Milli inkişaf strategiyasının real nəticələri

 

Müasir dünya yeni əsrin mürəkkəb çağırışları ilə üz-üzədir. Ayrı-ayrı ölkələrdə, bütöv regionlarda bir-birinin ardınca baş verən ictimai-siyasi, iqtisadi kataklizmlər yeni reallıqlar yaradır. Uzun müddət davam edən qlobal iqtisadi böhran Avropa Birliyinə üzv olan bir sıra qabaqcıl ölkələrin iqtisadiyyatına neqativ təsir göstərir, dünya sənayesini çətin sınaqlar qarşısında qoyur. Qlobal dünyanın ən mühüm xarakterik xüsusiyyəti budur ki, heç bir dövlət əlahiddə götürülmüş şəkildə yaşaya bilməz - bir ölkədə cərəyan edən hadisələr dərhal digərlərində də əks-səda doğurur və bəzən çox ciddi fəsadlarla nəticələnir.

Demək, əksər hallarda gözlənilməz olan bu yeni çağırışlar qarşısında beynəlxalq birliyin intellektual qüvvələri birləşdirməkdən, mürəkkəb problemlərin həllini birgə axtarmaqdan başqa yolu yoxdur. Bu məqsədlə son dövrdə müəyyən məqsədyönlü tədbirlər həyata keçirilir. Harada, dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq, müsbət, sabit və təkrarlanan iqtisadi tendensiyalar ciddi şəkildə araşdırılır, səbəb-nəticə əlaqələri təhlil olunur, səmərəli təcrübələr diqqətlə öyrənilir. Belə bir şəraitdə ölkələrin ərazi baxımından böyüklüyü, dünya iqtisadiyyatında payı kimi parametrlər sərf-nəzər edilir, ictimai-siyasi sabitlik, davamlı iqtisadi artım kimi meyarlar isə əksinə, ön plana keçir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini nisbətən bərpa etməsinə baxmayaraq, ötən 20 ildə yürüdülmüş düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif edə bilmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi uzun əsrlər ərzində toplanılmış mütərəqqi təcrübəsindən, böyük həcmdə texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu modelin konseptual mahiyyəti sistemli xarakter daşımasında, cəmiyyət həyatının, istisnasız olaraq, bütün sahələrini harmonik və hərtərəfli surətdə əhatə etməsindədir. Mövcud resursların işlənilməsi və dünya bazarlarına çıxarılması tarix üçün qısa bir zaman kəsiyində təmin olunmuş, ölkənin iqtisadi göstəricilərinin yüksəlməsinə, iri həcmdə valyuta ehtiyatlarının toplanılmasına, qeyri-neft sektorunun güclənməsinə, sosial problemlərin həllinə, insan kapitalının inkişafına etibarlı əsas yaratmışdır.

Azərbaycan son illər iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Beynəlxalq siyasi prosesləri diktə etmək gücündə olan lider dövlətlər belə, regional məsələlərin həllində ölkəmizin mövqeyi ilə hesablaşırlar. Ölkəmizin xarici reputasiyası daxili inkişafı ilə paralel şəkildə dinamik olaraq yaxşılaşmaqdadır. Azərbaycan abadlaşır, yeniləşir, paytaxt Bakıda bir çox beynəlxalq miqyaslı mədəniyyət-idman tədbirləri keçirilir. Qədimilik və müasirliyin vəhdətini əks etdirən unikal arxitektura və dizaynı ilə ölkəmizə ilbəil daha çox gəlməkdə olan turistləri heyran qoyur. Şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial və infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan xalqı uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların bəhrələrini gündəlik həyatında, məişətində, maddi rifah halının yüksəlməsində bilavasitə görür və hiss edir. Bir sözlə, 20 il bundan əvvəlki Azərbaycanla çağdaş Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi, mədəni, elmi inkişaf səviyyəsi etibarilə müqayisəyəgəlməz dərəcədə fərqlidir. Ən maraqlısı isə budur ki, ölkədəki bu intibah dostlarımızla yanaşı, bədxahlarımız tərəfindən də birmənalı tərzdə etiraf olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində gedən danışıqlarda mövqeyimiz qat-qat möhkəmlənmişdir. Erməni diasporunun var gücü ilə apardığı aqressiv antitəbliğat kampaniyasına baxmayaraq, Azərbaycanın beynəlxalq imici gün-gündən yüksəlir. Dünya birliyi zəngin mədəni sərvətlərimizə, tarixi-mənəvi dəyərlərimizə nə qədər yaxından bələd olursa, xalqımızın kökü tarixin qədim çağlarına işləyən humanizmini, sivil və demokratik ideallara sədaqətini bir o qədər yüksək dəyərləndirir.

Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, özünə inam və cəsarət tələb edən idarəçilk dəst-xəttinin, dönməz və ardıcıl fəaliyyətin bəhrələridir. İnkişafın fenomenal xüsusiyyət daşıyan Azərbaycan modeli birdən-birə, quru yerdə yaranmamışdır. Bu model xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Güclü, getdikcə daha da qüdrətlənən dövlətimizin qazandığı bütün uğurlar üçün biz müstəqil dövlətimizin memarı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevə borcluyuq. Zəngin idarəçilik təcrübəsinə, geniş dünyagörüşünə, çevik siyasi təfəkkürə, zəngin bilik və bacarığa malik bu misilsiz tarixi şəxsiyyət daim Azərbaycan xalqının rifahı naminə yorulmaq bilmədən çalışmış, ölkəni inkişafın aqrar səviyyəsindən postindustrial səviyyəsinə çatdırmışdır. Bu ölçüyəgəlməz irəliləyiş ulu öndərin tarixi varisliyə, müasirləşməyə və inkişafa əsaslanan siyasi fəlsəfəsinin məntiqi nəticəsidir. Varislik və müasirləşmə olmadan real inkişafı mümkünsüz hesab edən Heydər Əliyev  milli soykökünə, keçmişinə nə qədər dərindən bağlı olsa da, daim nəzərlərini gələcəyə yönəltmiş, xalqımızı həmişə irəli aparmış, zamanla ayaqlaşmağa səsləmişdir. Məhz buna görə də Heydər Əliyevin adı dünyanın müasir siyasi salnaməsinə  tarix yaradan nadir şəxsiyyətlərdən biri kimi yazılmışdır.

Unikal siyasi bəsirətlə keçmişlə gələcəyi ayrı-ayrılıqda yox, vahid harmoniyada  görə bildiyi üçün ulu öndər hələ ötən əsrin 60-cı illərindən dünyanın ümumi inkişaf kontekstində qloballaşma tendensiyasını dəqiq  müəyyənləşdirməyi bacarmış, mümkün koordinatlar sistemində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu özünəməxsus ustalıqla cıza bilmişdi. Öz ölkəsinin qlobal müstəvidə layiqli yer tutması üçün daim yorulmaq bilmədən çalışmış və nəhayət, müstəqillik dövründə buna nail olmuş  Heydər Əliyev Azərbaycan cəmiyyətinə həmişə mütərəqqi ideyalar aşılamışdır. Onun iqtisadi siyasətinin başlıca hədəfini xalqın maddi rifahının durmadan yüksəlməsi, ana xəttini isə müasirləşmə təşkil etmişdir. Həm maddi rifah, həm də müasirləşmənin statik deyil, dinamik kateqoriyalar olduğunu və bir-biri ilə dialektik asılılıq kəsb etdiyini heç bir vəchlə nəzərdən qaçırmayan böyük siyasi xadim, beləliklə, Azərbaycanın nicat və yüksəlişini davamlı inkişafda, gündəlik gərgin fəaliyyətdə görür, cəmiyyəti daim bu istiqamətdə səfərbər edirdi. Bu inkişafın, fədakar əməyin resurs bazası rolunu isə əlbəttə ki, ölkənin zəngin yeraltı sərvətləri olan neft və qaz oynaya bilərdi. Ulu öndər enerji resurslarına nəzarət imkanlarının, neft-qaz ehtiyatlarının dünya bazarlarına və əsas istehlakçılara vaxtında və təhlükəsiz çatdırılmasının qlobal siyasətdə ən mühüm təsir amillərindən olduğunu zamanında aşkarlamış və hələ yarım əsr bundan əvvəl Azərbaycanın neft sənayesinin müasirləşdirilməsi xəttini irəli sürmüşdür.

Dünyada neftçıxarmanın beşiyi sayılan ölkələrdən olan Vətənimiz qədim dövrlərdən neft sənayesi tarixinə şanlı səhifələr yazmışdır. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmiryolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların müəllifi kimi tanınmış, misilsiz fədakarlıqlar göstərərək ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab olunmuşdur. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə neft sənayesinin inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşmış, keçmiş Sovetlər Birliyində hökm sürən olduqca ağır şərtlər daxilində belə, mümkün imkanlardan yararlanaraq Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji  müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın bu sahədə öncül mövqeləri qorunub saxlanılmışdı. Sonradan cərəyan etmiş hadisələrin təhlili əsasında biz bu gün aydın şəkildə dərk edə bilirik ki, o dövrdə Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi istiqamətində aparılmış gərgin, məqsədyönlü fəaliyyət, əslində, gələcəyə hesablanmış və strateji əhəmiyyət  daşımışdır. Tarix göstərdi ki, neft sənayesinin texniki cəhətdən müasirləşməsi məqsədilə sovet dövründə görülmüş tədbirlər müstəqillik dövründə suveren Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsi üçün atılmış təməl daşları rolunu oynamışdır.

Dövlət müstəqilliyinin yenicə bərpa olunduğu ötən əsrin 90-cı illərində Azərbaycan hədsiz dərəcədə mürəkkəb və hətta ilk baxışda çıxılmaz görünən siyasi reallıqla qarşı-qarşıya qalmışdı. Arası kəsilməyən xarici təzyiqlər, daxili başıpozuqluq, hakimiyyət çəkişmələri, işğalçı Ermənistanın hərbi təcavüzü iqtisadiyyatı iflic vəziyyətinə salmışdı. Hələ formal səciyyə daşıyan, tam təsisatlanmamış gənc dövlətçiliyimizin ağır sınaqlara məruz qaldığı  həmin dövrdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni iflasa uğramaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Qarşıda yaranmış dərin böhrandan çıxmaq kimi həyati bir vəzifə dururdu. Bu məqsədlə həllivacib tədbirləri  müəyyənləşdirərkən ulu öndər ölkənin ən qiymətli resursu olaraq neft sənayesinə istinad etdi. Xəzərin Azərbaycan sektorunda çıxarıla bilən zəngin neft-qaz ehtiyatlarının olduğunu və bu ehtiyatların reallaşdırılması üçün böyük texniki-iqtisadi, intellektual potensialın mövcudluğunu yaxşı bilən dahi rəhbər dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, ölkədə uzunmüddətli iqtisadi-siyasi sabitlik yaratmaq məqsədilə dünya siyasətində karbohidrogen resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq qərarına gəldi. Əlbəttə, Heydər Əliyevə o da məlum idi ki, Xəzərin dərinsulu hissələrində yerləşən neft və qaz yataqlarının istismarına başlamaq və hasil olunacaq təbii sərvətləri dünya bazarlarına çıxarmaq üçün Azərbaycanın imkanları xeyli məhduddur. Vəziyyətin obyektiv qiymətləndirilməsi bunun üçün böyük maliyyə vəsaitinə, yeni texnologiyalara ehtiyac duyulduğunu göstərirdi. Bunlar da o dövrdə gənc dövlətimizin imkanları xaricində idi.

Yaranmış situasiyada yeganə çıxış yolunu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər növbəti dəfə özünəməxsus siyasi uzaqgörənlik və müdriklik nümayiş etdirərək qalibiyyətli yeni neft strategiyasını işləyib hazırladı. Strategiyanın məqsədi sadə və sadə olduğu qədər də dahiyanə idi: xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunu gücləndirmək, yeni yataqları onlarla birlikdə istismar etmək, xam nefti  dünya bazarlarına çıxarmaq və bu sektordan əldə olunacaq böyükhəcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olmaq. Bu, dəfələrlə söylənildiyi kimi, siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi. Bu strateji kurs çox zaman haqlı olaraq zəmanəmizin ustad siyasətçisi, dünyamiqyaslı dövlət xadimi olan Heydər Əliyevin sırf dövlətçilik və hətta geosiyasət konsepsiyası kimi qiymətləndirilir. Ulu öndərin özü də strategiyanın əsas hədəflərini nəzərdə tutaraq deyirdi: "Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur".

Artıq "Əsrin müqaviləsi"nin imzalandığı gündən 18 ilə yaxın vaxt keçir. Qazanılmış nailiyyətlər də göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi həqiqətən Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, öz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan vermişdir. Ölkə üzrə neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmışdır. Geoloji və geofiziki tədqiqatlarda, ehtiyatların dəqiqləşdirilməsində yeni üsulların, mükəmməl qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın çıxarıla bilən neft ehtiyatları 4 milyard tona, qaz ehtiyatları isə 6 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 50 milyon tonluq psixoloji həddi keçmiş, qaz hasilatı 30 milyard kubmetrə yaxınlaşmışdır. Ötən müddətdə Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın həcmdə sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən regionda və bütün dünyada mühüm qaz ixracatçısı kimi tanınan ölkəyə çevrilmişdir. Hazırda Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana Azərbaycanın təbii qazı ixrac olunur.

Avropanın enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün dünyanın diqqət mərkəzindədir və bu istiqamətdə ölkəmizə böyük ümidlər bəslənilir. Son dövrdə Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat yataqlarının kəşf olunması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması üzrə hazırlıqların yekunlaşmaqda olması bu ümidlərin doğrulacağına dəlalət edir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının 30 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2011-ci ildə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində "Cənub Enerji Dəhlizi" haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın enerji potensialına, qısa müddətdə ixrac marşrutlarının diversifikasiyasına nail olmuş bir ölkə kimi onunla tərəfdaşlığa verilən önəmin yeni təzahürüdür.

Dünya miqyasında ixrac marşrutlarının son dövrlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edən şaxələndirmə  prinsipi Azərbaycanın milli maraqlarına və ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məzmun və mündəricəsinə uyğundur. "Əsrin müqaviləsi"nin imzalanmasından keçən dövr ərzində Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri bərpa edilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Bu gün Azərbaycan nefti və qazı 7 magistral boru kəməri vasitəsilə müxtəlif istiqamətlərdə nəql olunur. "Şahdəniz-2" layihəsi çərçivəsində, habelə son illərdə açılmış "Ümid", "Abşeron" yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) dair ötən ilin sonlarında imzalanmış Memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd edilməlidir. Bu layihə ilə həm də iki qardaş ölkənin - Azərbaycanla Türkiyənin enerji sektorundakı uzunmüddətli əməkdaşlıq sahəsində yeni bir eranın başlanğıcı qoyulacaqdır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər TANAP layihəsini yeni dövrün "Bakı-Tbilisi-Ceyhan"ı  kimi qiymətləndirirlər.

Yeni neft strategiyası bu gün ulu öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Regional və qlobal əhəmiyyət daşıyan irimiqyaslı layihələrin həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərlə tərəfdaşlıqdan zəngin müasir təcrübə qazanılmış, yeni texnologiyalar mənimsənilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük bir yol keçmişdir. Qazanılan nailiyyətlər daim ölkə iqtisadiyyatının flaqmanı rolunu oynamış ARDNŞ-nin inkişaf edərək böyüməsinə, genişlənməsinə, ən əsası isə müasirləşməsinə, beynəlxalq standartlara uyğunlaşmaqla modern bir şirkətə çevrilməsinə zəmin yaratmışdır. Bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə bölgənin ən böyük şirkəti olan ARDNŞ ölkəmizin dəniz və quru yataqlarında həyata keçirilən çoxsaylı neft-qaz layihələrində dövlətimizi uğurla təmsil edir. Şirkət tərəfindən istər birgə layihələr çərçivəsində, istərsə də daxili imkanlar hesabına yeni-yeni perspektivli strukturlarda axtarış-kəşfiyyat və qazma işləri aparılır, yüksək debitli karbohidrogen yataqları kəşf edilir. Son illərdə şirkətin beynəlxalq bazarlarda iştirak coğrafiyası genişlənmiş, payı artmışdır. ARDNŞ dünya bazarına təkcə xammal yox, həm də keyfiyyətli neft-qaz emalı və neft kimyası məhsulları ixrac edir. Şirkətin emal kompleksində istehsal olunan məhsullar Avro-2 standartlarına tam uyğundur. Avro-3 standartlarına keçidlə əlaqədar ciddi tədbirlər hazırlanmışdır və planauyğun şəkildə həyata keçirilməkdədir.

Müasir dövrdə fəaliyyət sferasının qloballaşması neft-qaz şirkətlərinin başlıca xüsusiyyətlərindən sayılır. Hazırda dünyanın neft-qaz bazarı o qədər qloballaşmışdır ki, bir ölkənin hüdudları çərçivəsində qapanıb qalmaqla tanınmaq, nüfuz və müvəffəqiyyət qazanmaq mümkün deyil. Ölkə Prezidentinin çevik, müasir və rəqabətədavamlı bir quruma çevrilmək tapşırığını əldə rəhbər tutan ARDNŞ xarici ölkələrdə investisiya proqramları həyata keçirir, cəlbedici layihələr icra edir, inamlı addımlar atır. Xaricdəki  fəaliyyətinin səmərəli təşkili məqsədilə şirkətin 10-dan artıq ölkədə nümayəndəlikləri təsis edilmişdir. Ölkəmizin hüdudlarından kənarda əldə edilən aktivlər Azərbaycan dövlətinin mülkiyyəti olaraq respublikamızın iqtisadi gücünün möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır. Gürcüstanda Kulevi neft terminalı, Türkiyədə "Petkim" neft-kimya holdinqi, İsveçrədə "SOCAR-Trading" kimi müəssisələr bir tərəfdən ölkəmizə iqtisadi dividendlər gətirir, digər tərəfdən beynəlxalq aləmdə ARDNŞ-nin tanınmasında, işgüzar nüfuz qazanmasında əvəzsiz rol oynayır. Artıq 3 ildir, Gürcüstanın qaz təchizatı sisteminin idarəçiliyi şirkət tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə ARDNŞ-nin daha bir layihəsinə start verildi -  "STAR" neft emalı zavodunun təməli qoyuldu. İllik məhsuldarlığı 10 milyon ton həcmində nəzərdə tutulan bu zavod istismara verildikdən sonra, ilk növbədə, "Petkim" neft-kimya kompleksinin xammala tələbatı ödəniləcək, istehsal edilən məhsulların qalan hissəsi isə Türkiyə bazarında reallaşdırılacaqdır. Hazırda Türkiyə neft-kimya sektorunun ən böyük müəssisəsi olan "Petkim" bu bazarda 25-27 faiz paya malikdir. Yeni zavodun işə düşməsi kompleksin illik istehsal gücünü 6 milyon tona, qardaş ölkənin neft-kimya sektorunda malik olduğu payı isə 40 faizədək yüksəltməyə imkan verəcəkdir. Holdinqə məxsus limanın genişləndirilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Bu gün artıq deyə bilərik ki, ARDNŞ-nin idarəçiliyində olan "Petkim"in tezliklə bütün regionda neft-kimya sənayesinin liderinə çevrilməsi üçün bütün addımlar atılmışdır.

Azərbaycanın çox qiymətli təbii sərvəti olan neft bu gün əsl mənada onun nurlu gələcəyinin təminatçısına çevrilmişdir. Neftdən gələn gəlirlər əməkhaqları və təqaüdlərin, əhalinin aztəminatlı təbəqələrinə müxtəlif sosial müavinətlərin ödənilməsində, eləcə də ölkədə genişhəcmli sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsində başlıca maliyyə qaynağıdır. Ulu öndər Heydər Əliyev daim tövsiyə edirdi: "Neft təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalıdır". Bu fikri öz fəaliyyətində rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyev Neft Fondunun fəaliyyətini daim nəzarətdə saxlayır, onun gələcək nəsillər üçün saxlanılması məqsədilə lazımi tədbirlər həyata keçirir. Xarici tərəfdaşlarla birgə layihələr çərçivəsində Azərbaycan dövlətinə ödənilən bonuslar, vergi rüsumları, digər maliyyə ayırmaları bu fondda toplanır və effektiv idarə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyanın bu qəbildən olan təşkilatları arasında şəffaflıq baxımından öncül yerlərdən birini tutur. Neft gəlirlərinin insan kapitalına transformasiyası, sanballı ictimai sərmayə mənbəyinə çevrilməsi həm Neft Fondu, həm dövlət büdcəsi, həm də ARDNŞ-nin maliyyə imkanları vasitəsilə paralel şəkildə davamlı olaraq həyata keçirilir. Bu gün ARDNŞ ölkənin ən böyük vergi ödəyicisidir. Sosial məsuliyyətini daim dərindən dərk edən şirkət büdcə ödəmələri ilə yanaşı, öz mənfəət gəlirləri hesabına ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarında, o cümlədən yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması məqsədi daşıyan proqramlarda, digər mədəni, elmi və ekoloji proqramların həyata keçirilməsində yaxından iştirak edir və mübaliğəsiz demək olar ki, bütün bu prosesdə aparıcı rol oynayır.    

Ölkə rəhbərinin sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən həyata keçirilən Azot gübrəsi-karbamid istehsalı zavodu ARDNŞ tərəfindən inşa olunur. Təməli 2011-ci ilin dekabrında dövlət başçısı cənab İlham Əliyev tərəfindən Sumqayıtda, "Azərikimya" İstehsal Birliyinin ərazisində qoyulmuş zavodun tikinti işləri müasir texnologiyalar əsasında 2012-2014-cü illər ərzində həyata keçiriləcək. Ammonyak istehsalı, karbamid mayesi və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaq zavodda sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edilməsi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi ilə ARDNŞ ölkə iqtisadiyyatının əsas sektorlarından olan kənd təsərrüfatının inkişafına böyük dəstək verəcəkdir.

Son illər ölkəmizdə ekoloji hərəkat geniş vüsət alıb. Ətraf mühitin -torpağın, havanın, suyun, o cümlədən Xəzər dənizinin çirklənmədən qorunması xüsusi aktuallıq kəsb edir. ARDNŞ mədən ərazilərinin, habelə dənizin Azərbaycan sektorunun neft və neft məhsulları ilə çirklənməsinin, havaya istixana effekti verən qazların atılmasının qarşısının alınması üzrə həyata keçirilən ekoloji layihələrdə də yaxından iştirak edir. Mədənlərdə  ətraf mühitin qorunmasına nail olunmuş, keçmişdən miras qalmış problemlərin həlli üzrə kamil proqramlar hazırlanaraq ardıcıl şəkildə həyata keçirilir. Respublikamızda təbiətə daha sağlam və həssas münasibətin formalaşdırılması məqsədilə Ekoloji parkın yaradılması, neft və qaz emalı zavodlarının Bakıdan kənara köçürülməsi üzrə hazırlıq işlərinin yekunlaşmaqda olması, "Ağ şəhər" layihəsi çərçivəsində görülən tədbirlər bu istiqamətdə şirkətin potensialının böyük olduğunu göstərir. ARDNŞ qarşıdakı illərdə ekoloji proqramlarda iştirakını daha da artıracaqdır.   

Dövlət Neft Şirkəti yerinə yetirdiyi sosial layihələrdə yeni, daha müasir standartlar yaradılmasına daim xüsusi diqqətlə yanaşır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına Lənkəran, Şirvan, Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ, Zaqatala, Quba, Şamaxı, Cəlilabad və digər şəhərlərdə tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika mərkəzləri buna bariz nümunədir. Azərbaycan səhiyyəsinin inkişafında bütöv bir mərhələ açmış, bölgələrimizə yeni səhiyyə xidməti mədəniyyəti gətirmiş bu mərkəzlər funksionallığı, memarlıq quruluşu etibarilə də fərqlənərək tibbi personalın pozitiv və məqsədyönlü fəaliyyəti nəticəsində qısa bir zamanda ölkə əhalisinin böyük etimadını qazanmışdır. Avropa, Amerika və Yaponiyanın bu sahədə tanınmış şirkətlərinin istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş regional müalicə-diaqnostika mərkəzlərində vaxtaşırı olaraq Mərkəzi Neftçilər Xəstəxanasının yüksək səviyyəli mütəxəssislərinin iştirakı ilə unikal cərrahi-diaqnostik əməliyyatlar təşkil olunmuş, transplantoloji əməliyyatlar aparılmışdır. Cari ilin əvvəlinədək ARDNŞ-nin balansında olan səhiyyə ocaqları, habelə uşaq bağçaları və mədəniyyət sarayları Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilmişdir.

Şirkət, eyni zamanda, ölkədə təhsil sisteminin inkişafını diqqət mərkəzində saxlayır, gənc neftçi mütəxəssislərin hazırlanması məqsədilə müxtəlif təqaüd proqramları həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin ən yüksək dünya standartları səviyyəsində yaradılması və tezliklə beynəlxalq miqyasda tanınması üçün ciddi hazırlıq gedir, ABŞ, İngiltərə və Avropa ölkələrinin nüfuzlu universitetləri ilə əməkdaşlıq qurulur, danışıqlar aparılır. Eyni zamanda, ölkəmizdə orta və ali təhsilin, fundamental elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində şirkət tərəfindən son illərdə həyata keçirilən fəaliyyətlər də uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına mühüm töhfələr verən ARDNŞ tərəfindən indiyədək Balakən, Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl rayonlarında və Bakı şəhərində onlarca yeni məktəb binası inşa edilmiş, əsaslı təmir olunmuş, müasir səviyyədə komplektləşdirilmişdir. Şirkət bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində fəal iştirak edərək təhsilin, səhiyyənin, elmin, mədəniyyətin, idmanın yüksəlişinə sərmayə yatırmaqda davam edəcəkdir. Çünki bu fəaliyyətin hədəfi Azərbaycanın daha işıqlı gələcəyi, xalqımızın maddi rifahının durmadan yüksəlməsidir.

Müasirləşmə və xalqın həyat səviyyəsinin yüksəlişi dinamik, fasiləsiz proseslər olub Azərbaycanda ilbəil daha böyük vüsət alan davamlı inkişafın başlıca məzmununu təşkil edir. Ölkəmizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tərəqqi strategiyasının məntiqi nəticəsidir və bütün bunlar hələ uzun zaman bundan sonra da beynəlxalq birliyin diqqətini cəlb edəcəkdir.

 

 

Rövnəq ABDULLAYEV,

Milli Məclisin deputatı,

ARDNŞ-nin prezidenti

 

Azərbaycan.- 2012.- 9 may.- S. 7.