Müslüm Maqomayevin 70 illik yubileyi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2012-ci ilin avqust ayında görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 70 illiyi tamam olur.

Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri vardır. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaratmışdır. Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği işinə mühüm töhfələr vermiş Müslüm Maqomayevin 70 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 4.