Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr mövzusunda konfrans keçirilmişdir

 

 Mayın 2-də "Avropa" otelində 5 may -  Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Azərbaycan üzrə direktoru, qeyri-hökumət təşkilatlarının, əlil təşkilatlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

Konfrans AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Azərbaycan Əlil Təşkilatları İttifaqının, ABA CEELİ və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə keçirilmişdir.

Ombudsman Elmira Süleymanova bildirmişdir ki, 5 may -  Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Günü  Avropada 19-cu dəfədir ki, qeyd olunur. Bu illər ərzində  Azərbaycanda da bu gün hər zaman diqqət mərkəzində saxlanılmışdır.

Elmira Süleymanova qeyd etmişdir ki, dünyada 650 milyondan çox əlil olan insan vardır. Azərbaycanda əlilliyi olanların sayı 425 mindir ki, bunların da 61 mini uşaqlardır. Bildiyiniz kimi, 20 illik müstəqillik dövründə Azərbaycanda nəinki iqtisadi, sosial sahələrdə, eyni zamanda, insan hüquqları sahəsində də islahatlar həyata keçirilmişuğurlar əldə edilmişdir. Qanunvericilik bazası möhkəmləndirilmiş, bu qanunların icrası üçün mexanizmlər təkmilləşdirilmiş, eyni zamanda, yeni mexanizmlər yaradılmışdır.

BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının əhəmiyyətini vurğulayan E.Süleymanova bildirmişdir ki, dövlətimiz sözügedən sənədi ratifikasiya etməklə əlillik əlamətlərinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam həyata keçirilməsini təmin və təşviq etməyi bir öhdəlik kimi üzərinə götürmüşdür.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva demişdir ki, dövlət başçısı İlham Əliyev tərəfindən əlillərə çox böyük diqqət və qayğı göstərilir. Fiziki imkanları məhdud olan insanlara qayğı göstərilməsi ilə bağlı bir sıra mühüm işlər görülür. Əlil insanların   cəmiyyətin həyatında aktiv iştirakı və bütün imkanlardan tam bərabərhüquqlu istifadə etmələri üçün konkret tədbirlər görülür, layihələr həyata keçirilir.

Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Robert Stir, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard mövzu ilə bağlı çıxış edərək Azərbaycanda əlillərə göstərilən diqqət və qayğını, onların problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikası qanunvericiliyində əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi barədə", Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycanda sosial dövlət quruculuğu - əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin mühüm amili kimi", əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Əlilliyi olan şəxslərin sosial müdafiəsi və qarşıda duran vəzifələr" mövzularında məruzələr etmişlər.

Bildirilmişdir ki, ölkəmizdə əlillərə qarşı dövlət tərəfindən göstərilən qayğı yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əlaqədar qurumlar bu istiqamətdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əlillərin sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Konfransda digər çıxış edənlər əlillərin hüquqları üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi perspektivləri, əlilliyi olan insanların məşğulluq problemlərinin həlli və qarşıda duran vəzifələr, bu insanların məşğulluq problemlərinin həllində inklüziv təhsilin rolu barədə danışılmış, mövzu üzrə müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 8.