Budapeştdə anım tədbiri keçirilmişdir

 

  Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibətilə Macarıstanın Etvöş Lorand Universitetinin (ELTE) Mərkəzi Kitabxanasında anım tədbiri keçirmişdir. Burada böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini, müasir Azərbaycanın inkişaf yolunu əks etdirən kitab, bukletalbomlardan ibarət sərgi təşkil edilmişdir.

Macarıstandakı Azərbaycan diasporu nümayəndələrinin, Budapeşt ali məktəblərində təhsil alan azərbaycanlı və macar tələbələrin, ELTE Universitetinin müəllim və tələbələrinin, kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Səfir V.Quliyev öz çıxışında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dövlətinin qurulub möhkəmlənməsinə, ölkədə elmin, təhsilin inkişafına verdiyi böyük töhfələrdən danışmışdır.

Səfir sərgidə nümayiş etdirilən çap məhsullarının Etvöş Lorand Universitetinin kitabxanasına hədiyyə olunduğunu bildirmişdir. 450 ildən bəri fəaliyyət göstərən və fondunda yüz minlərlə çap məhsulu mühafizə edilən bu kitabxanada yaxın gələcəkdə Azərbaycan və Heydər Əliyev guşələrinin yaradılması fikri ifadə olunmuşdur.

Kitabxananın direktoru doktor Laslo Sogi Macarıstanda türk dünyasının bir parçası kimi Azərbaycana böyük maraq göstərildiyini bildirmiş, hədiyyə olunan kitabların universitetin alim və tələbələrinin bu ölkəni daha yaxından tanımalarına imkan yaradacağını vurğulamışdır. O, ölkəmizin ali məktəbləri, ilk növbədə, Bakı Dövlət Universiteti ilə ardıcıl kitab mübadiləsini həyata keçirməyə hazır olduqlarını da xüsusi qeyd etmişdir.

Daha sonra tədbir iştirakçıları sərgidəki kitabalbomlarla tanış olmuşlar.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 9 may.- S. 11.