Akademik Zərifə xanım Əliyevanın yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir

 

Naxçıvan Tibb Kollecində Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda çıxış edən YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Ali Məclisinin deputatı Yazgül Rzayeva demişdir ki, Zərifə xanımın yaşadığı mənalı həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Konfransda muxtar respublika göz xəstəxanasının baş həkimi Səidə Hüseynova "Zərifə Əliyevanın həyatı və fəaliyyəti", YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının üzvü Şəhla Əhmədova "Alim ömrü, görkəmli həkim", Qadınlar Şurasının digər üzvü, Ali Məclisin deputatı Aidə Allahverdiyeva "Zəriflik nümunəsi", Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-oftalmoloqu Məhəmməd Vəliyev "Naxçıvanda oftalmoloji xidmətin təşkili və inkişafı" mövzularında məruzə etmişlər.

Bildirilmişdir ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularında çoxistiqamətli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, dəyərli elmi nəticələrə nail olmuşdur.

YAP Naxçıvan şəhər təşkilatının sədri, Ali Məclisin deputatı Elman Cəfərli konfransda yekun nitqi ilə çıxış etmişdir.

Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film və foto slaydlar nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.