Milli iqtisadiyyatın sürətli inkişaf edən sektorundan biri informasiya texnologiyalarıdır

 

 "Eurovision-2012" yarışmasında ən müasir naviqasiya sistemi tətbiq olunacaq

 

Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində isə bu sürət daha dinamik əhatəlidir. Çünki bu sahə sosial-iqtisadi sistemin bütün sahələrinə insanların həyatına sürətlə nüfuz edərək fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. İnformasiya texnologiyalarının inkişafı "e-hökumət"in formalaşdırılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb.

"Elektron hökumət" vətəndaşların müraciətlərinə operativ baxılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, elektron xidmət göstərilməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına, vətəndaşların və biznes qurumlarının bu xidmətdən istifadəsinə geniş imkanlar yaradır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirdilər ki, "E-hökumət" layihələrinin həyata keçirilməsi uğurla davam etdirilir. İndiyədək təhsil, səhiyyə, ədliyyə, daxili işlər, vergilər, gömrük, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və sair informasiya resursları dövlət orqanlarının formalaşdırılması, elektron bəyannamələrin, hesab-fakturaların, ali təhsil müəssisələrinə və dövlət qulluğuna test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması sahəsində mühüm işlər görülüb.

Ölkə Prezidenti İlham Əliyevin "Dövlət qurumlarının "Elektron xidmət" göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələrək Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə "e-xidmət"lərin göstərilməsi qaydaları və "e-xidmət" növlərinin siyahısı təsdiq edilib. Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarların və yerli investisiya hüquqi şəxslərin elektron qeydiyyatı, Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortalananlar barədə məlumatların elektron qəbulu da bu fərmanın nəticəsidir. Məlumatda qeyd olunur ki, Coğrafi İnformasiya Sistemi "E-hökumət" həllərində tətbiqi önəmli məsələdir və şübhə yoxdur ki, dövlət qurumları bu sistemdən faydalanacaqlar.      

Hazırda İKT milli iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sektorudur.

Mobil rabitənin əhatə dairəsinə görə Azərbaycan dünyanın 142 ölkəsi arasında ilk sıradadır. Ölkəmizin mövqeyi son 1 ildə 39 pillə yüksəlib. Bu barədə məlumat Dünya İqtisadi Forumunun informasiya texnologiyaları barədə açıqladığı son hesabatda da yer alıb. Orada bildirilir ki, Azərbaycan ötən il 138 ölkə arasında 40-cı yerdə idisə, bu il 142 ölkə arasında birincidir. Sosial şəbəkələrdən istifadəyə görə ölkəmiz MDB ölkələri arasında da liderdir. Azərbaycan informasiya texnologiyaları ilə bağlı bir çox məsələlərdə dünya ölkələri arasında ön sırada yer alır. Yəni, dünyada orta göstəricini 35 faiz qabaqlayır. Mobil rabitənin tarifinə görə 142 ölkə arasında 22-ci, internet tariflərinə görə 26-cı, İKT-ni ölkədə prioritet sahə hesab edən dövlətlər arasında 30-cu, sosial şəbəkələrdən istifadəyə görə isə 33-cü sırada qərarlaşıb. Bu istiqamətdə tutduğu mövqeyə görə Azərbaycan bir çox ölkələri üstələyir. Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən ildəkindən 2.5 dəfəyə qədər çoxdur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 2004-2010-cu illərdə Azərbaycanda İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricilərini 2.5-3 dəfə qabaqlamış, bu sahədə özəl sektorun payı 80 faizə çatmışdır. Bu gün Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir. Geostasionar peyklərin orbitə çıxarılması ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə olacaq.   

İnformasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektualelmi potensialının, demokratiyanın inkişafının əsas göstəricisidir. Bakıda keçiriləcək dünyanın ən mötəbər musiqi yarışması olan "Eurovision-2012" mahnı müsabiqəsinə sayılı günlər qalıb. Paytaxtımızda bu ciddi tədbirə hazırlıqların son günləridir. Bu hazırlıqlardan birixarici qonaqların şəhərimizdə sərbəst gəzməsi üçün ən müasir naviqasiya sisteminin tətbiqi ilə bağlıdır. Xatırladaq ki, naviqasiya sistemi hər hansı bir obyektin koordinatını müəyyənləşdirməyə və ya getmək istədiyin ünvanın yerini dəqiq şəkildə göstərməyə kömək edən elektron köməkçidir, daha anlaşılanı elektron xəritədir. Bunun üçün mobil telefonlarayaxud bu məqsədlə hazırlanan qurğulara elektron xəritələr və müvafiq proqramlar yüklənir. Əgər əvvəlcə naviqasiya proqramında müəyyən marşrut seçilmişdirsə, istifadəçinin bu marşrut üzərindəki hərəkəti görünür. Əks halda, həmin nöqtə, sadəcə olaraq, tutduğu koordinata görə müəyyənləşir və xəritədə əks olunur.

Qeyd edək ki, hazırda ölkə ərazisinin, o cümlədən paytaxtın elektron xəritəsini hazırlayan və naviqasiya sistemlərini tətbiq edən bir neçə şirkət fəaliyyət göstərir. "Kristal Zal"ın və həmçinin inşası davam etdirilən bir neçə yeni tikililərin də koordinatları bu xəritəyə daxil edilib. Hazırda dünyada üç böyük naviqasiya sistemi mövcuddur. Bunlar ABŞ-ın GPS ("Global Positioninq System"), Rusiyanın "Qlonas" və Avropanın "Qalileo" sistemləridir. Dünyada daha çox məşhur olanı isə ABŞ-ın GPS sistemidir. Mütəxəssislərin rəylərinə görə, bu sistem digərlərinə əsasən həm dəqiq, həm də iqtisadi baxımdan səmərəlidir. GPS hərəkət edən obyektin koordinatorlarını bir neçə metr dəqiqəliyi ilə müəyyən etməyə imkan verən peyk naviqasiya sistemi kompleksidir. Ölkəmizdə də əsasən ABŞ-a məxsus GPS naviqasiya sistemindən istifadə olunacaq. Güman etmək olar ki, naviqasiya sistemi mühüm tədbir zamanı Bakını "Eurovision-2012"nin iştirakçılarına və turistlərə yaxından tanıdacaq və sevdirəcək.

Göründüyü kimi, ölkəmiz informasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu heç kimdə şübhə doğurmur. Görülən işlər deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 5 may.- S. 9.