Möhtəşəm intibahın memarı

 

Azərbaycanın özü qədər əbədi

 

Bəşəriyyətin inkişaf yolu bu həqiqəti sübuta yetirmişdir ki, istənilən cəmiyyətin tərəqqisini şərtləndirən məqamlar sırasında obyektiv qanunauyğunluqlardan irəli gələn faktorlarla yanaşı, lider amili də hər zaman xüsusi çəkiyə malik olmuş, yüksəliş prosesinə daim özünəməxsus töhfələr vermişdir. Məhz bunun nəticəsidir ki, adı dünya sivilizasiyasının intibah prosesində anılan xalqların keçdiyi inkişaf mərhələsinin bu və ya digər dövrü lider amili ilə üzvi surətdə bağlılıq təşkil etmiş, bunlar bir-birini tamamlayan önəmli amillər kimi çıxış etmişdir. Bunun çoxsaylı real nümunələrinə insanlıq tarixinin təşəkkül tapdığı dövrdən indiyə qədər olan dövrə nəzər salmaqla rast gəlmək mümkündür.

Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır. Ulu öndərin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər  mədəni, istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz ümummilli liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Böyük həyat təcrübəsinə malik olan ümummilli lider eyni zamanda Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmaqla onun sürətli tərəqqisini təmin etmişdir. Heydər Əliyevin məqsədyönlü, konkret hədəflərə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatda mühüm islahatlar aparılmasında atılan ardıcıl, sistemli addımlar və çoxşaxəli fəaliyyət proqramları yeni şəraitdə sözügedən sferada inkişafı sürətləndirməyə, bazar  münasibətlərinin  təşəkkülü  üçün zəruri hesab edilən ilkin şərtlərin yaradılmasına imkan vermişdir. Dayanıqlı və davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması ilə  müşahidə olunmağa başlamış, bu da öz növbəsində, siyasi, sosial-iqtisadi sabitliyi daha da, möhkəmləndirmiş, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın yeni nailiyyətlərə imza atmasını şərtləndirmişdir.

Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank  sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ölkəmizin qədəm qoyduğu yeni ictimai-iqtisadi formasiyanın əsas atributlarından sayılan sahibkarlıq sinfinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Nəticə etibarilə özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində və ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi artan xətt üzrə inkişaf etməyə başlamış, planlı təsərrüfat sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi formasiyaya keçidin möhkəm bazisi yaradılmışdır. Bütün bunlar ona gətirib çıxarmışdır ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

 

Qeyd edilənlər özəl sektorun inkişafını da mütəhərrik hala gətirməklə iqtisadiyyatda çoxmülkiyyətçiliyin hökmran mövqeyə yüksəlməsinə rəvac vermişdir. Bunu şərtləndirən əsas səbəblərdən biri isə göstərilən sahədə müvafiq hüquqi bazanın dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi, Azərbaycanın yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, rəqabət mexanizminin formalaşması ilə bağlı olmuşdur. Azərbaycanda iqtisadiyyatın lokomotivi sayılan sahibkarlara yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait respublikanın milli inkişaf modelinin mahiyyətindən irəli gəlmişdir. Çünki yeni təsərrüfat münasibətlərinə keçidlə bağlı ilkin təcrübə göstərirdi ki, sahibkarlığın, özəl sektorun tərəqqisinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyildir. Bunları aydın görən ulu öndər Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də məhz sahibkarlığa hərtərəfli dəstək verilməsi olmuşdur. Nəticədə özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində və ümumi daxili məhsul istehsalında xüsusi çəkisi sürətlə artaraq 1995-ci ildəki 27 faizdən 2003-cü ildə 73 faizə çatmışdır.

Sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın tərəqqisi üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirmiş, Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etmişdir. Xarici investorların sərmayələrinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını da diqqətə çatdırmışdır.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası, mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Çünki həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynamışdır. Həmin proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi olmuşdur. Həmin vaxta qədər iqtisadiyyata süni şəkildə müdaxilə edən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir, iş adamlarının fəaliyyətinə əngəllər törədirdi. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev mövcud problemin aradan qaldırılması üçün qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Ulu öndərin 1996-cı il iyunun 17-də imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman bu istqamətdə mühüm sənədlərdən biri kimi xatırlanır. Həmin fərmanın imzalanmasında əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə müvafiq olaraq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq olmuşdur. Fərmanın imzalanmasından  bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirilmişdir.

Daha mühüm addım ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı əsasında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsi olmuşdur. Qanunvericilik sahəsində atılan növbəti mühüm addım 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi; bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi; vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydasının müəyyənləşdirilməsi; sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal sistemin yaradılması olmuşdur. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Məsələn, ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadılmışdır. Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü olmuşdur.

Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanda bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, özəlləşdirmə haqqında qanun qəbul edilmiş, qiymətlər və xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, valyuta bazarı təşəkkül tapmış, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılmışdır. Bu və digər sahələrdə qanunların qəbulu həm iqtisadiyyatın inkişafına, həm də keçid prosesinin sürətlənməsinə xidmət etmiş, iqtisadiyyatda mülkiyyətin çoxnövlüyü təmin olunmuş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmişdir. İnstitusional islahatlar həyata keçirilməklə, qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaratmışdır. Nəticədə azad rəqabət təmin olunmuş, konkret proqramlar əsasında Azərbaycan iqtisadiyyatının dinamik inkişafına dəstək verilmişdir. Görülən digər tədbirlər sayəsində ölkədə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmiş, dövlət-sahibkar münasibətləri institusionallaşdırılmışdır. Bu istiqamətdə ən həlledici addım isə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur.

Ümumiyyətlə, Azərbaycanın yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə ölkə sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına qovuşmuş, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim edə bilmişdir. Bununla da çoxmilyardlı xarici  investisiyanın ölkə iqtisadiyyatının müxtəlfi sahələrinə, o cümlədən neft-qaz sektoruna yatırılması təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlara start verilmiş, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni əlavələrlə zənginləşdirərək daha modern hala gətirməsi respublikamızın intibahında yeni bir mərhələ açmışdır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmiş, qazanılan nailiyyətlərin miqyasının davamlı şəkildə genişlənməsinə rəvac vermişdir. Son illərdə imzalanmış müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin etmişdir.

Azərbaycan Prezidentinin iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biri də hər zaman sosialyönümlüyün və qoyulan məsələlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. Bunun nəticəsidir ki, cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər xüsusi yer tutmuşdur. İqtisadiyyatın inkişafı obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə ehtiva edərək irimiqyaslı islahatlarla müşayiət olunmuş, zamanın çağırışlarına cavab verən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Nəticə etibarilə aparılan sosial-iqtisadi siyasət qazanılmış uğurların daha da möhkəmləndirilməsini, iqtisadiyyatın şaxələnməsini təmin etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolunun nümunəviliyini və səmərəliyini dünya miqyasında isbata yetirən ən mühüm hadisələrdən biri, şübhəsiz ki, əksər ölkələrin hələ də fəsadlarını tam aradan qaldırmaqda çətinlik çəkdiyi sonuncu qlobal maliyyə böhranıdır. Böhran dövründə Azərbaycan nəinki ümumi daxili məhsul istehsalının 9,3 faizi həcmində artımına nail olaraq yenə də bu göstərici üzrə dünya lideri olmuş, eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi möhtəşəm bir uğurun müəllifi kimi çıxış etmiş, həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi kimi formalaşdığını bir daha sübuta yetirmişdir.

Hazırda cənab İlham Əliyevin rəhbərliyi və daimi diqqəti altında həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi ümumi artım tempini üstələmişdir. Təqdirəlayiq haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarilə yüksəlişində sahibkarlar sinfi get-gedə daha böyük rol oynamağa başlayır. Bütün bunlar faktiki olaraq dövlət başçısının ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlarla bağlı olmuşdur. Dövlət başçısı bununla bağlı demişdir: "Sahibkarlığın inkişafı ilə bağlı hazırda ciddi problem yoxdur. Sahibkarlar sinfi güclənir, formalaşır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu kreditlər işləyir, yaxşı işləyir, qaytarılır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır".

Sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzar fəallığının artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun yaradılması özəl sektorun maliyyə tələbatının qarşılanmasında vacib rol oynamışdır. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. Yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman olmuşdur. Özəl sektorun inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərman o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunmuşdur.

Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev sahibkarlarla birbaşa təmasa da daim xüsusi önəm verir, onların üzləşdiyi problemlərin, çətinliklərin yerindəcə həlli istiqamətində müvafiq addımlar atır. Bunu dövlət başçısının müxtəlif vaxtlarda sahibkarlarla keçirdiyi görüşlər, həmçinin özəl sektor hesabına yaradılan müxtəfli istehsal müəssisələrinin açılışında iştirakı da təsdiqləyir. 2011-ci ilin əvvəlində korrupsiyaya qarşı aparılan mübarizənin daha səmərəli və intensiv xarakter daşıması məqsədilə cənab Prezidentin meydana qoyduğu siyasi iradə nəticələrini verir. Sahibkarlığın inkişafına maneə olan bürokratik əngəllər daha sürətlə aradan qalxır, özəl sektorun tərəqqisi intensivlik əmsalı yüksək olan yeni mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyevin uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi tərəqqi siyasəti, o cümlədən ölkədə yaradılmış əlverişli iqtisadi mühit ölkəmizin inkişafının daha da sürətlənməsini təmin edən əsas amillər sırasında yer alır. Azərbaycanın hərtərəfli inkişafının regional kontekstdə əhəmiyyətli nailiyyətlər qazanması ümumilikdə ölkənin iqtisadi qüdrətinin daha da artmasına mühüm təkan verir. Yaşanan inkişaf, dəyişiklik, müasirlik yalnız aparılan abadlıq-quruculuq işlərində deyil, Azərbaycan vətəndaşlarının həyatında, rifahında real əksini tapır. Təbii ki, bu kompleks inkişaf Azərbaycanın beynəlxalq imicinə də təsirsiz ötüşmür. Bunun real təsdiqi Azərbaycanın yeni tarixinin parlaq səhifələrindən birini təşkil edən və məqsədyönlü şəkildə həyata keçrilən siyasətin böyük uğurunun məntiqi nəticəsi olaraq ölkəmizin dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Sözügedən amil həm də onun təsdiqidir ki, sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus cəhətləri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş xarakterinə malik inkişaf modelini yaratmış Azərbaycan siyasi müstəvidə də əldə etdiyi uğurlara görə dünyada kifayət qədər yaxşı tanınır, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənir. Eləcə də bu ay keçiriləcək "Eurovision" yarışı da Azərbaycanın beynəlxalq uğurlarının daha bir vacib göstəricisidir.

Qazanılan nailiyyətlər bundan sonra da artmaqda davam edəcək, Azərbaycan daha böyük uğurların müəllifi  kimi adını dünya tarixinə yazdıracaqdır. İlk növbədə ona görə ki, Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas amillər sırasında yer alır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olmağa iddialıdır. Respublikanın malik olduğu mövcud potensial Azərbaycanın iqtisadi inkişaf statusunun dəyişməsinə və onun inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə imkan verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm də o azsaylı ölkələrdəndir ki, enerji və nəqliyyat təhlükəsizliyini uğurla təmin etməyi bacarmışdır. Bütün bunların fonunda ölkədə insanların yaşayış səviyyəsinin daim yüksələn xətt üzrə inkişafı, sosial proqramların uğurla icra olunması, maaş və pensiyaların vaxtaşırı artırılması, bu sahədə görülən digər tədbirlər iqtisadi inkişafın həm də vətəndaşların həyatında öz təcəssümünü tapdığını göstərir.

Sözügedən kontekstdə diqqət çəkən daha bir vacib məqam isə cari il martın 14-də keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının daha bir real təzahürüdür. Ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və məmnunluqla qarşılanan bu addım eyni zamanda Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlərdə, uğurlarda payı olan ölkə vətəndaşlarının əməyinin yenidən yüksək qiymətləndirilməsinin əyani təsdiqi kimi çıxış edir, qazanılmış uğurların miqyasını artırır.

Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu, həm də dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir. Təsadüfi deyildir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamında da sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması məsələsi diqqət mərkəzinə çatdırılır. Sərəncamda qeyd olunduğu kimi, "son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Qarşıya qoyulan hədəflərə nail olunması üçün görülən işlərin miqyası genişləndirilməkdə, innovativ metodlardan istifadə olunmaqda, intensiv üsulların tətbiqinə diqqət daha da artırılmaqdadır. İstər sənaye, istər kənd təsərrüfatı, istərsə də yeni istehsal sahələrinin yaradılması və bu zaman qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi diqqət yetirilməsi isə iqtisadi inkişafda keyfiyyət amilinin daim ön planda tutulmasını təmin edən əsas amillərdən birinə çevrilmişdir. Bazar iqtisadiyyatı üçün səciyyəvi olaraq qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlüyünün təminatı, qiymətlərin, eləcə də xarici ticarətin liberallaşdırılmasına yol açan institusional islahatlar yeni inkişaf mərhələsində Azərbaycana böyük uğurlar qazandıracaq müvafiq bazanın formalaşmasında zəruri rol oynamışdır.

Son illər ölkədə əldə olunmuş dinamik inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Gənclər şəhəri sayılan Sumqayıt bu gün həm də möhtəşəm abadlıq və quruculuğun, yenidənqurma işlərinin əsas ünvanlarından birinə çevrilmişdir. Uzun illər boyu Azərbaycanın əsas sənaye mərkəzi olaraq qalan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısıdır. Təsadüfi deyildir ki, son bir il ərzində cənab İlham Əliyev üç dəfə Sumqayıta səfər etmiş, bir neçə gün əvvəl isə Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri ilə tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir. İnanırıq ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Sumqayıtın digər sənaye müəssisələri də böhranlı vəziyyətdən çıxacaq, o cümlədən də strateji əhəmiyyətli şüşə sənayesinin inkişafında da dönüş yaranacaqdır.

Ümummilli lider Heydər Əliyev əgər Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxarmışdısa, onun layiqli davamçısı - Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevirməyə nail olmuşdur. Azərbaycan Prezidentinin bu gün də inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər.

Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində hər bir dövr üçün həlli vacib vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur. Elmi əsaslara söykənən iqtisadi islahatların uğurlu nəticələri isə getdikcə hər bir vətəndaşın maddi rifah halında özünü daha qabarıq göstərir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2012.- 8 may.- S. 3.