Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur

 

Azərbaycanın maliyyə naziri Samir Şərifov Filippinin paytaxtı Manila şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının İllik Toplantısı çərçivəsində bir sıra işgüzar görüşlər keçirmişdir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuroda ilə keçirilən görüşlərdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

S.Şərifov Haruhiko Kurodaya Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmış və H.Kudoraya AİB-in prezidenti kimi Azərbaycanın 2015-ci ildə Bankın Rəhbərlər Şurasının İllik Toplantısına ev sahibliyi etməsinə dair müraciətinə dəstək verdiyi üçün təşəkkürünü bildirmişdir.

H.Kuroda Azərbaycan Respublikasının son illər davamlı olaraq əldə etdiyi yüksək iqtisadi göstəriciləri təqdirəlayiq hesab edərək AİB-in bundan sonra da Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına yönələn səylərini dəstəkləyəcəyini vurğulamışdır.

Nazir S.Şərifov həmçinin AİB-in baş katibi Robert Douson, baş direktor Klaus Gerhausser və icraçı direktor Fil Boven, o cümlədən  Yaponiyanın JİCA şirkətinin vitse-prezidenti X.Kodera ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir.

Görüşlərdə AİB-in maliyyə dəstəyi ilə Azərbaycanda infrastrukturun müxtəlif sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulan yeni layihələr müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 8 may.- S. 6.