Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İnayatullah Kakar ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 20 il bundan əvvəl - 9 iyun 1992-ci ildə yaradıldığını bildirərək ötən müddət ərzində iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı inam və etimadın gücləndiyini vurğulamışdır.

Ali Məclisin Sədri demişdir ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və strateji müttəfiqlik beynəlxalq, eləcə də regional təşkilatlar çərçivəsindəki əməkdaşlıqda da özünü göstərir. Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdardır.

Qeyd olunmuşdur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı qətnamə qəbul edilmiş, Pakistan Senatı azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını tanımış, bugünədək işğalçı Ermənistan ilə diplomatik əlaqələr yaratmamışdır.

Ali Məclisin Sədri bunu Pakistanın Azərbaycana siyasi dəstəyinin ən bariz nümunəsi kimi dəyərləndirmiş, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə hörmət və ehtiramını bildirmişdir.

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası ilə Pakistan arasında müxtəlif sahələrdə əlaqələrin yaradıldığını bildirən Ali Məclisin Sədri mədəniyyət, təhsil, turizm, iqtisadi və ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu qeyd etmişdir.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir demişdir ki, Pakistan İslam Respublikası Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə əlaqələrin daha da dərinləşməsinə ciddi maraq göstərir.

İnayatullah Kakar ölkələrimiz arasında tarixi köklərə malik olan əlaqələrin zəngin mədəniyyət, din və adət-ənənələrə əsaslandığını bildirmiş, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın regional və beynəlxalq müstəvidə bundan sonra da Azərbaycanın yanında olacağını qeyd etmişdir. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olduğunu bildirən səfir demişdir ki, Azərbaycanın bu qədim diyarının hərtərəfli inkişafı böyük məmnunluq doğurur. Pakistan-Azərbaycan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yerirolu vardır.

İnayatullah Kakar ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Səfir 4 günlük səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 4.