Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin və Lənkəran Rayon Məhkəməsinin müraciətləri əsasında konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlərin  nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul etmişdir.

Qərarda deyilir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin "icra məmurunun olduğu yerin məhkəməsi" müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.  

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 11.