Gənc nəsil ulu öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və məhəbbət bəsləyir

 

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil etdiyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda publisistik məqalə müsabiqəsinə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, aprelin 1-dən 30-dək davam edən müsabiqədə aliorta ixtisas təhsil müəssisələrinin tələbə və şagirdləri iştirak etmişlər. 

Mayın 4-də Azərbaycan Müəllimlər İnstitutunda müsabiqənin yekunlarına həsr edilmiş mükafatlandırma mərasimi keçirilmişdir.

AQUPDK-nın sədri Hicran Hüseynova ənənəvi xarakter almış bu müsabiqəyə marağın ildən-ilə artdığını qeyd etmişbildirmişdir ki, müsabiqənin məhz gənclərin arasında keçirilməsi çox əhəmiyyətlidir, çünki əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin gələcəyi gənclərin inkişafından, milli-mənəvi dəyərlərə bağlılığından asılıdır. Müsabiqənin adı da təsadüfən seçilməmişdir, ümummilli liderin kəlamına əsaslanan və onun həyata keçirdiyi siyasətin təməli olan azərbaycançılıq ideologiyası hər bir vətəndaşımızın Azərbaycana sevgisini təcəssüm edir. Ümummilli lider vətənpərvərlik idealı kimi gənc nəsil üçün parlaq örnəkdir. Hər bir sağlam düşüncəli gənc Vətənə bağlı, milli dəyərlərə hörmət edən vətəndaş olmalıdır. Bu baxımdan gənclərin müsabiqədə fəal iştirakı onların Heydər Əliyev ideyalarına sədaqətini nümayiş etdirir.

Müsabiqədə 20-dən çox ali məktəb tələbələrinin təmsil olunduğunu qeyd edən H.Hüseynova demişdir ki, müsabiqəyə təqdim olunmuş yazıları oxuyarkən bir daha əmin olduq ki, Azərbaycanda gənc nəsil Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və məhəbbət bəsləyir.  H.Hüseynova qeyd etmişdir ki, bir çox yazılarda tələbələr Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayırlar. Bu da təbiidir, çünki bu Fond ulu öndərin ideyalarını və tövsiyələrini yaşadan nüfuzlu bir təşkilata çevrilmişdir. 

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin irsinin gənc nəsillərə çatdırılmasının və bu sahədə elmi axtarışların aparılmasının vacibliyini nəzərə çatdırmışdır. A.Naxçıvanlı ümummilli liderin gənc nəslə daim diqqət və qayğı ilə yanaşdığını xatırlatmışdır. 

Heydər Əliyev gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında layiqli yer tutmalarına, milli kadr kimi formalaşmalarına ciddi önəm verirdi. Ulu öndərin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də gənclər üçün əsl həyat məktəbidir. Hələ ötən əsrin ortalarından başlayaraq azərbaycanlı kadrların hazırlanmasına diqqət yetirən ulu öndər müstəqillik illərində də bu məsələni unutmamışdır.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının inkişafında və yüksəlişində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.

Çıxışlarda bildirilmişdir ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasiiqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz Heydər Əliyevin qayıdışından sonra  ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrində dəyişikliklər baş vermiş, iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçmişdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə onun dünyada artan nüfuzundan xəbər verir.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmə və musiqi nömrələrinə baxmışlar.

Sonda müsabiqə qalibləri mükafatlandırılmışlar.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 10.