Milli Məclisin iclasında Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı məsələ müzakirə edilmişdir

 

Dünən Milli Məclisin yaz sessiyasının növbəti  iclası keçirilmişdir. İclasın gündəliyinə 6 məsələ daxil edilmişdi.

Milli Məclisin Sədri Oqtay Əsədov ilk olaraq cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı. Müzakirələr zamanı deputatlar son zamanlar Almaniyanın bəzi mətbu orqanlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini və "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin hərəkətlərini pislədilər.

Deputat Azay Quliyev bildirdi ki, bəzi mətbu orqanlar Azərbaycanla Almaniya arasında əlaqələrin zəiflədiyi barədə məlumat yayırlar. Fikir səsləndirilir ki, Azərbaycan mediasında məqsədli şəkildə Almaniyaya qarşı yazılar dərc olunur. Bu, belə deyil. Bu yaxınlarda deputatlar Rövşən Rzayev, Çingiz Qənizadə, Aydın Abbasov və mən Almaniya Bundestaqında olduq. Bundestaq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Orada bizim mövqeyimizi müdafiə edən kifayət qədər deputat var. Hətta görüşlərdə də dəfələrlə fikirlər səsləndirildi ki, Azərbaycan Almaniya üçün tərəfdaş dövlət kimi çox vacibdir. Azay Quliyev onu da qeyd etdi ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 2 milyard dollar olub. Ancaq buna baxmayaraq, Almaniyanın bəzi mətbu orqanlarında Azərbaycana qarşı qarayaxmalar var. Belə yazılara səthi yanaşmaq olmaz. Bizi narahat edən odur ki, Almaniyada  "Yaşıllar fraksiyası" Azərbaycanla bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu cür məsələlərə xüsusi fikir vermək lazımdır.

Sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış etdi. O, AŞ PA -nın son sessiyasının iclasından danışaraq dedi ki, Azərbaycan həmişə AŞ PA qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bəzi qüvvələr var ki, Azərbaycanla bağlı öz subyektiv maraqlarını diktə etməyə çalışırlar. Bu hal xüsusi olaraq AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi almaniyalı deputat Kristofer Ştrasserlə bağlıdır. Onun mövqeyi doğru deyil. Ştrasser ancaq Azərbaycanda "siyasi məhbus" axtarışındadır.

S. Seyidov bildirdi ki, məsələ ilə bağlı K.Ştrasserə məktub yazıb, onunla açıq müzakirə aparıb. O, açıq şəkildə dedi ki, mən Azərbaycanda yalnız "siyasi məhbus" axtarışında olacağam. Bu bizim üçün qəbuledilməzdir. Əlimdə rəsmi sənəd var, beynəlxalq təşkilatlar Ermənistanda 55 nəfərin siyasi məhbus kimi həbsdə saxlandığını bildirirlər və həmin 55 nəfər Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa əsgər kimi göndərilməkdən imtina etdiklərinə görə həbs olunublar. AmmaPA-da bu faktı insan haqları məsələsilə bağlı əlaqələndirmirlər. Azərbaycana isə təzyiq edirlər. Azərbaycanı hədəfə götürmək istəyən elə qüvvələr var ki, onlar Avropa mediasından yararlanmağa çalışırlar. Azərbaycan öz öhdəliklərini həmişə həyata keçirib, biz həmişə açıq müzakirələrə hazırıq. Amma bizə qarşı qərəzli yanaşanları heç vaxt qəbul etmərik.

Kristofer Ştrasserin Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsini boykot etmək çağırışını isə Milli Məclisin Sədri Oqtay Əsədov belə cavablandırdı: "Bu onun səviyyəsini və Azərbaycana qərəzli yanaşdığını göstərir. Eyni zamanda Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzli yanaşır və Azərbaycanda "Eurovision"nun boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüququnu pozurlar, bir milyona yaxın məcburi köçkün və qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır".

Bununla bağlı  çıxış edən deputatlar da Kristofer Ştrasserin fikirlərinə kəskin etirazlarını bildirdilər. Deputat Çingiz Qənizadə dedi ki, Azərbaycana qarşı kampaniyanın başında Yaşıllar partiyası durur: "Üç il əvvəl bunu bizə Avropa Şurası Parlament Assambleyasında da bildirmişdilər". Deputat Fəzail İbrahimli isə sözügedən kampaniyanın arxasında erməni kapitalının da dayandığını söylədi.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov isə bildirdi ki, Azərbaycan və Almaniya arasında dostluq münasibətləri mövcuddur. Ancaq bununla belə, Almaniyanın bəzi mətbu orqanlarının fəaliyyəti Azərbaycana qarşı yönəlib: "Düşünürdüm ki, Almaniyanın Azərbaycandakı səfiri buna qarşı çıxan taktikaya üstünlük verəcək. Təəssüf ki, əksi oldu. İddia olunur ki, biz "Eurovision" müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini yüksəltməyə çalışırıq. Sual ortaya çıxır: bəs niyə onlar "Eurovision" müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini korlamağa çalışırlar? Pisdir, bunu niyə edirlər, yaxşıdır, bunu niyə irad tuturlar? Bakı şəhərində yararsız evlərdən insanların daha yararlı evlərə köçürülməsinə mənfi reaksiya verilir, bu, insanların evlərinin uçurulması kimi qiymətləndirilir. Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edirəm ki,  köhnə evlərin və həmin ev sahiblərinə verilmiş yeni evlərin fotoşəkillərini Almaniya səfirinə göndərsin".

Deputat Siyavuş Novruzov da Almaniya səfirinin fəaliyyətindən danışaraq, onun Azərbaycana qarşı kampaniyada iştirak etdiyini söylədi: "Almaniya səfiri Azərbaycanda sökülən evlərə etinasız qala bilmədiyini bildirir. Bəs, nə üçün Xocalı faciəsinə, Azərbaycan torpaqlarının işğalına etinasız qalır?"

Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı  məlum qüvvələrin "mənəvi jandarmlığın"ın xeyir gətirməyəcəyini vurğuladı: "Almaniya xalqı bu insanların cavabını verəcək".

Müzakirələrin sonunda Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycanla Almaniya arasında münasibətlər yüksək səviyyədədir və "Yaşıllar" fraksiyasının 16 deputatı Bundestaq demək deyil. Spiker parlamentin Almaniya ilə dostluq qrupuna sözügedən məsələ ilə bağlı aparmağı tapşırdı.

Sonra iclasda Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı müzakirələr başladı. Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi:

"Mən bununla bağlı siyasətçi kimi deyil, hüquqları pozulmuş məcburi köçkün kimi çıxış edirəm. Çıxışımı diplomatik qaydalara uyğun şəkildə qurmayacağam. Azərbaycan vətəndaşı olaraq, öz ev-eşiyini itirən məcburi köçkünlərdən danışacağam. Bu məsələdə mənim də hüquqlarım pozulub, məcburi köçkünəm və 20 ildir Şuşasız, Qarabağsız yaşamaq çox çətindir. Bu məsələ ilə bağlı 20 ildir beynəlxalq təşkilatlarla diplomatik qaydada danışıqlar aparılır. Amma çox təəssüf ki, Ermənistan-Azərbaycan münasibətlərində ikili standartlar vardır".

Bahar Muradova öz maraqlarını Azərbaycanın mənafeyindən üstün tutanları da pislədi: "Bu gün onları Şuşa, Qarabağ mübarizəsi aparmağa, iqtidarla yox, Azərbaycanın düşmənləri ilə mübarizə aparmağa çağırıram. Bölgədə sülhün əldə olunması üçün BMT, digər beynəlxalq təşkilatlar bu faktlara göz yummamalıdırlar. Bizdeyirik? İşğala münasibət bildirməyi, soyqırımı törədənlərin cəzalandırılmasını istəyirik.

Baxmayaraq ki, Azərbaycanın torpaqları işğal altındadır, dövlətimiz inkişaf edir, problemlərini öz maliyyə vəsaiti ilə həll edir. Bu, çoxlarının xoşuna gəlmir. Şuşanın işğalının ildönümündə mitinq keçirənlər bununla bağlı aksiya keçirsinlər. Azərbaycanda bəzi fərdlərin taleyini xalqın taleyi kimi qəbul etməyək, ümumi maraqları önə çıxaraq və hamımız da bunun arxasında duraq. Ananı balasından ayıranda hansı acını çəkirsə, torpaqlarından ayrılanlar da o acını çəkirlər. Biz soydaşlarımızı yurdumuza qaytarmalıyıq".

Vitse-spiker Şuşanın işğalının 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul etməyi də təklif etdi.

Spiker Oqtay Əsədov bununla bağlı  bildirdi ki, dünyanın ən nüfuzlu təşkilatları və  BMT-nin  Təhlükəsizlik Şurası əksər hallarda Azərbaycanın işğal olumuş əraziləri ilə bağlı sənədlər qəbul ediblər: "Onlar öz sənədlərinə hörmətlə yanaşmırlarsa, ikinci bir sənədin qəbul olunmasına heç bir ehtiyac yoxdur. Artıq bu, ikili standartları göstərir".

Deputat Aydın Mirzəzadə isə Kolumbiya Senatının Xocalı faciəsinin tanınması barədə qərar qəbul etdiyini diqqətə çatdırdı: "Ancaq nə Azərbaycanın Kolumbiyada, nə Kolumbiyanın Azərbaycanda səfirliyi var. Parlamentimizdə dostluq qrupu da yoxdur. Təklif edirəm Kolumbiya Senatına təşəkkür məktubu göndərilsin, parlamentdə Kolumbiya dostluq qrupu yaradılsın".

Milli Məclisin Sədri Oqtay Əsədov belə qrupun yaradılacağını bildirdi.

Sonra deputatlar Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Mübariz Qurbanlı, Aqil Abbas, Qənirə Paşayeva, Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Fərəc Quliyev, Astan Şahverdiyev çıxış edərək bildirdilər ki, Azərbaycanın artıq güclü ordusu var və istənilən vaxt Şuşa şəhəri erməni işğalından azad oluna bilər. Ancaq Azərbaycan hökuməti bu münaqişəni beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həllinə çalışır və həmin gün çox da uzaqda deyil. Deputat Zahid Oruc isə Şuşanın Azərbaycanın ikinci paytaxtı elan edilməsi təklifi ilə çıxış etdi. Deputat Siyavuş Novruzov diqqətə çatdırdı ki, bütün çıxışlar nəzərə alınaraq Milli Məclis adından Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət qəbul edilsin.

İclasda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar anma mərasimlərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyəti də xüsusi vurğulanmışdır.

Müzakirələrdən sonra Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul edilmişdir (müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunmuşdur).

Sonra iclasda iki qanuniki məcəlləyə - "Əhalinin sağlamlığının qorunması haqqında" və "Mühasibat uçotu haqqında" qanunlara, həmçinin Mülki ProsessualVergi məcəllələrinə dəyişikliklər edilməsinə dair qanun müzakirə edildi. Layihələr səsverməyə çıxarılaraq qəbul olundu. İclasda son olaraq "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verdi. Belə bir qanunun qəbulunda məqsəd əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləməkdir. Layihədə qeyd olunur ki, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.

Müzakirələr zamanı deputatlar Hikmət Atayev, Jalə Əliyeva, Fazil Mustafa, Tahir Rzayev, Siyavuş Novruzov, Leyla AbdullayevaElmira Axundova qanun layihəsinin qəbulunun vacibliyini qeyd etdilər. Bildirildi ki, bu qanun qüvvəyə mindikdən sonra əqli mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsində mühüm rol oynayacaq. Çıxışlardan sonra Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov suallara cavab verərək bəzi məsələlərə aydınlıq gətirdi. Yekunda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

 

 

 Azərbaycan.- 2012.- 2 may.- S. 2.