Şuşadan başlayan tarix

 

Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur.

 

Heydər ƏLİYEV

 

 

20 ildir  may ayı gələndə insana qəribə bir təklik və tənhalıq, ayrılıq hissləri rahatlıq vermir. Babalarımızın 1945-ci ildəki qələbə gününün xoş ovqatına həmin ayın tariximizdəki ən böyük məğlubiyyətinin acısı da qarışıb - bu, təkcə Şuşa və Laçının deyil, hamımızın məğlubiyyətindən doğan bir acıdır. Bu, acı olduğu qədər də kədərli, hüznlü bir tarixdir.

Şuşanı hamı sevib - görən də, görməyən də. Yüzillərdir bu şəhər hamının ziyarət yerinə çevrilib. Nədənsə həm əvvəllər, həm sonralar, həm də indi Şuşada olmaq, Şuşanı görmək dünyanın ən maraqlı, ən gözəl şəhərində olmaqdan daha üstün tutulardı. Azərbaycanlı, türk olub orada olmamağı, o şəhəri ziyarət etməməyi heç kəs özünə yaraşdırmazdı. Axtarsaq, ona bu sevgi, bu həsrət də elə özündən doğub, öz gözəlliyindən, öz qeyri-adiliyindən yaranıb.

Şuşanın işğal olunduğu o günlərdə o dövrün ən fəal, Şuşa ilə bərabər digər torpaqlarımızın da işğalında adı tez-tez hallanan siyasi "xadim"lərdən birinin dediklərinə diqqət yetirin: "Faciə yaratmayın. Şəhərdir də, bu gün onlardadır, sabah qaytararıq - olar bizdə".

Bu şəhər dəfələrlə odlara qalandı. Xüsusilə bu torpaqlara elə ilk gündən işğalçılıq niyyəti ilə köçürülən ermənilər hər vəchlə şəhərin adına və tarixinə qənim kəsildilər. Türk dünyası onları tanıyana qədər çox qanlar töküləcəkdi. Amma onları özlərindən - faşistlərə rəhmət oxutduran şairə Silva Kaputikyandan "yaxşı" heç vaxt tanıya bilməyəcəklər. Onun yazdıqlarına diqqət edin: "Aram... türk sənin düşmənindir. ...Vətən Allahdan vacibdir. ...Kilsə vətəndən vacibdir... Böyük Tiqran kilsədən vacibdir. Böyük Tiqrandan vacibi isə Böyük Ermənistandır".

"Böyük Ermənistan" xülyası ilə yaşayanlar onu böyük bir xanlığın, vilayətin mərkəzindən adi bir rayon səviyyəsinə endirdilər. Hətta 1963-cü ildə rayon statusunu da ləğv edib 1965-ci ilə kimi Xankəndiyə tabe etdilər.

Şuşanı yaşadansa hər bir azərbaycanlını şərəfləndirən təkrarsız tarixi idi. 1905-1907-ci illərdəki qırğınlar bu şəhərdən də yan keçməmişdi. Amma o vaxt Şuşada, bütün Qarabağda olduğu kimi, bu qırğınlara sinə gərən qəhrəmanlar çox idi. Onda bütün türk dünyasının fəxri olan, Şuşada dünyaya göz açan Əhməd bəy Ağayevin (1869-1939) yaratdığı "Difai" təşkilatı millətin ermənilər tərəfindən axıdılan nahaq qanını yerdə qoymadı, əli türk-müsəlman qanına batan hər kəsin cəzasını verdi. Cümhuriyyət yarananda isə onun ilk əsgərləri məhz onlar - difaiçilər oldular.

1918-1920-ci illərdə Şuşa yeni tarixinin ən çətin, həm də ən qürurlu günlərini yaşadı, Zəngəzurdan, Cəbrayıldan, Cavanşir mahallarından ibarət Qarabağ general-qubernatorluğunun mərkəzinə çevrildi. Şuşa general övladlarının - Səməd paşa Mehmandarovun (1856-1931), Xosrov bəy Sultanovun (1879-1941) başçılığı altında Qarabağda baş qaldıran növbəti erməni-bolşevik qiyamlarının qarşısını aldı...

SSRİ-də xalqlar dostluğu, beynəlmiləlçilik "ideya"larının ayaq tutub yeridiyi bir vaxtda - 1945-ci ildə ermənilər növbəti dəfə Moskvaya üz tutub Qarabağı bir də istəyəndə Şuşa öz şanlı tarixi, öz keçmişi ilə övladlarının dadına çatdı.  Məhz ona görə 1945-ci ildə ermənilərin Moskvadan gələn sorğusuna Mir Cəfər Bağırov belə cavab vermişdi:

"...Dağlıq Qarabağın tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistana verilməsinə razı deyilik.

 Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır...

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

...DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, VediQarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır..." (Qarabağ. Real tarix, faktlar, sənədlər. Bakı-2005).

Şuşanın yenidən dirçəlməsi və özünə qayıtması, misilsiz gözəlliyinin bərpası, milli ruhun güclənməsi ulu öndərin Azərbaycana birinci şəxs kimi rəhbərlik etdiyi dövrlərdən yenidən başlayır. 1977-ci ilin avqustunda Azərbaycan SSR Nazirlər Sovetinin "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərarı ilə Şuşanın təkcə siması dəyişməmiş, o həm də Sovetlər birliyində böyük bir istirahət və turizm mərkəzinə çevrilmişdi. Ermənilər bu inkişafı, tərəqqini kinlə-küdurətlə izləyir, məqam gözləyirdilər. O isə bu dəfə özünü çox gözlətmədi...

1980-ci illərdə ermənilər yenidən baş qaldırıb bu dəfə açıq-aşkar Qarabağa  iddialarını bildirəndə Şuşa yenidən uşaqlı-böyüklü hamının yadına düşdü.

Qaradağlı, Malıbəyli, Quşçular, Meşəli, Cəmilli, Kərkicahan, Kosalar, Xocalı... bir-birinin ardınca işğal olunurdu. Növbə onun idi - Şuşanın.  1992-ci ilin 8 mayında şəhər işğal olundu. Heç kəs gözləmirdi. Elə düşmənlər də...

İşğal nəticəsində azərbaycanlılara məxsus yüzlərlə mədəniyyət və tarixi abidə məhv edildi, muzeylər talandı. Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün evləri yağmalandı, heykəlləri güllələndi. İndi güllələnmiş heykəllərin özləri Bakıda, ruhları orada - o böyük, qədim, doğma, müqəddəs şəhərdədir...

20 ildir Şuşasız qalmışıq. Artıq neçə vaxtdır bunabiz inana bilirik, nə Şuşa. Özündən sonra hər birimizin ürəyində qalan saya-hesaba gəlməyən xatirələr, birquru, statistik rəqəmlərdir. Mən mənəviyyatımızın, ruhumuzun işğal günündə sizə o ŞƏHƏRlə bağlı xatirələr danışmayacağam. Sizbunu etməyin. Qoy xatirələr Şuşaya qayıdan günümüzə qalsın. 

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 6 may.- S. 10.