Sosial dövlət quruculuğunun banisi

 

Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirmişdir. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır.

 

 Sosialyönümlü bazar iqtisadiyyatına keçid

 

Azərbaycan ən məqbul inkişaf istiqaməti kimi sərbəst bazar iqtisadiyyatı yolunu tutmuşdur. Lakin qeyd olunmalıdır ki, mütərəqqi cəhətləri ilə yanaşı, bazar iqtisadiyyatı prinsiplərinin bəzi məqamlarda cəmiyyətin müəyyən təbəqələrinin sosial mənafeyinə qarşı yönəlməsi də beynəlxalq təcrübədə bir həqiqət kimi etiraf olunur. Bu baxımdan, bazar iqtisadiyyatının diktə etdiyi şərtlərin aztəminatlı vətəndaşların mənafeyinə toxunmaması bütün dünyada eyni inkişaf kursu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir. Qeyd olunan sahədə dövlətlərin əsas məqsədi, ilk növbədə, əhalinin əmək və təsərrüfatçılıq fəaliyyətini stimullaşdırmaq əsasında vətəndaşların həyat səviyyəsini yüksəltməkdir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindən biri isə iqtisadi imkanların yaradılması hesab olunur. Başqa sözlə, iqtisadi imkanların yaradılması təmin olunan ümumi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi tədbirlərini əhatə edir ki, bunun da təməlində iqtisadi inkişaf dayanır.

 Azərbaycanda qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasına xidmət edən ciddi islahatlar, o cümlədən özəlləşdirmə proqramlarının icrası, xüsusi mülkiyyətin yaranması, torpaq islahatı, sahibkarlıq sinfinin formalaşdırılması, neft və qeyri-neft sektorunun müasir əsaslarla inkişafı təmin edilmişdir. Bunun nəticəsində Azərbaycan həyatın bütün sahələrində dərinləşən geriləmə ilə üzləşmiş ölkədən ötən 20 il ərzində çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına malik modern dövlətə çevrilmişdir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindən biri kimi iqtisadi imkanların yaradılması qəbul olunmuş, bunun üçün ümumi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmişdir.

 Bütün bunlar insanların həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirlərinə müsbət təsir etmişdir. Xatırladaq ki, ölkə ərazisində böhranın yaşandığı 1991-1994-cü illərdə bu göstərici real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. Həmin illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalırdı. 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8,2 dəfə aşağı düşmüşdü.

1995-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirləri artmağa başladı. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı isə 6 dəfədən çox artdı. Əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar yerinə yetirildi.

Azərbaycan iqtisadiyyatının yenidən qurulması və uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində yaradılmış möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynamış, sabit və ardıcıl inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsini dövlətin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir.

Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil milli iqtisadiyyatın formalaşdırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının uzlaşdırılması konsepsiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin mövqeyi beynəlxalq aləmdə daha da möhkəmlənmiş, regional müstəvidə təsir imkanları böyük dərəcədə artmışdır.

Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilmişdir. Əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ölkə üzrə 1 milyona yaxın yeni iş yeri açılmışdır ki, onların əksəriyyəti daimi iş yerləridir. 2003-2010-cu illərdə əhalinin gəlirlərinin artımı 4,5 dəfə təşkil etmişdir. Bu artım inflyasiya səviyyəsini (1,9 dəfə) üstələmiş və əhalinin gəlirləri real ifadədə 2,3 dəfə artmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" ilə müəyyən olunan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bütün bunlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmış və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Nəticədə bu göstərici 2003-cü ildə 44,7 faiz təşkil etdiyi halda, hazırda 7,6 faizə düşmüşdür.

Azərbaycanın bazar münasibətləri əsasında formalaşan milli iqtisadiyyatının gələcək inkişafı üzrə aşağıdakı prioritet istiqamətlərin reallaşdırılması onun sosialyönümlülüyünü daha da artıracaqdır:

- makroiqtisadi sabitliyin təmin edilməsi;

- qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş iqtisadi inkişafın təmin edilməsi;

- bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə üstün inteqrasiyası və inkişafı.

 

Azərbaycan sosial dövlətdir

 

 Ümumiyyətlə, "sosial dövlət" anlayışı və sosial rifahın təqdim olunması ayrı-ayrı dövlətlərin təcrübəsində müxtəlif cür şərh olunur. Bu sahədə ən klassik baxış dövlətin öz üzərinə bütün vətəndaşlarının ümumi sosial rifahının təmin edilməsini tam götürməsidir ki, bu da mahiyyətinə görə sosializm quruluşu deməkdir. Bir çox "rifah dövlət"lərində heç də hamı dövlət tərəfindən sosial müdafiə ilə əhatə olunmur, bu, müstəqil, könüllü və dövlət xidmətlərinin əlaqələndirilməsi kimi təzahür edir. Digər bir yanaşma "ümumi rifah" sistemidir ki, ekspertlər bunu "dövlətin təqdim etdiyi rifah" da adlandırırlar. Bu sistemdə 3 əsas element - minimal standartlara, o cümlədən minimal gəlirə zəmanət, təhlükəsizlik olmadıqda sosial müdafiə və mümkün səviyyədə ən yaxşı xidmətlərin göstərilməsi diqqətdə saxlanılır.

"Ümumi rifah" sisteminə əsaslanan dövlətlərin özlərində də tarixi inkişaf xüsusiyyətləri, sosial müdafiəyə yönəldilən resursların təyin edilməsi prinsipləri, təşkilati-struktur, sosial müdafiə tədbirlərinin məzmunu və nəticələr fərqlənir.

Ümumilikdə götürdükdə, dünyanın heç bir ölkəsində sosial dövlətin ideal tipini özündə əks etdirən modellərə təsadüf edilmir. Təcrübədə bir çox hallarda müxtəlif modellərin elementlərinin birləşməsini müşahidə etmək olar.

Azərbaycanın sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin mənafeyi mütləq nəzərə alınır və ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası bu prinsipi dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt olmaqla yanaşı, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan bu ali sənəddə sosial dövlət konsepsiyası öz əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir. Əsas Qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri şəraitində sosial dövlət konsepsiyasının reallaşdırılmasının fundamental normativ-hüquqi bazasının yaradılmasına səbəb olmuşdur.

 Məhz sosial dövlət prinsipinin rəhbər tutulması səbəbindən digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda müstəqilliyimizin ilk illərindən başlayaraq ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1996-2003-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olmuşdur ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artmışdır.

Xüsusilə qeyd olunmalıdır ki, bu tipli tədbirlər 2003-cü ildən yeni sosial müdafiə sisteminin fəaliyyətə başladığı 2006-cı ilədək olan praktiki dəyişikliklərin sürətləndirilməsi dövrü üçün də səciyyəvidir. Həmin dövrdə qeyd olunan sahədə Azərbaycan Respublikası Prezidentinin 7 fərmanı, Nazirlər Kabinetinin 1 qərarı verilmiş, nəticədə, əmək pensiyalarının orta aylıq məbləği 65 faiz, minimum məbləği 75 faiz artırılmışdır. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil etmişdir.

Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Və təbiidir ki, bu artımlar pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbətinin artımını şərtləndirmişdir və həmin göstərici 2012-ci ildə 5,34 faiz nəzərdə tutulmuşdur.

 Müqayisə üçün qeyd edək ki, bu göstərici 2003-cü ildə 3,9 faiz təşkil etmişdir və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olmuşdur. Başqa sözlə, Azərbaycan hökuməti dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindəki ahıl insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,3-0,48 faizinə qədər pensiya xərcinin ayrılması prinsipini gerçəkləşdirmişdir. Belə ki, 2011-ci ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisi 8,9 faiz və pensiya təminatına yönəldilən vəsait isə ÜDM-in 4,8 faizi qədər olmuşdur. Göründüyü kimi, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53 faizi düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəricilərə uyğun gəlir.

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan hökuməti dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemi - yeni yüzilliyin ortaya qoyduğu əsas çağırışlardan biri olan əhalinin tərkibində xüsusi çəkisi getdikcə artan ahıl nəslin nümayəndələrinin layiqli həyatını təmin etmək üçün dövlətin yönəltdiyi vəsaitin artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan imkanları arasında optimal nisbətin saxlanılması problemini uğurla tənzimləyir.

 

Ölkəmizin sosial dövlət prinsipini uğurla reallaşdırması Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin 28 May tarixində Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində aydın ifadə olunmuşdur: "Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir".

Perspektiv dövrdə də Azərbaycanın bazar münasibətləri əsasında formalaşan sosialyönümlü iqtisadiyyatının inkişafı nəticəsində aşağıdakı parametrlərin diqqətdə saxlanılması sosial dövlət prinsipinin əhalinin aztəminatlı təbəqəsindən olan pensiyaçılara münasibətdə uğurla reallaşdırılmasına imkan verəcəkdir:

 

- pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması;

- orta aylıq pensiya məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

- pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş normaların gözlənilməsi.

 

Sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində sosial dövlət prinsipinin  reallaşdırılmasının əsas vasitəsidir

 

 Bazar iqtisadiyyatı şəraitində iqtisadi artım vasitəsilə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında məşğulluq və gəlir əldəetmə imkanlarını genişləndirməklə uzunmüddətli dövrdə yoxsulluğun azaldılmasına nail olmaq mümkün olsa da, cəmiyyətdə hər zaman maddi durumu dövlətin sosial müdafiə sistemindən asılı olan insanlar mövcuddur. Sosial dövlət prinsipinə əsaslanan ölkələrdə əhalinin qeyd olunan təbəqəsinin sosial müdafiəsi mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə qurulması əsas vəzifələrdən biri kimi çıxış edir. Bununla əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sosial müdafiə sistemləri daim təkmilləşdirilir, dövlətlər bu sistemlərin təşkilinə aid özlərinin strategiya və taktikasını iqtisadi münasibətlərin inkişafına paralel dəyişməkdə davam edirlər.

Sosial müdafiə sistemlərinin ilkin formalaşması dövründə sosial ödənişlər pensiya şəklində sabit məbləğlərlə müəyyənləşdirilirdisə, bir qədər sonra buraya əməkhaqqı ilə bağlı pensiyalar, ödənilən sosial sığorta haqlarının fərdi uçotuna və indeksasiyasına əsaslanan pensiyalar, nəhayət, sosial sığorta haqlarının fərdi hesablarda real yığılmasına və bu vəsaitin yerləşdirilməsinə əsaslanan pensiyalar əlavə olundu. Başqa sözlə, sığorta prinsiplərinə əsaslanan pensiya sisteminin ədalətliliyini artırmaq istiqamətində atılan addımlar pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun təyin edilməsi tezisini ortaya çıxardı və bu da sosial müdafiə sistemlərinin inkişafının ən müasir istiqamətlərini müəyyənləşdirdi. Beynəlxalq praktikada bunun üçün hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sığorta haqlarının həmin hesabda fərdi uçotunun qurulması, vətəndaşların pensiya təyinatının bu uçotun məlumatları əsasında aparılması nəzərdə tutulur. Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan insanların isə dövlət büdcəsi hesabına sosial müavinət və sosial yardımlarla əhatə olunması düzgün addım sayılır.

Bazar iqtisadiyyatı şəraitində sosial dövlət prinsipinin, ilk növbədə, sığorta-pensiya sistemləri vasitəsilə reallaşdırılması müasir beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının da başlıca məzmununu təşkil edir. Belə ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) sosial təminatla bağlı 1952-ci ildə qəbul olunmuş "Sosial təminatın minimum normaları haqqında", 1962-ci ildə qəbul olunmuş "Sosial siyasətin əsas məqsədləri və normaları haqqında", 1982-ci ildə qəbul olunmuş "Sosial təminat sahəsində beynəlxalq hüquqların saxlanması sisteminin təyin edilməsi haqqında" konvensiyaları bir qayda olaraq qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutmaqla yanaşı, bu ödənişlərin məcburi sosial sığortalanma vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir. Qeyd olunan məsələlər üzrə əsas müddəalar son onilliklər ərzində digər Kovnensiya və tövsiyələrdə öz inkişafını tapmışdır. Xüsusilə gəlirin təmin edilməsi, həm də məcburi sosial sığorta məsələləri haqqında 1994-cü il 67 saylı tövsiyədə əmək qabiliyyətsizliyi və ya ailə başçısını itirmə səbəbindən, yaxud haqqı ödənilən iş əldə etmək qabiliyyətinin olmaması ilə əlaqədar itirilmiş gəlir məbləğinin bərpa edilməsi yolu ilə yoxsulluğun aradan qaldırılması, gəlirin təmin edilməsinin məcburi sosial sığorta əsasında təşkil olunması və bu zaman sosial sığorta fondlarına ödəmələrin nəzərə alınması prinsipləri əks olunmuşdur.

Ölkəmizdə sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi nəticəsində 2006-cı ildən müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilmişdir. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir.

 

Azərbaycanın sığorta-pensiya sistemində:

 

- üçpilləli pensiya təminatı müəyyənləşdirilmişdir ki, bu da onun çevikliyini şərtləndirən əsas amil və əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Burada əmək pensiyalarının baza hissəsi dövlət tərəfindən mütləq rəqəmlə təyin olunmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsinin isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunması nəzərdə tutulur;

 - əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır;

- işləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi yeni qaydalarla əhatə olunmuş, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmışdır. İşləyən pensiyaçılara yaşa görə əmək pensiyasının 50 faiz həcmində ödənilməsi kimi mənfi praktika ləğv olunmuş və onlar öz pensiyalarını tam məbləğdə almağa başlamışlar;

- Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilmişdir. Bununla da xaricdə çalışan Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq sazişlərlə gələcək pensiya təminatı üçün əsaslar formalaşdırılmışdır;

- hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinə və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir. Nəticədə hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (Fondun hesabına pensiyalarının plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı və s.) istifadə etmələrinə imkan yaradılmışdır;

- bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaratmışdır;

 - vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. 2012-ci ilin 1 yanvar tarixinə 1 milyon 966 mindən artıq sığortaolunana (bunlardan 12 min 221 nəfəri xarici ölkələrin vətəndaşlarıdır) sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır;

- pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılmışdır. 2012-ci ilin 1 yanvar tarixinə kənd yerlərində yaşayan pensiyaçıların 99,0 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə bütün pensiyaçıların 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur;

- Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maddi-texniki bazası tamamilə yenidən qurulmuş, fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır.

Bu gün Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. 2010-cu ilin martında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Avropa Sosial Təminat Forumunda "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xətti ilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmışdır. Bundan başqa, 2012-ci ilin yanvarında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində "Yaxşı və səmərəli idarəetmə" nominasiyasının qalibi elan edilmişdir.

Yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdirilir. Yaxın perspektivdə aşağıdakı islahat tədbirlərinin reallaşdırılması sistemin səmərəliliyini daha da yüksəldəcəkdir:

- sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatların aparılması, həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi (əvəzetmə əmsalının 40 faiz saxlanılması şərtilə sistemin digər parametrlərinin proqnozlaşdırılması, mövcud risklər və onların qarşılanması üçün alternativlərin hazırlanması);

- pensiya təyinatının avtomatlaşdırılması və elektron xidmətlərin təşkili. Bu məqsədlə pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və DSMF sistemində korporativ şəbəkənin qurulması təmin edilmişdir. Hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür. Bununla yanaşı, elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılaraq şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmiş və fondun bu sahədəki fəaliyyəti keçirilən monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilmişdir;

- sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi. Aktuar tədqiqatların nəticələri göstərir ki, ölkəmizdə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması üçün yığım komponentinin tətbiqi ilə məşğul əhalinin sosial sığorta sistemində daha fəal iştiraka cəlb olunması və bu prosesin dövlətin əlavə maliyyə resursları ilə dəstəklənməsi sahəsində imkanlar mövcuddur. Hazırda yğım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işi davam etdirilir. Bundan əlavə, təkmil qanunvericiliyin hazırlanması məqsədilə Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsi üzrə tədbirlər həyata keçirilir;

- qeyri-dövlət pensiya institutlarının inkişafı. Bunun üçün vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının hazırlanması üzrə işlər davam etdirilir;

- sahəvi peşə pensiya fondlarının yaradılması və inkişafı, DSMF tərəfindən könüllü əlavə sığortalanmaya keçid vasitəsilə vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılması;

- sistemdaxili normaların sərtləşdirilməsi (pensiyada olma müddəti ilə ömür uzunluğunun uzlaşdırılması, pensiya hüququ əldə etmək üçün tələb olunan sosial sığorta stajının artırılması, əmək pensiyasının baza hissəsini sosial sığorta stajının miqdarından asılı olaraq azaldan və ya artıran əmsalların tətbiqi, vaxtından əvvəl pensiyaya çıxma halları üzrə güzəştlərin məhdudlaşdırılması, məcburi dövlət sosial sığorta haqqı tariflərinin tərkibində sığortaolunanların payının artırılması).

Qeyd olunan tədbirlərin həyata keçirilməsi Dövlət Proqramı ilə müəyyən olunmuş vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, ölkəmizin sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişafı strategiyasının hərtərəfli təyin olunmasına xidmət edir.

 

 

Səlim MÜSLÜMOV,

Azərbaycan Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2012.- 9 may.- S. 6.