Gənc ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin xatirəsini anmışlar

 

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqədən uğurla keçmişicbari təlimin yekunu üzrə peşə fəaliyyətinə buraxılmış 55 gənc hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gənclər əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətə dərin ehtiramlarını bildirmişlər.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli liderin milli dövlətçiliyin qorunub saxlanmasında nüfuzlu siyasi və dövlət xadimi kimi müstəsna rolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən hüquq sisteminin və ədliyyə orqanlarının inkişafına verilən yüksək töhfələrindən bəhs etmiş, ölkəmizdə dövlət gənclər siyasətinin möhkəm təməlinin məhz ulu öndər tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən ədliyyə və məhkəmə sahəsində qazanılan nailiyyətlər qeyd olunaraq işə qəbulun xeyli sadələşdirildiyi, icbari təlimin səmərəliliyi diqqətə çatdırılmışdır. Nazir gənclərə tövsiyələr vermiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Gənclərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamələr və xidməti vəsiqələr təqdim olunmuş, stajorlar Dövlət Bayrağı önündə təntənəli and içmişlər.

Çıxış edən gənc mütəxəssislər uğurlu gənclər siyasəti nəticəsində şəffaf və obyektiv müsabiqədə iştirak etmək imkanı qazandıqlarını və onun yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər. Onlar verilən tövsiyələrə əməl edərək şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarını, göstərilən etimadı doğruldacaqlarını, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklərini və belə bir əlamətdar gün ərəfəsində işə qəbul olunmaları ilə bağlı yüksək qürur hissi keçirdiklərini söyləmişlər.

Stajorlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 8 may.- S. 6.