Konfrans iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyindən xoş təəssüratlarla ayrılmışlar

 

Bakıda keçirilən "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda III beynəlxalq elmi konfransın iştirakçıları mayın 5-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.

Burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.

Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.

Qonaqlar Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişlər.

Konfrans iştirakçıları muzeydən xoş təəssüratlarla ayrılmışlar.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 8.