Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər digər ölkələr üçün nümunə ola bilər

 

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər digər ölkələr üçün nümunə ola bilər.

Bu fikir aprelin 30-da Milli Məclisdə yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə keçirilən "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfransda səslənmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbiri açaraq demişdir ki, Avropa Şurasının "Uşaqlara qarşı zorakılıqla mübarizə" Proqramı çərçivəsində təşkil olunmuş konfransın məqsədi uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işləri təhlil etməkdir.

B.Muradova demişdir ki, Avropa Şurasının dünyada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı "Hər beşdən biri" kampaniyası Azərbaycanda da uğurla həyata keçirilir. Kampaniya çərçivəsində səylərin birləşdirilməsinə dair ölkə ictimaiyyətinə müraciət ünvanlanmış, müxtəlif tədbirlər görülmüşdür. Azərbaycan dövləti uşaqlara hərtərəfli qayğı göstərir və bu diqqət getdikcə artırılır. Bir sıra beynəlxalq qurumlar bu sahədə gördüyümüz işləri ciddi nailiyyət kimi qəbul edir və ölkəmizin model təcrübəsindən bəhrələnə bilərlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasının proqram əlaqələndiricisi Sevinc Fətəliyeva ölkəmizdə kampaniya çərçivəsində görülən işlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının müdafiəsi istiqamətində çox mühüm işlər görülmüşdür. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də uşaq və yeniyetmələrə, gənclərə xüsusi diqqət və qayğı göstərir. Onların problemlərinin həlli ilə bağlı xüsusi dövlət proqramları və milli fəaliyyət proqramı təsdiqlənmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlara, xüsusən də valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqət göstərilir.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos, "Ümidli gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Almaniyanın uşaq psixoloji mərkəzinin əməkdaşı Qalina Heinzelmann, Latviyadan olan ekspert-psixoloq Marina Daliba və başqaları kampaniyanın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, gələcək nəsil üçün təhlükəsiz həyat qurmaq hər birimizin vəzifəsidr.

Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev uşaq zorakılığına qarşı mübarizə istiqamətində görülən profilaktik tədbirlərdən danışmış, Azərbaycanda uşaq zorakılığının qarşısının alınması ilə bağlı milli strategiyanın uğurla həyata keçirildiyinimövcud qanunvericiliyin ildən-ilə təkmilləşdirildiyini qeyd etmişdir. O demişdir ki, zorakılığa məruz qalan uşaqlar üçün Reabilitasiya Mərkəzi, "Qaynar xətt" fəaliyyət göstərir. Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələrinin orta göstəricilərindən bir neçə dəfə aşağıdır. Hüquqi bazanın möhkəmləndirilməsi görülən işlərin səmərəliliyini artırır. Polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində islahatlar reallaşdırılır.

Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Respublika Uşaq Təşkilatının sədri, deputat Gülər Əhmədova çıxış edərək ölkəmizdə uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıqla mübarizə istiqamətində görülən işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr sırasında bu sahədə irəli sürdüyü təşəbbüslərinə və real müsbət nəticələrinə görə fərqlənir.

Tədbirin sonunda bəyanat qəbul olunmuşdur.

Bəyanatda uşaqlara qarşı yönəlmiş hər növ zorakılıq forması qətiyyətlə pislənilir gələcəkdə zorakılığın aradan qaldırılması istiqamətində aparılacaq birgə fəaliyyət dəstəklənir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.