim istənilən qədər xoş və səmimi fikirlər söyləyə bilər. Çünki Səttar Səfərovun əziz xatirəsi onu tanıyanların, onunla birgə çalışanların, həyat və fəaliyyət yollarında birgə addımladığı insanların qəlbində daim yaşayacaqdır.

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 20 may.- S. 6.