Ordunun zabiti, Vətənin oğlu idi

 

 Zaman keçdikcə İkinci dünya müharibəsi iştirakçılarının sıraları seyrəlir. Onların hər biri şərəflə yaşadığı ömrü başa vuraraq dünyasını dəyişir. Çoxlarımızın görmədiyi məmləkətlərdə, ayrı-ayrı ellərdə, uzaq-uzaq sahillərdə öz yurdunun şərəfini uca tutaraq igidlik göstərən, canından-qanından keçən bu insanlar bəzən bizlərin yaddaşında sadəcə olaraq öz doğmalarımız - babamız, əmimiz, dayımız, atamız kimi qalır. Tarix isə o qəhrəmanları və onların göstərdikləri rəşadəti unutmur.

İkinci dünya müharibəsi tarixini keçmiş SSRİ məkanının, eləcə də bir çox digər ölkələrin arxivlərində, kitablarında aramaq istəsən, neçə-neçə azərbaycanlı igidin adına rast gələrsən.

Onlar yüzlərlə, minlərlə olsa da, "Vətən" deyib uğrunda sinə gərdikləri sovetlər ölkəsinin İkinci dünya müharibəsi dövründəki tarixinə hər birinin adı, hünəri, dəst-xətti həkk olunub.

Bu günlərdə 1941-1945-ci illər müharibəsi qəhrəmanları və iştirakçılarının döyüş yolu ilə bağlı yenicə açılan podviq naroda.ru saytına baxırdım. Azərbaycanlı döyüşçülər arasında dayım Əlisəfa Heydər oğlu Bağırovun da adını gördüm. Onunla bağlı səhifəni açıb oxudum. Demə, doğma dayım olmağına baxmayaraq, onun haqqında bildiklərim çox az imiş...

Əlisəfa Bağırovun adına yazılmış "Təltif vərəqi". Bu sənəd 1945-ci il mayın 3-də 1354-cü zenit artilleriya alayının komandiri, mayor Mizenin tərəfindən imzalanıb. "Təltif vərəqi"ndə qeyd edilir ki, 1945-ci il martın 25-dən başlayan hücum əməliyyatlarında baş leytenant Bağırov batareya komandiri kimi rəşadət və hünər nümunəsi göstərmiş, tabeliyində olan döyüşçülərə  bacarıqla rəhbərlik etmişdir. Belə ki, Bağırovun batareyası hücum zamanı düşmən aviasiyasının bizim döyüş mövqelərimizə uçuşunun qarşısını alaraq almanların "FE-190" markalı bir təyyarəsini vurmuş, 105 mm kalibrli iki artilleriyasını yerlə yeksan etmiş, iki müşahidə məntəqəsini dağıtmış, düşmənin 40 nəfərdən çox zabit və əsgərini məhv etmişdir.

Mürəkkəb şəraitdə keçən hücum döyüşləri zamanı batareyaya bacarıqla rəhbərlik etdiyinə və düşmənin xeyli texnika və canlı qüvvəsini məhv etdiyinə görə baş leytenant Bağırov dövlət mükafatına - "2-ci dərəcəli Vətən müharibəsi ordeni"nə layiq görülmüşdür.

Bu sənəd cəmi beş-on cümlə ilə tamamlansa da, əslində, böyük bir döyüş yoluna bələdçilik edir. Əlisəfa Bağırovun döyüş yolu böyük olub. Bu, həm onun məsafə baxımından keçdiyi yolu, göstərdiyi igidliklərin həcmini, hərbi qabiliyyətini, nəhayət, qəlbindəki vətənpərvərlik duyğularının dərinliyini əks etdirir.

Bu duyğular Əlisəfanın varlığına hələ uşaqlıq illərindən hakim kəsilmişdi. Həmişə "sərkərdə olacağam" deyirdi.

Bacısı Cəmilə xanım o illəri belə xatırlayır:

- Əlisəfa yaşca məndən böyük idi, 1923-cü ilin fevralında anadan olmuşdu. Bakıdakı 190 nömrəli orta məktəbi bitirmişdi. Bitirmişdi deyəndə, elə buraxılış imtahanlarını verən kimi cəbhəyə getmək üçün ərizə yazıb könüllülər sırasına qoşulmuşdu. Anam gedib məktəbdən onun attestatını götürəndə Əlisəfa özü artıq orduda idi. Yadımdadır ki, tarix fənnini çox dərindən bilirdi. Sinif yoldaşları, tay-tuşları ilə fikir mübadiləsi aparanda, hansısa mövzunu müzakirə edəndə görürdüm ki, qardaşımın mühakiməsi digərlərindən fərqlənir. Lap yetkin insan kimi mühakimə yürüdür, fikir söyləyirdi. 1939-cu ildə Almaniya Polşanın üzərinə hücuma keçdiyi vaxtdan hadisələrin gedişini narahatlıqla izləyir, hər gün dəftərçəsində qeydlər aparırdı. Elə bil bu uşaq özünü müharibəyə, döyüşməyə hazırlayırdı...

1941-ci il iyunun 22-də faşist Almaniyası elan edilməmiş müharibəyə başlayanda Əlisəfanın yalnız bir seçimi olur. Birbaşa hərbi komissarlığa gedib cəbhəyə göndərilməsini xahiş edir. Ona iyul ayından başlayaraq yarım il Salyan kazarmasında təlim keçirlər. Ön cəbhəyə artıq hazırlıqlı əsgər kimi yollanır. Əvvəlcə Stalinqrad cəbhəsində vuruşur. Daha sonra döyüş yolu 2-ci Ukrayna cəbhəsindən keçir. 53-cü orduda və 4-cü orduda da olub. Bunların hər ikisi İkinci dünya müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrinin tərkibində formalaşmış operativ qoşun birləşmələri idi. Hər ikisi ən mühüm döyüşlərin iştirakçısı olmuşdu.

Mürəkkəb döyüşlərin getdiyi qanlı-qadalı 1942-ci ilin yazından payızınadək - yarım ildən çox vaxt ərzində Əlisəfa Stalinqrad cəbhəsində hünərlə vuruşur. Sentyabr ayının 5-də yenə də çətin bir döyüş olur. Faşistlər yeri-göyü oda qalayanda Əlisəfa və dostları da onların qarşısına "əliboş" çıxmırlar. Beləliklə, həmin gün hamı azərbaycanlı gəncin döyüş məharətinə heyran qalır. Lakin çox təəssüf ki, vuruşmanın sonuna yaxın o, yaralanır. Həm də aldığı yara ağır olur.

Hospitalda xeyli çəkən müalicələrdən sonra Əlisəfa Bağırov yenidən döyüş meydanına atılır. Bu dəfə o, artıq 2-ci Ukrayna cəbhəsində döyüşür. 1943-cü ilin yayından başlanan bu yol isə müharibənin son anına qədər davam edir. Gücü, enerjisi, sevgisi, nifrəti köksünə sığmayan bu gənc sonralar da çox igidlik göstərir. "1-ci dərəcəli Vətən müharibəsi ordeni"ni 1944-cü ilin iyun ayında alır. Onu Kommunist Partiyası üzvlüyünə namizəd qəbul edirlər. O dövrün meyarları ilə 20-21 yaşlı əsgər üçün bu, böyük etimad sayılırdı.

Əlisəfa Bağırovun döyüş rəşadəti üçüncü ordenə - "Qırmızı Ulduz" ordeninə layiq görülür. Daha sonra yenə də Ukrayna cəbhəsində göstərdiyi igidliyə görə "1-ci dərəcəli Vətən müharibəsi ordeni" ilə təltif olunur. Aldığı medallar isə keçdiyi ölkə və şəhərlərin coğrafiyasını, iştirakçısı olduğu döyüşlərin ünvanını özündə əks etdirir və şübhəsiz, hər birinin arxasında neçə-neçə hünər dayanır . Belə ki, Baş komandan Stalinin imzaladığı əmrlərlə "2-ci Ukrayna cəbhəsində iştirakına görə", "Stalinqradın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin azad edilməsinə görə", "1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə" və s. medallarla təltif olunur. Lakin bu təltiflərdəki yer adları da onun döyüş yolunun coğrafiyasını tam əks etdirmir. Batareya komandiri Əlisəfa Bağırov xidmət etdiyi ordu və alayların tərkibində Leninqradın müdafiəçiləri sıralarında olub, Dnepr çayından keçib, Kursk döyüşlərində, Kirovoqrad əməliyyatlarında iştirak edib. Yassko-Kişinyov, Budapeşt əməliyyatlarında şücaət göstərib.

Rusiyadan, Ukraynadan, Rumıniyadan, Çexoslovakiyadan, Macarıstandan keçən bu döyüş yolu Almaniyada zəfərlə başa çatıb. Qvardiyaçı Əlisəfa Bağırov Berlində gördüklərini belə xatırlayırdı:

"Məğlubiyyətini aydın başa düşən Hitler azğınlaşmışdı, ən qəddar əmrlər verirdi. O zaman Berlinin özündə terror hökm sürürdü. Fərarilik edən əsgərləri dirəklərdən asırdılar. Ağ bayraqlar asmaq ciddi qadağan edilmişdi. Bunu edənlər güllələnirdi. Ümumiyyətlə, Hitler əmr vermişdi ki, təslim olmaq sözünü dilinə gətirənləri assınlar. Döyüşçülərimiz metronun yeraltı stansiyaları vasitəsilə almanların arxasına keçib tez-tez cinahlardan alman səngərlərinə hücum edirdilər. Hitler bu zaman ən qəddar əmrini verirdi. Metro stansiyasını dağıdır, yaxud da suda batırırdı. Halbuki orada minlərlə yaralı insan özünə sığınacaq tapmışdı. Berlinin müdafiə planı havaya sovrulmuşdu".

Əlisəfa Bağırov çox bacarıqlı idi. Bəlkə də buna görə dar bir məkana sığmayıb, müharibədən sonra da neçə-neçə yerdə yaşayıb və çalışıb. İxtisaslaşmış hərbi təhsil alıb. Xeyli müddət Berlində işləyib, sonra Uzaq Şərqdə xidmət edib. 6 il Saxalində hərbi qulluqda olub.

Müharibə illərində böyük məharət nümayiş etdirmiş artilleriyaçının hərbi rütbəsi də pillə-pillə artırılırdı. 1963-cü ildə o, artıq Bakıya göndərilir. Bakıya gələn zaman mayor rütbəsində idi.

Azərbaycana gələndən sonra Ə.Bağırov Bakının Binəqədi rayonunun hərbi komissarlığında işləyib. Siyasi rəhbər, 3-cü şöbənin rəisi vəzifələrində çalışıb. Burada polkovnik-leytenant rütbəsinədək yüksəlib.

Bütün bunlarla yanaşı qiyabi yolla Azərbaycan Texniki Universitetini bitirmişdi, istehsalata, texnikaya yaxından bələd idi. Odur ki, istefaya çıxandan sonra bir müddət çörək zavodunda baş mühəndis, sonra da həmin müəssisənin direktoru vəzifəsində çalışmaq ona çətin olmadı.

Bir sözlə, Əlisəfa harada olursa-olsun hörmət-izzət qazanırdı. Qohum-əqrəba arasında da həmçinin. Hələ cavan ikən qardaş-bacıları, doğmaları onu özlərinə ağsaqqal seçmişdilər. Ciddi, mərd, vüqarlı olduğu qədər də etibarlı və mehriban, ədalətli və qayğıkeş idi. Amma yaşadığı çətin və keşməkeşli həyat səhhətində də iz salmışdı. Müharibə illərindən ağciyərində qalmış qəlpə onu xüsusilə incidirdi. Bakıda və Moskvada hospitalda yatsa da, əməliyyat edib həmin qəlpəni çıxarmaq çox riskli idi. Xüsusilə ömrünün son iki ilini əziyyət çəkdi və 1986-ci ilin iyun ayının 24-də dünyasını dəyişdi. Çox təəssüf ki, canı qədər sevdiyi oğlu Mustafanın, qızı Nailənin xoşbəxt günlərini görmək ona qismət olmadı.

Belə bir insan idi Bağırov Əlisəfa Heydər oğlu. "Vətənimin əsgəriyəm" deyərək son gününədək bu andına sadiq qaldı. Hərbidə olanda da, orada olmadığı vaxtlarda da hər sahədə Vətəninə əsgər kimi xidmət edərək ömrünü gələcək nəsillər üçün bir həyat məktəbinə çevirdi.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 9 may.- S. 12.