Orxan Süleymanov növbəti dəfə Avropa çempionu oldu

 

2012-ci il İdman ilidir

 

 Müasir dövrdə idman sahəsində qazanılan uğurlar hər bir ölkənin tərəqqisini stimullaşdıran amil kimi böyük aktuallıq kəsb edir.

Bu sahənin dinamik inkişafı gənc nəslin fiziki-mənəvi sağlamlığı ilə yanaşı, insan potensialının səmərəli şəkildə reallaşdırılması, cəmiyyətin yetkinləşməsi, milli genefondun qorunub saxlanması baxımından son dərəcə vacibdir. Bu baxımdan Azərbaycan rəhbərliyinin  həyata keçirdiyi idman siyasəti təqdirə layiqdir.

Ümumiyyətlə, bu gün  ölkəmizdə idmançılar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Son illər ölkədə idmanla məşğul olanların sayının əhəmiyyətli dərəcədə artması, respublikada dünya və Avropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasına əsaslanır.

Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliyinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarca olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və qitə çempionatları keçirilmişdir. İdmançılarımız da öz qələbələri ilə daim ölkəmizin idman şöhrətini uca tutmuşlar.

Belə xoş xəbərlərdən biri Ukraynadan gəldi. Bu ölkənin  Odessa şəhərində karate  üzrə Avropa çempionatı keçirilmişdir. Komandamız mötəbər yarışa WKC  Federasiyasının prezidenti Nurəddin Quliyevin rəhbərliyi altında 40 nəfər idmançı ilə qatılmışdı.

Turnirdə  uğurla çıxış edən millimiz 8 qızıl, 3 gümüş, 4 bürünc medal qazanmışdır. Yığmamızın heyətində Orxan Süleymanov (84 kq) nümayiş etdirdiyi döyüşlərlə bütün diqqəti özünə çəkmişdi. O, yarımfinalda bolqarıstanlı, finalda isə ukraynalı  idmançını məğlub edərək Avropa çempionu adını qazanmışdır. Xatırladaq ki, Orxan buna kimi 6 dəfə Azərbaycan, dəfələrlə bir sıra beynəlxalq turnirlərin, Avrasiya, Avropa və dünya çempionatlarının qalibi və dünya kubokunun sahibi olmuşdur.

Orxan söhbət zamanı qeyd etdi ki, çempionluq sevincini yaşamaq hər bir idmançının ən böyük arzusudur, çünki bayrağımız yüksəkdə dalğalanır, dövlətimizin himni səslənir: "Bu çempionat digər turnirlərə nisbətən çox çətin idi. Dünyanın, demək olar ki, ən güclü karateçiləri qitə birinciliyində mübarizə aparırdılar. Sevinirəm ki, bu çətin və məsuliyyətli yarışda qalib gələrək Azərbaycanın üçrəngli bayrağını yüksəkliyə qaldırıb, Vətənə çempion kimi qayıtdım.

Mən idmançılara qazandığımız  uğurlarda maddi və mənəvi  dəstək olan "Bakısərnişinnəqliyyat" MMC-nin şöbə müdiri İlqar Məmmədova dərin təşəkkürümü bildirirəm. Azərbaycanda həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən idmançılara  göstərilən böyük hörmət, xüsusi qayğı və dəstək idmanın kütləvi xarakter almasında həlledici rol oynayır".

İnanırıq ki, dünya və Avropa çempionatlarında qazandıqları uğurlu nəticələrlə ölkəmizin adını zirvələrə qaldıran karateçilərimiz növbəti beynəlxalq turnirlərdən də qələbə ilə qayıdaraq xalqımızı sevindirəcəklər.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 11 may.- S. 12.