Qadın və İnkişaf Mərkəzində akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır

 

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının resursu olan "Qadın və İnkişaf" Mərkəzində akademik, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu  ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, tədbirdə qadın təşkilatlarının üzvləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış ziyalılar, səhiyyə işçiləri, incəsənət xadimləri iştirak etmişlər.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışmış, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləmişdir.

Vaxtilə akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi kollektivdə çalışmış tibb işçisi, Bakı şəhəri üzrə Qadın Veteranlar Cəmiyyətinin sədri Zemfira Kərimova görkəmli alimin o dövrdə Azərbaycanda yayılmış traxoma və digər göz xəstəliklərinin effektiv müalicəsi üzrə apardığı araşdırmalar, yazdığı monoqrafiyalar barədə ətraflı məlumat vermişdir.

 Xalq artisti Şəfiqə Eyvazova, tanınmış musiqiçi-alim Zemfira Qafarova, Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini Bahar Qasımova, Ahılların Resurs Mərkəzinin rəhbəri Şövkət Xanməmmədova və başqaları yaddaşlarda daim yaşayacaq böyük insan, işıqlı ziyalı və görkəmli alim Zərifə Əliyeva haqqında fikirlərini bölüşmüşlər.

Sonda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Mahcamal akademik Zərifə Əliyevaya və onun timsalında analara həsr edilmiş şeirlərini oxumuş, digər iştirakçılar da bu mövzuda poeziya nümunələri səsləndirmişlər.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.