Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Ədliyyə Akademiyasında qeyd edilmişdir

 

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında nazirliyin rəhbərliyinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ömrünü bütünlüklə Azərbaycanın daimi inkişafına həsr etmiş, müstəqil dövlətçiliyimizin banisi və xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin sonsuz tarixi xidmətlərindən danışaraq qeyd etmişdir ki, dahi rəhbərin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində milli-mənəvi dəyərlərimizin yaşadılmasına, Azərbaycan elminin, təhsilinin, xalqımızın müasir təfəkkürünün inkişafına, milli özünüdərkin dirçəldilməsinə nail olunmuş, bütün sahələrdə əsl intibah başlamışdır. Ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində milli kadrların yetişdirilməsinə və Azərbaycan gənclərinin tədrisinə qayğılı münasibət bəsləmişdir.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan hərtərəfli islahatlar çərçivəsində ədliyyə sistemində də köklü dəyişikliklər baş vermiş, Ədliyyə Akademiyası yaradılaraq dövlət başçısı tərəfindən onun yüksək statusu müəyyən edilmişdir.

Yığıncaqda ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutunun yaradılması, Ədliyyə Akademiyasında ədliyyə, prokurorluq orqanlarına və vəkilliyə namizədlərin icbari təlimə cəlb olunması, habelə hakimliyə namizədlərin və hakimlərin tədrisinin mükəmməl aparılmasının əhəmiyyəti qeyd edilmiş, akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin və işin təşkilinin müasir tələblər səviyyəsində qurulması, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübə öyrənilməklə qabaqcıl tədris metodlarının tətbiqi üzrə və digər konkret tapşırıqlar verilmişdir.

Eyni zamanda, Avropa İttifaqı ilə birgə həyata keçirilən və akademiyanın potensialının gücləndirilməsini də nəzərdə tutan "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramının icrası, habelə beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, xüsusilə Türkiyənin Ədliyyə Akademiyası ilə imzalanmış əməkdaşlığa dair İşçi Proqramın implementasiyası üzrə işlərin intensivləşdirilməsi üzrə tədbirlər müəyyən olunmuşdur.

Tədbirdə ədliyyə işçiləri fəaliyyətlərinin ümummilli liderin yüksək tələbləri səviyyəsində qurulması və ulu öndər Heydər Əliyevin dövlətimizin qüdrətlənməsi naminə ideyalarını gerçəkləşdirən  Prezident İlham Əliyevə layiqli yardımçı olmaları üçün daha əzmkarlıqla çalışacaqlarını söyləmişlər.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 9.