Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısı hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

 

 Mayın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 36-sı 80, dördü isə 40 mənzilli olmaqla 20 beşmərtəbəli yaşayış binası tikilir.

Məhəllədə 1296 şagird yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulmuşdur.

Ə.Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşmüş, ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vəsait 2,5 dəfə artırılmışdır. Hazırda Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır.

Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısı hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda bir neçə dəfə səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş dövlətimizin başçısının bu istiqamətdə gördüyü işləri digər ölkələr üçün nümunə adlandırmışdır.

Azərbaycanın əldə etdiyi uğurlardan danışan Ə.Həsənov vurğulamışdır ki, BMT-nin İqtisadiSosial Şurasının qəbul etdiyi qərara əsasən aprelin 26-da Azərbaycan qurumun Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bu, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzun daha bir göstəricisidir.

Ə.Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyevin son doqquz ildə apardığı işlərin nəticəsi olaraq ölkəmiz dünyaya uğurla inteqrasiya edir. Azərbaycan artıq dünyada öz layiqli yerini tutmuşdur.

Komitənin sədri məhəllədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıqlarını vermişdir.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 9.