Ulu öndərin xatirəsinə həsr olunan gül bayramı keçirilib

 

Dünən Bakıda Nəriman Nərimanovun adını daşıyan parkda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar gül bayramı keçirilib.

Baharın bu gözəl çağında keçirilən gül bayramında Azərbaycanın müxtəlif guşələrindən gətirilən ətirli güllərdən, bahar çiçəklərindən Nərimanov rayonundakı 22 orta məktəb şagirdlərinin hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilib, hər kəsə xoş ovqat bəxş edib.

Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən bayramda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanıblar. Onlar asfalt və kağız üzərində gözəl lövhələr yaradıblar. Parkın mərkəzindəki fəvvarə meydanında isə güllərdən düzəldilmiş müxtəlif heyvan fiqurları gül bayramına gələnləri heyrətləndirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,  ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri parkı gəzərək maraqlı gül ekspozisiyaları ilə tanış olublar.

Gül bayramı konsert proqramı ilə davam edib.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 12.