Milli dövlətçiliyimizin banisi olan ümummilli lider Heydər Əliyev müasir hüquq sistemimizin də müəllifidir

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü bütün ölkəmizdə böyük bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edilir.

Məhkəmə-Hüquq Şurasının mayın 10-da keçirilən iclasında çıxış edən şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov şərəfli fəaliyyəti ilə müasir Azərbaycan tarixini yaradan dahi öndərimizin zəngin və mənalı ömür yolu, xalqımız qarşısında fədakar xilaskarlıq missiyasından danışmış, Heydər Əliyevin titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir. Milli dövlətçiliyimizin banisi olan ümummilli liderin müasir hüquq sistemimizin də müəllifi olduğu, onun bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli hüquqi islahatların müsbət nəticələri qeyd edilmiş, əbədiyaşar liderin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.

Məhkəmə-Hüquq Şurasından bildirmişlər ki, tədbirdə dövlətimizin başçısının sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adına layiq bilinmiş Sumqayıt Apelyasiya Məhkəməsinin sədri İkram Kərimova həmin fəxri adın vəsiqəsi və döş nişanı təntənəli təqdim edilmişdir.

İ.Kərimov fəaliyyətinə verilmiş yüksək qiymətə görə dövlətimizin  başçısına dərin minnətdarlığını ifadə etmiş, təqdimetmə mərasiminin bu əlamətdar gündə keçirilməsinin böyük məsuliyyət yaratdığını vurğulayaraq dahi öndərin insanpərvər ideya və amallarının ədalət mühakiməsinin həyata keçirilməsində əsas yolgöstəricisi olduğunu bildirmişdir.

İclasda kadr və digər təşkilati məsələlərə də baxılmışdır.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 11.