Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan

 

Azərbaycanın özü qədər əbədi

 

  Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin ötən  illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, şərəfli bir missiyanı üzərinə götürən ulu öndərin öz xalqı, vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu öndər həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənib, arxalanıb. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf yoluna çıxdı.

Azərbaycanın müasir tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyev şəxsiyyətindən qaynaqlanır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişafintibah mərhələsinin başlanğıcını qoyub. 1969-cu ildə respublikamıza rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan ittifaqın tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan, daim inkişaf edən respublikaya çevrildi. Məhz Heydər Əliyevin böyük səyi və qətiyyəti sayəsində həmin dövrdə ittifaq hökuməti Azərbaycanda xalq təsərrüfatının hərtərəfli yüksəlişini və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdir. Xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illərdə və daha sonrakı perspektivdə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir. Həyata keçirilən qlobal miqyaslı işlər sayəsində 1976-1980-ci illərdə Azərbaycan artıq sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxmışdı. XX əsrin 70-80-ci illəri Azərbaycan tarixinə, sözün əsl mənasında, intibah dövrü kimi daxil olmuşdur.

Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında ən qabaqcıl yerlərdə idi. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı. Yalnız sosial-iqtisadi yüksəliş deyil, o dövrdə milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin misilsiz xidmətlərindəndir.

Heydər Əliyevin fəaliyyəti dövründə əsas diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda dövlət dili siyasəti idi. 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanılması istiqamətində nümayiş etdirdiyi rəşadəti xatırlatmaq kifayətdir. Bu mənada Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkdi, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olacağını qabaqcadan hiss edərək, buna lazımi zəmin formalaşdırmaq üçün əzmkarlıq və uzaqgörənliklə fəaliyyət göstərirdi. Ulu öndərimizin respublika rəhbərliyinə gəlişi ilə başlanmış vüsətli tərəqqi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatımızda köklü dəyişikliklərlə müşayiət olunmuş, xalqımızın adət-ənənələrinin daha da zənginləşməsinə, milli mənlik şüurunun yüksəlişinə təkan vermişdir. Heydər Əliyevin milli intibahı təmin edən sürətli inkişaf strategiyası Azərbaycanı hələ 1969-1982-ci illərdə əsl təşəbbüskarlıq, quruculuq, yaradıcılıq meydanına çevirmiş, onu keçmiş ittifaq dövlətinin ən qabaqcıl, iqtisadi cəhətdən müstəqil yaşamaq imkanına malik iki respublikasından biri kimi tanıtdırmışdır.

Heydər Əliyevin 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsinin və SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qüruriftixar hissi yaradan amil kimi mühüm rolunu da xüsusi vurğulamaq vacibdir. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər milli düşüncəyə yüksək səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki superdövlətindən birinin rəhbərlərindən olması həm də xalqımızın bəşəri miqyasda tanınması, onun gələcəyinə hesablanan gerçəkliyin dərk olunması idi. Odur ki, tam əminliklə söyləmək mümkündür ki, Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu.

Azərbaycanın dirçəlişi, müstəqillik yolu məhz xalqımızın böyük və fədakar oğlu Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişi, o dövrdə çox ağır sınaqlarla təkbaşına qalan, demək olar ki, taleyin ümidinə buraxılan muxtar respublikadakı fəaliyyəti ilə başlayıb. Təəssüf ki, həmin dövrdə Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarlar Heydər Əliyevin simasında özlərinə güclü siyasi rəqib görərək bu dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən Azərbaycan xalqının rifahı naminə istifadə etməyə qorxdu. Naxçıvana qayıdan Heydər Əliyevi əhali böyük sevinc və ümidlə qarşıladı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan Naxçıvan taleyin ümidinə buraxılmışdı. Azərbaycanla nəqliyyat əlaqələri kəsiləndən sonra iqtisadisiyasi böhran içində boğulan, erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvanı yalnız Heydər Əliyev müdrikliyi və qüdrəti bütün bəlalardan, işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz edib qoruya bilərdi və belə də oldu.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünə parlaq iz qoymuş bu dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər bas vermis, Ermənistanla həmsərhəd rayon və kəndlərdə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin- amanlıq yaranmıs, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində çox böyük önəm daşıyır. Həqiqətən də müstəqil Azərbaycan öz nicatını görkəmli dövlət başçısı və uzaqgörən siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında tapdı. Təsadüfi deyil ki, taleyinə xilaskarlıq missiyası yazılan əvəzolunmaz liderimizin xalqın istəyi ilə siyasi hakimiyyətə qayıtdığı gün - 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.

Tale elə gətirib ki, Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmək, özünün müstəqil dövlətini yaratmaq şansı qazanıb. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması ucbatından cəmi 23 ay yaşadı. Xalqımız çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarların günahı ucbatından cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Bu tarixi şansı reallaşdıra biləcək dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbinə və istəyinə biganə qalmadı, Azərbaycanın kövrək müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi olduqca mühüm bir missiyanı üzərinə götürdüonu şərəflə yerinə yetirdi.

Ulu öndər Heydər Əliyev deyirdi: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram". Ulu öndərimizin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə sonralar qarşıya çıxan neçə-neçə təhlükəni sovuşdurmağa, keçilməz maneələri dəf etməyə imkan verdi. Böyük bir şəxsiyyət kimi tarixin onun üzərinə qoyduğu növbəti missiyanı uğurla yerinə yetirdi. Vətəndaş müharibəsinin qarşısı qətiyyətlə alındıqdan sonra ölkədə sabitlik bərqərar oldu. Təcavüzkar Ermənistanla müharibədə atəşkəsin əldə olunması ilə əsas diqqəti iqtisadi böhranın nəticələrinin aradan qaldırılmasına yönəltməyə imkan yaratdı. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadiyyatımızın yüksəliş yoluna qədəm qoyması həmin illərin reallıqlarıdır.

Ulu öndər Heydər Əliyev hətta həlli müşkül görünən məsələləri də ustalıqla həll edə bilirdi. Bu, yalnız böyük şəxsiyyətlərə, öz xalqına inanan, ona tam bağlı olan liderlərə nəsib olur. Öz növbəsində xalq da Heydər Əliyevə inanmışdı, öz taleyini ona etibar etmişdi. Heydər Əliyevin prezidentlik və rəhbərlik təcrübəsi, ideyaları həm də gənclər üçün siyasi təcrübə məktəbidir. Bu böyük məktəbin ən realuğurlu davamçısı olmaq hüququnu isə güclü siyasi təcrübəyə, geniş dünyagörüşünə, idarəçilik bacarığına, möhkəm iradəyə malik cənab İlham Əliyev qazanmışdır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev öz dərin intellekti, uzaqgörənliyi, daxildə və xaricdə baş verən ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığı, milli-mənəvi dəyərlərə bağlılığı, humanizm prinsiplərinə sadiqliyi, vətənpərvərliyi və ən əsası, verdiyi bütün vədləri yerinə yetirməsi ilə xalqın sonsuz etimadını qazanmışdır.

Son səkkiz ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davaminkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Bu gün ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ideyaları yaşayır və bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız bəşər tarixində müstəsna yeri olanmilyonlarla insanın sevimlisinə çevrilmiş Heydər Əliyev kimi böyük oğlu ilə həmişə fəxr edəcək və hədsiz qürur hissi keçirəcəkdir.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, "Əsrin müqaviləsi"nin və digər neft kontraktlarının, iqtisadistrateji baxımdan misilsiz əhəmiyyətə malik qlobal neftqaz kəmərinin reallaşması məhz Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına qeyri-mümkün kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.

Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, TRASEKA-nın reallaşması da ümummilli liderin bəşəri xidmətlərindəndir. Ulu öndər Heydər Əliyev deyirdi: "Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz... Tarixi Böyük İpək yolunun bərpası, milliregional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir".

Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu qələbə Azərbaycan dövlətinin, siyasətinin təntənəsidir. Bu ilin may ayında Azərbaycan BMT TŞ-yə sədrlik edəcək. Dövlətimizin başçısı bu məqsədlə hazırda Nyu-Yorkdadır və ilk iclası da məhz cənab İlham Əliyev aparıb. Bu mötəbər hadisənin ulu öndərimizin ad günü ərəfəsinə düşməsi də həm tarixi, həm də rəmzi məna daşıyır. Heydər Əliyev ideyaları daima yaşayır və müstəqil Azərbaycan dövləti, xalqımız möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.

 

 

Rza TALIBOV,

Bakı Dövlət Universitetinin

müəllimi, siyasi elmlər üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 6 may.- S. 7.