Qubadlılılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd etmişlər

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilmiş, rayon məktəblilərinin inşa yazı, musiqi məktəbləri şagirdlərinin mahnı müsabiqələri, idman yarışları, rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələr, kitab bayramı təşkil edilmişdir. Bu tədbirlər sırasında mayın 10-da Sumqayıtda yerləşən "28 May" mədəniyyət evində  təntənəli ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar "28 May" mədəniyyət evinin foyesində Heydər Əliyevin kitablarından və ümummilli lider haqqında yazılan çap materiallarından təşkil olunmuş, həmçinin Qubadlı rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək ümummilli liderin həyatından və siyasi fəaliyyətindən bəhs etmişdir. O, ulu öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, hələ 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, milli kadr hazırlığına, müstəqil düşüncəyə yol açmışdı. Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bütün pillələr üzrə təhsil şəbəkəsi genişləndirilmiş, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Fikir, düşüncə sahiblərinin, yaradıcı insanların ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktiki səmərəli nəticələri idi.

Xüsusi vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Ölkədə ictimai-siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişafa geniş meydan açılmış, respublikaya xarici sərmayələr cəlb edilmiş, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmişdir. Həmçinin dünya azərbaycanlılarının birliyi yaradılmış, dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır.

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yenilənməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqli davamıdır.

Tədbirdə ulu öndərin böyük ömrünün anlarını əks etdirən videofilm nümayiş etdirilmiş və ən böyük azərbaycanlıya həsr olunmuş müxtəlif səpgili şeirlər söylənmişdir. Rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən, ayrı-ayrı sahələrdə uğurlu nəticələr qazanan bir qrup şəxsə, o cümlədən ulu öndərin doğum gününə həsr olunmuş inşa müsabiqəsi, musiqiidman yarışmalarında fərqlənmiş  məktəblilərə fəxri fərmanlar təqdim edilmişdir.

Ümumrayon tədbiri respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə yekunlaşmışdır.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 10.