ABŞ Senatoru Rocer Uiker: Azərbaycan kimi sabit müttəfiq ilə əlaqə qurmaq olduqca müsbət haldır

 

 "Soyuq müharibə" bitdikdən sonra dünya dəyişərkən biz demokratiyanın gələcəyinə ümidlə baxırdıq. Son 20 ildə Azərbaycanın siyasiiqtisadi transformasiyası onu sübut edir ki, azadlıq vədi çətin, lakin olduqca güclü bir fenomendir".

Belə bəyanatla ABŞ senatoru Rocer Uiker Vaşinqtondakı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfransda çıxış etmişdir. Respublikaçı senator bildirmişdir ki, 225 illik tarixi dövründə Birləşmiş Ştatlar bir sıra ölkələr ilə tərəfdaşlıq və müttəfiqliklər qurmuşdur. Köhnə dostlara malik olmaq yaxşıdır. Amma hərdən sənin yeni dostların ən yaxşı dostlarına çevrilə bilər. Bu gün biz, ABŞ ilə Azərbaycan arasında 20 illik müttəfiqlik və dostluğu qeyd edir, əsas uğurlarımızı və qarşılaşdığımız çətinlikləri xatırlayırıq.

Senatın hərbi xidmətlər komitəsinin üzvü olan R.Uiker vurğulamışdır ki, Azərbaycan ABŞ ilə Kosovo, Əfqanıstan və İraq kimi qaynar yerlərdə terrora, kütləvi qırğın silahlarının yayılmasına və digər təhdidlərə qarşı birgə mübarizə aparır. Eyni zamanda, Azərbaycan  Əfqanıstanda NATO qüvvələrinin təchizatı üçün istifadə olunan mühüm nəqliyyat dəhlizinin bir hissəsidir. "Biz Azərbaycanın gündən-günə artan nüfuzuna sevinirik. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yerə malikdir", - deyə senator qeyd etmişdir.

Təmsil etdiyi Missisipi ştatının ABŞ-ın digər ştatları kimi Azərbaycan ilə yaxşı münasibətlər qurduğunu vurğulayan senator demişdir: "Missisipi ilə Azərbaycan ticarət münasibətlərini inkişaf etdirərək iki ölkə arasında iqtisadi əməkdaşlığa töhfə verməkdə davam edəcəkdir. Zəmanəmizin ən başlıca məsələlərindən biri - energetikaya gəldikdə isə neftqaz kəmərləri ilə Azərbaycan qlobal enerji bazarında liderliyinienerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir. Olduqca strateji bölgədə yerləşərək Azərbaycan müsbət amil kimi xidmət edir".

ABŞ ictimaiyyətinin ölkələrimiz arasında müttəfiqlik barədə məlumatının hələ də az olduğunu deyən senator Azərbaycanı amerikalı məktəblilərə, universitet tələbələrinə daha geniş şəkildə təqdim etməyin vacibliyini vurğulamışdır. Tərəflər arasında anlaşmanı artırmaq məqsədi ilə daha çox tələbə mübadiləsinə çağıran R.Uiker Azərbaycana ABŞ ilə qurduğu dostluq münasibətlərinə görə minnətdarlığını bildirmişdir. O, "Azərbaycan kimi sabit müttəfiqlə əlaqə qurmaq olduqca müsbət haldır", - deyərək çıxışını yekunlaşdırmışdır.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 2 may.- S. 4.