Avropa Şurasında Azərbaycanın siyasi iradəsinin uğuru

 

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti iclasında "siyasi məhbus"lar mövzusu bir daha müzakirə olunmuşdur.

İclasdan xeyli əvvəl ispaniyalı deputat Arkadio Diaz Tejera və onunla həmfikir olan daha 27 komitə üzvü xüsusi məktubla müraciət edərək almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı məruzənin quruluşu ilə bağlı etirazlarını bildirmiş, ilk növbədə, "siyasi məhbus" anlayışının dəqiq hüdudlarını təqdim edəcək məruzənin olması zərurətini vurğulamışlar. Eyni zamanda, K.Ştrasser də ayrıca məktubla komitəyə müraciət etmiş, elə üzərində işlədiyi məruzənin daxilində bu meyarları da açıqlayacağını və iyun ayının sonunadək məruzənin mətnini bitirəcəyini nəzərə çatdırmışdır.

Elə hüquqi işlər və insan haqları komitəsindəki qızğın diskussiyalar da bu ətrafda cərəyan etmişdir. AŞ PA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanovun da iştirak etdiyi iclasda 20-dək çıxış dinlənilmişdir. Fransadan olan deputat Y.Borqo, almaniyalı M.Şuster, rusiyalı L.Kalaşnikov, isveçrəli A.Qross, Avropa Şurası Parlament Assambleyasının baş katibi və bir çox başqaları problemlə əlaqədar müxtəlif baxışlarını bölüşmüşlər.

Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov müzakirələr əsnasında Azərbaycanın prinsipial mövqeyini ifadə edərək demişdir: "Nəzərə alsaq ki, "siyasi məhbus" problemi ilə bağlı müzakirələr Avropa Şurasında 1956-cı ildən başlayaraq davam edir və hələ də qənaətbəxş nəticə yoxdur, onda məsələnin mürəkkəbliyi aydın duyular. Bunun başlıca səbəbi isə odur ki, indiyədək "siyasi məhbus" anlayışının meyarları müəyyənləşdirilməmişdir. Ona görə də son iclaslarımızda bu istiqamətdə yaranan mübahisələr, fikir müxtəliflikləri başa düşüləndir, həm də qanunauyğundur. Bizim dediyimiz hər sözün, qəbul etdiyimiz hər qərarın arxasında, ilk növbədə, məntiq dayanmalıdır. Ən sadə məntiq isə bunu deyir ki, bir anlayışın mahiyyətini dəqiq müəyyənləşdirmədən onu hansısa şəxsə, yaxud ölkəyə tətbiq edərək araşdırma aparmaq olmaz. Təsəvvür edin ki, biz hələ laboratoriya sınaqlarından keçməmiş, ekspertlər tərəfindən təsdiq edilərək qəbul olunmamış bir dərmanı heç bir razılıq olmadan zorla hansısa xəstəyə tətbiq etməyə çalışır, guya onu sağaltmaq istəyirik. Bu isə yalnız qanunsuz deyil, həm də son dərəcə ədalətsiz bir hərəkət olardı və hətta bunu cinayət kimi qiymətləndirirlər. Ona görə də mən tamamilə o fikrin tərəfdarıyam ki, bu gün, dünən deyil, çox illər bundan əvvəldən israrla qeyd edildiyi kimi "siyasi məhbus" anlayışının meyarlarını müəyyənləşdirəcək müstəqil bir məruzə mütləq olmalıdır. Hər hansı assambleya üzvü, yaxud ekspert qrupu elmi əsaslara dayanan ayrıca belə bir məruzəni hazırlayarsa, ümumi işimizə çox xidmət etmiş olar. Mən bu haqda hələ 2003-cü ildə "Siyasi məhbus" anlayışının universal meyarları" adlı 9662 saylı xüsusi sənəd də hazırlamışdım və orada qoyulan məsələyə bir sıra komitə üzvləri də şərik çıxaraq imza atmışdılar. Biz yalnız Avropa Şurası üzvü olan konkret ölkədə deyil, istənilən dünya ölkəsində bu problemi tədqiq edə bilərik, amma təbii ki, mütləq əvvəlcə meyarlar müəyyənləşdirilməlidir. Bu komitəyə mədəni, savadlı, heç bir təmənnası, maraq konfliktləri olmayan insanlar toplaşıb və niyyətimiz həqiqətə qulluq etməkdir. Gəlin elə edək ki, hansısa yanlış addım ümumi fəaliyyətimizə kölgə salmasın. Mən deputat həmkarlarım Arkadio Diaz Tejera və Agustin Conde Bajenin müraciətini dəstəkləyirəm. İnanıram ki, biz əvvəlcədən də qət etdiyimiz kimi məruzələri ayırsaq və ayırmalıyıq da, düzgün hərəkət etmiş olarıq.  Həqiqət axtarışı zamanı ambisiyalar mütləq kənara qoyulmalıdır. İnanıram ki, "siyasi məhbus" anlayışının meyarları haqda tələsmədən, səbirlə hazırlanacaq müstəqil məruzə Avropa Şurasında on illərlə açıq qalan suala cavab verən layiqli töhfə olacaqdır".

Ətraflı fikir mübadiləsindən sonra "siyasi məhbus" anlayışının meyarlarının müəyyənləşdirilməsi ilə əlaqədar ayrıca məruzənin hazırlanıb-hazırlanmaması məsələsi səsverməyə qoyulmuşdur. Komitə üzvlərinin böyük əksəriyyəti belə bir məruzənin hazırlanmasının vacibliyinə müsbət səs vermişlər. Beləliklə, bir qisim siyasətbazların siyasi möhtəkirlik obyektinə çevirdiyi məsələ ilə bağlı nəhayət ki, ədalətli qərar qəbul edilmişdir. İllərdən bəri xüsusi məkrli niyyətlərlə hədəfə götürülmüş konkret bir ölkədə deyil, hər hansı Avropa ölkəsində "siyasi məhbus" probleminin məhz dəqiq meyarlar müəyyənləşdiriləndən sonra araşdırmağı təklif edən Azərbaycanın siyasi iradəsi son olaraq gücünü göstərdi.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 23 may.- S. 4.