Azərbaycan Prezidenti İlham Əliyev Sudanın xarici işlər naziri Əli Əhmed Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xarici işlər naziri Əli Əhmed Karti Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin məktubunu və salamlarını dövlət başçısına çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin böyük təəssürat yaratdığını dedi. Əli Əhmed Karti Azərbaycanın beynəlxalq təşkilatlarda Sudanı dəstəkləməsinə görə minnətdarlığını ifadə etdi.

Azərbaycan ilə Sudanın beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin genişləndiriləcəyi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.

Prezident İlham Əliyev Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin məktubuna və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 may.- S. 4.