Azərbaycanda sahibkarlığın inkişafı ümummilli liderin adı ilə bağlıdır

 

Azərbaycanın özü qədər əbədi

 

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı ziddiyyətlər burulğanından xilas etdi. Dünyada gedən siyasi proseslərə yaxından bələd olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat tərzi başlandı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması ölkədə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, insanların  həyat səviyyəsinin yaxşılaşdırılmasına da zəmin yaratdı.

Müasir Azərbaycan tarixində qazanılan ən böyük uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, bunun dəqiq taktika və strategiyasını müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir.

Onun rəhbərliyi altında dövlət idarəetmə sistemində və iqtisadi  sahədə aparılan kompleks islahatlar ölkədə bütün sahələrin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Müasir Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

İqtisadiyyatın ümumi inkişafı ilə yanaşı ölkənin aqrar sahəsinin də inkişafı daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Hələ, 1994-cü il dekabrın 10-da keçirilmiş "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən ümummilli lider demişdir: " ... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xüsusən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir." Belə də oldu. Ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və digər xidmətlər göstərən strukturlar yaradılmışdır.

1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Məhz görülən bu tədbirlərin nəticəsidir ki, bu gün  Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsi layihəsinin hazırlanmasına başlanmışdır. Vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım Vergi Məcəlləsinin qəbul edilməsi oldu. Bu, müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi, iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneələr  törədirdi. Buna görə də bu problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa  müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. İlk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət  mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər görülmüşdür.

Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm elementlərindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarətinin, o cümlədən vergi nəzarəti sisteminin tətbiqidir. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsiz vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində respublikada bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosialyönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulmuşdur.

Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində təkcə 2011-ci il  ərzində  94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Ümumilikdə isə son illərdə respublikada bir milyondan çox yeni iş yerinin açılması ölkədə  qeyri - neft sektoruna, o cümlədən kənd təsərrüfatına göstərilən diqqətin sayəsində mümkün olmuşdur. 2012-ci  ilin birinci rübündə isə 24 min  yeni iş yeri açılmışdır ki, onun da 20 mini daimidir.

28 fevral 2012-ci il tarixdə "Bakı Ekspo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq keçirilən zona müşavirələrinin iştirakcısı kimi bir daha şahid olduq ki, istər dövlət qurumları, yerli icra orqanları, istərsə də sahibkarlar proqramın icrasına əzmkarlıqla yanaşırlar. Proqramda dəyişiklik və əlavələr barədə  yerlərdən xeyli təklif və təşəbbüslər də səsləndi.

II Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları  bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır.

Görülmüş işlərin nəticəsidir  ki, 2011-ci il ərzində ölkənin strateji valyuta ehtiyatları artaraq 43 milyard dollar səviyyəsinə çatmış, ümumi daxili məhsul istehsalı 0,2 faiz artaraq 45,5 milyard manat, adambaşına düşən həcmi  5,5 min manat, orta aylıq əməkhaqqı isə 363 manat təşkil etmişdir. Əhalinin pul gəlirləri 17,6 faiz artmışdır. 2003-cü ildə əhalinin adambaşına düşən gəlirləri inflyasiyanı 11,3 faiz üstələdiyi halda, 2011-ci ildə əhalinin pul gəlirləri inflyasiyanı 2 dəfə üstələmiş, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artmışdır. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 47 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. Milli iqtisadiyyatımız nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektorunda 9,4 faiz artım qeydə alınmışdır.

Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6 milyard dollar, 2011-ci ildə isə 20,0  milyard dollar sərmayə qoyulmuşdur. Təqdirəlayiq haldır ki, ölkə iqtisadiyyatına qoyulmuş investisiyanın 13 milyardı daxili investisiyalardır.

2012-ci ilin birinci rübündə orta aylıq əməkhaqqı ötən illin müvafiq dövrü ilə müqayisədə 8,5% yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9% artaraq 7,2 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlir 12,3 % artmış, inflyasiya 3,1% olmuşdur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də bu işdə sahibkarlara kömək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmışdır və hazırda onun həyata keçirilməsi sahəsində iş aparılır.

Aprelin 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası göstərdi ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir. Tədbirdə qeyd olunduğu kimi, dövlətin dəstəyi nəticəsində ötən illə müqayisədə qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 30,6%, o cümlədən xarici investisiyalı sahibkarların sayı 4,8% artmışdır. Qeydiyyata alınmış sahibkarların 57,5% regionların payına düşür.

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200,0 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amillərindən  asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Bu il qeyri-neft sektorunda ümumi daxili məhsulun 7,7 faizlik və qeyri-neft sənayesinin 16,5% artımının  baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun 85%-i özəl sektorda istehsal olunur. Bu uğurların qazanılmasında Azərbaycan sahibkarlarının, eyni zamanda ASK-nın da öz töhfəsi olmuşdur.

Vaxtilə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi  bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".

Bu gün bir daha bildirmək istəyirəm ki, konfederasiyanın üzvləri daim ölkə sahibkarlarına, o cümlədən konfederasiyaya ulu öndər tərəfindən verilən yüksək qiymətə layiq olmağa calışır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkədə iş adamlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə  5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

2001-ci ildən etibarən, konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayıb. Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bir sıra nüfuzlu Beynəlxalq Təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin üzvlüyündə təmsilçiliyi davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir.

Azərbaycan hökuməti ilə razılaşmaya əsasən 2012-2013-cü illər üzrə Baş Kollektiv Saziş 6 mart 2012-ci ildə imzalanmışdır. Bu yeni sənəd də sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, inkişafına kömək edəcəkdir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində də fəal iştirak edirik. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik  Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında "Təhlükəsiz və Sağlam əmək şəraiti" üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması haqqında Qərar imzalanmış və onun əsasnaməsi təsdiq edilmişdir. Təhlükəsiz və Sağlam əmək şəraiti bütün səviyyələrdə sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir və yeni yaradılmış şura bu istiqamətdə vacib platforma olacaq.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, qarşıdakı 10 ildə qeyri- neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını nəzərdə tutur. Qarşıda  duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini qərarlaşdırmışdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, digər beynəlxalq qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə  2011-ci il ərzində ölkə sahibkarlarının iştirakı ilə  Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə də Özbəkistanın Daşkənd şəhərində xaricdə ilk dəfə olaraq milli sərgi təşkil olunmuşdur. Qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş sərgilərdə Azərbaycan sahibkarlarının iştirakı təmin edilmişdir.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə respublikada 144 belə tədbir keçirilmişdir ki, onlardan 80-ni regionlarda yerli iş adamlarının iştirakı ilə  təşkil edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya  və işin qurulması mexanizmlərini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə keçmək üçün  göndərilmişlər.

Keçən müddət ərzində konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin komissiyaları və təşkilatları ilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

2011-ci ildə Türkiyə, Qazaxıstan, Azərbaycan və Qırğızıstanın daxil olduğu Türkdilli ölkə rəhbərlərinin Astanada keçirilən zirvə görüşü çərçivəsində həmin ölkələrin Əməkdaşlıq Şurası yaradılmışdır. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Şurada və onun işçi qruplarında ölkəmizi özəl sektor adından təmsil edir.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi, səfir Xəlil Akıncı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirmiş, həmçinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Türkiyənin Diş Ekonomik ilişkileri kurulu (DEİK), Özbəkistanın Ticarət Sənaye, Auditorlar, Fransa-Azərbaycan ticarət palataları, İteka Caspian MMC, Azərbaycan Banklar Assosiasiyası, Polşa, Latviya, Litva işəgötürənlər konfederasiyaları, Azərbaycan Mikromaliyyə, Gürcüstan işəgötürənlər və Gəncə şəhər sahibkarlar assosiasiyaları və "Marketinq  Mütəxəssislər" ictimai birliyi ilə əməkdaşlıq müqavilələri imzalanmışlar. Hazırda bu qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki tərəf  bəhrələnməkdədir.

İran,Türkiyə, Küveyt, Misir, Pakistan, İtaliya, Macarıstan, Rusiya, Yunanıstan, Almaniya, Çin, İsveçrə, Mərakeş, Belarus, Hindistan, Fransa, ABŞ, Koreya və digər ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərdə konfederasiyanın nümayəndələri iştirak etmiş, Azərbaycan sahibkarları ilə bu ölkələrdə çalışan sahibkarlar arasında işbirliyinin qurulması və inkişaf etdirilməsi üçün tədbirlər görülür.

2012-ci ilin birinci rübündə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun xətti ilə yerli və xarici iş adamlarının, habelə beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.

Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir. Bu məqsədlə konfederasiyanın nümayəndə heyəti Biznes Şurasının Serbiyanın Belqrad şəhərində keçirilən yığıncağında iştirak etmişdir. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq davam etdirilir.

Konfederasiya ölkədə  və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakına önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir. Sahibkarlar üçün Avropa profilli Yunanıstan Şirkətinin "Milli Konfederasiya Bürosuna və TƏS-in icrasına dəstək layihəsi" ilə birlikdə rəqabətə davamlılıq və iş yerlərinin təhlükəsizliyi  mövzularında seminarlar keçirilmişdir. Sahibkarların  maarifləndirilməsinin təşkili məqsədilə konfederasiya tərəfindən "ABŞ texnikasının və texnologiyasının Azərbaycanın kənd təsərrüfatında tətbiqi" mövzusunda da seminar keçirilmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq - Vorpemmern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda 3 illik layihəni müvəffəqiyyətlə başa çatdırmışdır. Əhəmiyyəti nəzərə alınaraq layihənin 2-ci mərhələsinin daha 3 illiyə uzadılması ilə bağlı sənəd imzalanmışdır.

Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsi, hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik faəliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.

Layihə çərçivəsində əmək qanunvericiliyi, əməyin mühafizəsi, assosiasiyaların təşkili və digər mövzular üzrə həm baş ofisdə, həm də regionlarda sahibkarlarla 6 seminar keçirilmişdir.

Bu ilin aprel ayının 12-də Avropa İttifaqı Texniki Yardım Layihəsi çərçivəsində "Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyə dair" seminarda ASK-nın iştirakı çox əhəmiyyətli olmuşdur.

Artıq bu ilin yanvar ayından etibarən ASK BƏT-in "Böhrandan uyğun və təhlükəsiz işə" adlı layihə sənədinə qoşulmuşdur. Layihə 2013-cü ilin dekabr ayına qədər nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində işlə bağlı davamlı regional inkişaf və sosial ədalət, milli peşəkar təhlükəsizliyin və səhiyyə sisteminin modernləşdirilməsi, sosial müdafiə və sosial təhlükəsizliyin təmin olunmasıdır.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2012-ci və növbəti illərdə daha da güclənəcəkdir.

Sahibkarlar Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq subyektlərinin maraq və mənafelərinə uyğun olaraq milli səviyyədə sosial-iqtisadi siyasəti həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə əməkdaşlıq əlaqələrini genişləndirir, sahibkarların sahə və regional ictimai təşkilatlarının yaradılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, sosial tərəfdaşlıq və əməkdaşlıq praktikasının gücləndirilməsinə köməklik edir".

Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız bundan sonra da bu işdə səy və biliklərini əsirgəməyəcək, ölkəmizin çiçəklənməsi naminə daha böyük əzmkarlıq göstərəcəklər.

 

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası

Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının

prezidenti

 

Azərbaycan.- 2012.- 3 may.- S. 4.