Birlikdə bacararıq” fotomüsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Mayın 1-də İçərişəhərdəki "Art Garden" İncəsənət qalereyasında "Mədəni irsimiz - tarixi dəyərimiz" müsabiqəsi çərçivəsində 2020-ci il Yay Olimpiadasının Azərbaycanda keçirilməsi iddiasına dəstək olaraq "Birlikdə bacarırıq" adlı fotomüsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva müsabiqənin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, artıq on dörd ildir Avropa Şurasının  "Beynəlxalq mədəni irs fotoqrafiya təcrübəsi" layihəsinin Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi, ölkəmizin zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanması məqsədi ilə respublikanın əksər regionlarını əhatə edən gənc fotoqraflar arasında "Mədəni irsimiz - tarixi dəyərimiz" müsabiqəsi keçirilir. Müsabiqədə qalib gəlmiş fotoşəkillər hər il İspaniyanın Barselona şəhərinə göndərilir və dünyanın əksər ölkələrində təşkil edilən sərgilərdə nümayiş olunur. Eyni zamanda, həmin fotoşəkillər tədbirin ümumi kataloqunda nəşr olunur.

Bu il müsabiqənin Azərbaycanda "Birlikdə bacararıq" adı  altında keçirilməsi simvolik xarakter daşıyır. Ona görə ki, məhz bu  il 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün müraciətlə  bağlı əsas tədbirlər həyata keçirilir.

Çıxış edənlər 2020-ci il Yay Olimpiadasının Azərbaycanda keçirilməsinə dair arzularını ifadə etmişlər. 

Sonra qaliblər mükafatlandırılmışlar.

Müsabiqəyə təqdim olunmuş 500-ə qədər fotoşəkildən seçilmiş 100  foto sərgidə nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 2 may.- S. 4.