Heydər Əliyev və Azərbaycan gəncliyi

 

Cəmiyyətin inkişafında gənc nəslin təlim-tərbiyəsinin böyük əhəmiyyəti var. Bugünün gəncliyi sabahı öz ruhuna, dünyagörüşünə, düşüncə tərzinə, mədəni səviyyəsinə uyğun olaraq müəyyənləşdirir. Yaşadığı, tərbiyə və təhsil aldığı dövlətin, cəmiyyətin ideologiyasına, konsepsiyasına uyğun yetişməkdə, formalaşmaqda olan gənclik buya digər milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə daha möhkəm bağlanır.

Dövlətdə, cəmiyyətdə bu meyarlar hamılıqla deyil, ayrı-ayrı şəxsiyyətlər, ideoloqlar tərəfindən müəyyənləşdirilir. Bu ideoloq şəxsiyyətlər isə həmin dövrlərdə ölkəni idarə edən rəhbərlər də ola bilər, cəmiyyətdə, xalq arasında nüfuz qazanmış ayrı-ayrı ziyalılar da. Bünövrəsi bir nəfərin şüurundan rişələnən hər hansı konsepsiya reallıqdan uzaq romantik xəyallardan ibarət deyilsə, özünə tərəfdaşlar toplayaraq ictimaiyyətə nüfuz etməyə başlayır.

Azərbaycanın ötən əsrdə yetirdiyi ən böyük simalarından olan ulu öndər Heydər Əliyev dünyaşöhrətli siyasətçi, müdrik, təşkilatçı və qurucu rəhbər olmaqla yanaşı, eyni zamanda azərbaycançılıq ideologiyasının banilərindən və bu ideologiyanı böyük şövqlə, cəsarətlə həyata keçirənlərdən biri olmuşdur. Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlardan bu ideologiyanı daim qəlbində, beynində daşımış, fürsət düşdükcə ən müxtəlif vasitələrlə bacarıqla həyata keçirmişdir. O dövrdə milli məsələlərin təbliğinə açıq-aşkar yol verilmirdi. Lakin Heydər Əliyev uzaqgörən siyasətçi kimi ötən əsrin yetmişinci illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizin, xalqımızın gələcəyini düşünərək çox böyük uzaqgörənliklə Azərbaycan gənclərini gələcəyin müstəqil ölkəsi üçün hazırlayırdı. Onları müstəqil dövlətin idarə edilməsi üçün ən gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli, qabaqcıl təhsil ənənəsinin əsasını qoymuşdu. Azərbaycana rəhbərliyi dövründə, eləcə də ondan sonra Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mötəbər vəzifələr tutduğu vaxtlarda da bu ənənənin uğurla davam etdirilməsinə birbaşa nəzarət etmişdir.

Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkəyə rəhbərlik edənlərdən biri olduğu vaxtlarda tez-tez Moskva universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirmiş, onların təhsilinin gedişi, həyat şəraitləri ilə daim yaxından maraqlanmış, imkanlardan və səlahiyyətlərindən Azərbaycan xalqının bugününün və sabahının xeyrinə maksimum istifadə etmişdir.  Ümumiyyətlə, Heydər Əliyevin rəhbərliyi ilə 1969-82-ci illərdə Azərbaycandakı yüksəlişi, ictimai və mədəni intibahı şərtləndirən əsas amillərdən biri respublikada təhsilin inkişafına ciddi diqqət yetirilməsi, gənclərimizin öz doğma ana dilində təhsil almasına üstünlük verilməsi olmuşdur.

Azərbaycanın milli hərbçi kadrlarının hazırlanması da xalqımızın müstəqil gələcəyini, bu tarixi zərurəti qabaqcadan görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyət kəsb edən məsələlərdən idi. Bir sözlə, ulu öndərin ötən əsrin 69-cu ilindən başlayan Azərbaycana rəhbərlik fəaliyyətini əsrin sonunda yaranacaq müstəqil Azərbaycanın idarəçiliyinə, bir növ, hazırlıq dövrü kimi qiymətləndirmək olar. Ulu öndərin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin formalaşması və yüksəlişi, xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü işlərdən biri də ölkənin xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsidir. Heydər Əliyev bu məqsədlə vaxtaşırı Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil edilməsinə nail olduğu kimi, keçmiş sovet respublikalarında və digər xarici ölkələrdə Azərbaycanın fəal, ziyalı gənclərinin də iştirak etdiyi mədəniyyət və incəsənət günlərinin keçirilməsini çətinliklə də olsa, reallaşdıra bilirdi. Bütün bunlar son nəticədə xarici ölkələrdə yaşayan azərbaycanlılarla, xüsusən azərbaycanlı gənclərlə əlaqələrinin qurulmasına zəmin yaradır, xalqımızın qədim tarixinin, bənzərsiz mədəni ənənələrinin tanınmasını, Bakının isə dünya miyqasında bir elm, mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Mən gənclərin bir çox forum və toplantılarının iştirakçısı olmuşam. Bu tarixi günləri ömrümün ən mənalı səhifələri hesab edir, həmin tədbirləri dönə-dönə xatırlayıram.

Ulu öndərin iştirak etdiyi ikinci forumda o, bizi diqqətlə dinlədi, özünün proqram nitqi ilə hər birimizin qəlbində ümid çırağı yandırdı, qarşıda duran vəzifələrə və gələcəkdə görəcəyimiz işlərə, həyata keçirəcəyimiz tədbirlərə aydın yollar göstərdi. Bu gün ölkədə gənclərimizin iştirakı ilə həyata keçirilən bütün tədbirlər, həllini tapan qlobal problemlər dahi rəhbərin adı ilə bağlıdır. 

Heydər Əliyev humanitar sahələrə xüsusi diqqət və qayğı ilə yanaşırdı. O, mətbuatda milli ruhlu yazıların dərc edilməsinə şərait yaradır, gənc yazarlara, jurnalist, yazıçı və şairlərə himayədarlıq edir, milli ruhdakı əsərlərə edilən basqınların qarşısını alır, onları daim qoruyurdu. Ədəbiyyat, mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz və bugünümüzlə bağlı milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşmanın bəhrələridir.

Ulu öndər ölkəmizə sovet dönəmində rəhbərlik etdiyi dövrlərdə də gəncləri həmişə diqqət mərkəzində saxlamışdır. Gənclər hər iki dövrdə onun həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərindən birini təşkil etmişlər. Təsadüfi deyil ki, ulu öndər daim "gənclər həyatımızın bəzəyidir", "gənclər bizim gələcəyimizdir" ifadələrini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda daha fəal iştirak etməyə həvəsləndirir, kadr siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərimizin maddi durumu, həyat, yaşayış səviyyəsi daim ümummilli lideri maraqlandırmışdır. O, iştirak etdiyi tədbirlərdə maraqlı təkliflər verən, mənalı nitq söyləyən, diqqətini cəlb edən istedadlı gənclərlə daim maraqlanmış, onlara daha geniş meydan verilməsini, irəli çəkilməsini təmin etmiş  onların görkəmli alim, siyasi xadim kimi yetişmələrinin qayğısını çəkmişdir. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamını gənclərimizə ünvanlayaraq, demək istəyirdi ki, hər bir vətəndaş öz vətəni, doğma yurd-yuvası ilə fəxr etməlidir. Bu, hər birimizin borcudur.

Heydər Əliyev həmişə Azərbaycan gəncliyinin himayədarı olmaqla yanaşı,  ideoloji istiqamətvericisi idi. Özünün Azərbaycanın bütün milli-mənəvi dəyərlərinə həssas münasibətilə nəinki gənclərə, hər bir azərbaycanlıya örnək idi. Azərbaycan tarixini və ədəbiyyatını, ana dilini dərindən bilir, ürəkdən sevir, başqalarına da sevdirməyi bacarırdı.

Ümummilli liderin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. O dövr üçün böyük cəsarət tələb edən bu addım məhz gələcəyin müstəqil Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, əksər klassiklərimizin yubileylərinin İttifaq səviyyəsində keçirilməsi, Azərbaycan mədəniyyətinin ön mövqelərə çıxması, elmi, ədəbi əsərlərin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlindən xəbər verirdi. Ulu öndər bununla azərbaycançılıq ideologiyasının yeni, müasir formada bünövrəsini qoyaraq, bu möhtəşəm konsepsiyanı möhkəm dayaqlar üzərində inkişaf etdirir, gənc nəslin azərbaycançılıq ideologiyasına köklənərək, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda, azadlıq və müstəqillik sevgisi ilə yetişməsini təşkil edirdi. Bunun nəticəsi idi ki, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gənclərinin böyük əksəriyyəti onun ətrafında sıx birləşdi. O dövrdə   Azərbaycan xalqını düşdüyü bəladan xilas etməsini, hərc-mərcliyin, vətəndaş qarşıdurmasının qarşısını almasını xahiş edənlərin böyük əksəriyyəti gənclər idi.

Heydər Əliyevin Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə gənclərin irəli çəkilməsi, məsul vəzifələrdə çalışması üçün münbit şərait yaradıldı. Onların xarici ölkələrdə təhsil almaq imkanları genişləndirildi. Təhsillə yanaşı, idmanın inkişafına xüsusi qayğı və diqqət göstərilməyə başladı. Əksər rayonlarda olimpiya-idman kompleksləri tikilib istifadəyə verildi.

Artıq 9 ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir, irəli sürdüyü sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə həyata keçirilir. O da fərəhli haldır ki, ölkəmizdə gedən böyük inkişafın önündə gənclərimiz addımlayır, yurdumuzun çiçəklənməsi naminə hər il yeni-yeni uğurlar qazanırlar.

 

 

Sevinc HÜSEYNOVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 9 may.- S. 8.