AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Siyasi məhbuslar məsələsinə yenidən baxılması mövzusunda məruzələrin bölünməsi barədə qərar qəbul etmişdir

 

Mayın 21-də Parisdə AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirilmişdir. İclasda komitənin 28 üzvünün "Siyasi məhbuslar məsələsinə yenidən baxılması" mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilmişdir.

Bu barədə AzərTAc-a AŞ PA-nın həmin komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov məlumat vermişdir.

Deputat demişdir ki, hazırkı müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddətdə Avropa Şurasında ciddi müzakirə və mübahisələr mövzusu olmuşdur. Bu mübahisələrin kökündə isə "siyasi məhbus" anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri-müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.

Elxan Süleymanov bildirmişdir ki, aparılan işlər nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngimiş, Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edilmişdir. Lakin bəzi qüvvələrin səyləri nəticəsində məsələ yenidən gündəliyə gətirilmiş, 2009-cu ildə "Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi" və "Siyasi məhbus anlayışının müəyyən edilməsi" məruzələrinin birləşdirilməsi barədə qərar qəbul edilmiş, bu məruzələrin hazırlanması isə Kristof Ştrasserə həvalə olunmuşdur. Beləliklə, Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşmüşdü.

Milli Məclisin deputatı demişdir ki, komitə 2011-ci ilin oktyabr ayında yenidən məsələyə baxmış, məruzənin adının dəyişdirilərək, AŞ-nin üzvü olan dövlətlərdə "Siyasi məhbus məsələlərinə yenidən baxılması" adlandırılması barədə qərar qəbul etmişdir. Lakin Kristof Ştrasser "siyasi məhbus" anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirmişdir.

Nəhayət, K.Ştrasserin təşəbbüsü ilə komitə 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirmişdir. Dinləmələrə K.Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri "siyasi məhbus" anlayışının meyarlarının olmadığını diqqətə çatdırmışlar. Çıxış edən komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və "siyasi məhbus" anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkmişlər.

Elxan Süleymanov bildirmişdir ki, məsələ ətrafında yaranmış problemli vəziyyətdən çıxış məqsədi ilə AŞ PA-nın Hüquq Məsələləri Komitəsinin 28 üzvü mayın 10-da bu komitənin sədri Kristofer Çopa və Katibliyə müraciət göndərmişlər. Deputatlar müraciətlərində komitənin mayın 21-də keçiriləcək iclasında "Siyasi məhbuslar məsələsinə yenidən baxılması" mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş etmişlər.

Deputat vurğulamışdır ki, prosedur qaydalarına əsasən məsələ mayın 21-də keçirilən iclasın gündəliyinə daxil edilmişdir. Müzakirələr zamanı çıxış edən komitə üzvləri həmkarlarını məsələ ilə bağlı obyektivlik nümayiş etdirməyə və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olmaq üçün siyasi məhbusların izlənilməsi və "siyasi məhbus" anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciəti dəstəkləməyə çağırmışlar. Səsvermə nəticəsində məruzələrin bölünməsi barədə tarixi qərar qəbul edilmişdir.

Elxan Süleymanov bu qərarın qəbul edilməsini, eyni zamanda, Avropa Şurasına üzv dövlətlərin bir ailədə birləşdiyi Avropa məkanında nəhayət ki, Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirmişdir.

Sonda K.Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən deputat demişdir ki, komitənin bu qərarına əsasən, Avropa Şurasında ilk növbədə, "siyasi məhbus" anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir. Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq Məsələləri Komitəsinin 2012-ci il 21 may tarixli qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər.

 

 

Azərbaycan.- 2012.- 22 may.- S. 5.