Ümummilli lider Heydər Əliyevin şərəfli ömrü və dövlət quruculuğu sahəsində gərgin fəaliyyəti indiki və gələcək nəsillərə nümunədir

 

  Müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, habelə köklü hüquqi islahatların aparılması, o cümlədən ədliyyə fəaliyyətinin inkişafının təmin edilməsi, nazirliyin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dahi öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində nazirliyin əməkdaşları ümummilli liderə sonsuz ehtiram əlaməti olaraq Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Həmçinin ümummilli liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulmuş, əziz və işıqlı xatirəsi anılmışdır.

Sonra Heydər Əliyev Muzeyində ədliyyə naziri Fikrət Məmmədovun və nazirliyin kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.

Mərasimdə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açılmış, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər vurğulanmışdır.

Ümummilli lider Heydər Əliyevlə bağlı zəngin təəssüratlarını və xatirələrini bölüşən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan tarixində əbədi və uca yer tutan ulu öndərimizin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulamış, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və dövlət quruculuğu sahəsində titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləmişdir.

Çıxış edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müasir məhkəmə və ədliyyə sisteminin inkişafında müstəsna rolu və xidmətlərindən bəhs etmiş, dahi rəhbərin milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində Prezident İlham Əliyevə layiqli yardımçı olacaqlarını bildirmiş, ümummilli lider tərəfindən əsası qoyulmuşbu gün də dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına işə qəbul üçün gənclərə hər cür şəraitin olmasını vurğulamışlar.

Nazirliyin əməkdaşları muzeydə ulu öndərin bənzərsiz həyatını və xalqımız tərəfindən heç zaman unudulmayacaq əvəzsiz xidmətlərini əks etdirən ekspozisiyalarla tanış olmuş, ümummilli liderə həsr olunmuş filmlərə baxmışlar.

Əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyinin gənc ədliyyə işçiləri ilə görüşü və Ədliyyə Akademiyasında tədbir keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 11.