Səbaillilərin ənənəvi gül bayramı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə paytaxtın Səbail rayonunda keçirilən ənənəvi  "Gül bayramı" ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrildi.

Müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibətilə Səbail rayonunda genişmiqyaslı tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulub. Bu əlamətdar günlə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ali, orta və məktəbəqədər təhsil müəssisələrində anım mərasimləri, bilik olimpiadaları, şeir, mahnı, rəsm, inşa yazı müsabiqələri, sərgilər, idman yarışları keçirilir, ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş  Tədbirlər Planına uyğun olaraq şəhərin mərkəzindəki "Sahil bağı"nda ənənəvi olaraq əzəmətli "Gül bayramı" keçirilib. Azərbaycanın və eləcə də dünyanın müxtəlif guşələrindən gətirilmiş ətirli güllərdən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar "Sahil bağı"nı nəhəng bir xalçaya çevirmişdi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin İqtsadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri "Sahil bağı"nı gəzərək maraqlı gül ekspozisiyaları ilə tanış olublar. Paytaxtın mərkəzindəki parkda qurulmuş əzəmətli fəvvarələrin qarşısındakı gözəllik ümmanında səfərə hazır vəziyyətdə olan  al-əlvan güllərlə bəzədilmiş memar Ramiz Xəlifəliyevin hazırladığı "Səbail" gəmisi ötüb-keçənlərin heyranlığına səbəb olurdu.

Tələbə, şagird və kiçikyaşlı uşaqların hazırladıqları əl işlərinə baxış keçirilmiş və fərqlənən əl işlərinin müəlliflərinə RİH-nin hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 9.