Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Əsl məhəbbət haqqında" sənədli filmin təqdimatı olmuşdur

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)  ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə kinorejissor Vaqif  Mustafayevin ulu öndərə həsr edilmiş "Əsl məhəbbət haqqında" sənədli filminin təqdimatı keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ümummilli lider  Heydər Əliyevin dövlətçilik irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirmiş, ulu öndərin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun həyat və fəaliyyətinin tədqiq olunmasının böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Rektor Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə  inkişaf etməsindən, dövlətimizin Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına diqqət və qayğısından danışmışdır.

Akademiyada qonaq olan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Avrasiya TeleviziyaRadio Akademiyasının  birinci vitse-prezidenti, kinorejissor Vaqif Mustafayevin Azərbaycanda kino sənətinin inkişafındakı xidmətlərindən danışmış, ümummilli liderdən bəhs edən sənədli filmin tərbiyəvi əhəmiyyətini vurğulamışdır. Rektor həmçinin Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu bir çox filmlərin, xüsusilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar çəkdiyi silsilə sənədli filmlərin böyük maraqla qarşılandığını bildirmişdir. Belə tədbirlərin gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasına müsbət təsirlərini qeyd etmişdir.

Vaqif Mustafayev DİA-da ilk dəfə nümayiş olunacaq sənədli filmin yaranma tarixindən danışmış, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş və filmdə ulu öndərin öz səsinin lentə alınmasını nadir sənət əsəri kimi səciyyələndirmişdir. Ölkəmizdə mədəniyyətin inkişafına, kino sahəsinə göstərilən dövlət qayğısından danışan rejissor gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Sonra Vaqif Mustafayevin ulu öndərə həsr edilən filmi göstərilmişdir.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 7.