Azərbaycanın qüdrətli Silahlı Qüvvələri istənilən an zəfər yürüşünə hazırdır

 

 Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxilixarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə  bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi.

1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - "Bişkek protokolu" qüvvəyə minmişdir. Sənədi Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imzalamışlar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdır. Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd edilmişdir.

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu dövrdən başlayaraq ümummilli liderin rəhbərliyi altında silahlı qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Yeni yaradılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin mərkəzləşdirilmiş maddi-texniki təminatının, maliyyə-təsərrüfat fəaliyyətinin nizama salınması Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeniləşdirdi. 

Ümummilli lider Heydər Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verirdi. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə - əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədris səviyyəsinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi Milli Ordunun bugünkü səviyyəyə çatmasında əsaslı rol oynadı. Ulu öndər hələ 70-ci illərdə Azərbaycanda yaratdığı hərbi məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirdi. C.Naxçıvanski adına Hərbi Ali Liseyin Naxçıvan filialı yaradıldı, digər hərbi ali məktəblərin NATO standartları əsasında yenidən qurulub inkişaf etdirilməsi istiqamətində addımlar atıldı.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 9 ildə Silahlı Qüvvələrin güclənməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. 2003-cü ildə cəmi 150 milyon dollar büdcəsi olan Azərbaycan Silahlı Qüvvələri üçün 2011-ci ildə dövlət büdcəsindən ayrılan vəsaitlər 3 milyard ABŞ dollarından çox olmuşdur. 2012-ci ildə bu vəsait daha da artırılmışdır. Hələ 2003-cü ildə "Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır", - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008-ci və 2011-ci illərin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Bakının bayram libası geymiş Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Bu hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verdi.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 12 may.- S. 15.