Təbiətin saflığını, insanların sağlamlığını qoruyanlar

 

Bu gün Azərbaycan ekoloqlarının peşə bayramıdır

 

 Elə problemlər var ki, onların tək bir ölkəni, onun xalqı narahat etmir, bütün dünyanı düşündürür. İndiki və gələcək nəsillərin sağlamlığının başlıca şərti ekologiyanın saflığı olduğundan, bu sahədəki problemlərin həlli Yer üzünün bütün xalqlarının gündəmdə saxladığı vacib məsələdir.

Azərbaycanda da ekoloji problemlərin müvəffəqiyyətlə həll olunmasına böyük səylər göstərilir. Son 20 ildə bu məsələyə xüsusi önəm verilir. Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması sözügedən sahəyə diqqət və qayğının ən bariz nümunəsidir. Həmin vaxtdan da bu nazirlik ekologiya, ətraf mühitin mühafizəsi, geologiya, hidrometeorologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini uğurla həyata keçirir.

Ulu öndərin ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi sahəsində yaratdığı ənənələr Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Dövlət başçısının 16 may 2007-ci il tarixli sərəncamına uyğun olaraq hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 2010-cu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. Lakin ekologiyaya qayğı ölkəmizdə heçmövsümi, yaxud kampaniya xarakteri daşımır, bu, hər gün, hər saat diqqət mərkəzində olan bir məsələdir.

Azərbaycan ekoloqları bütün qüvvə və imkanlarını ölkə əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəldiblər. Bunun sayəsində insanlar təbiətin yurdumuza bəxş etdiyi bütün nemətlərdən bol-bol bəhrələnə bilirlər. Sənaye inkişaf etdikcə, elmi tərəqqi artdıqca, yeni-yeni infrastruktur layihələri reallaşdıqca, ekoloqlarımızın qarşısında bunların təbiətə vurduğu zərəri heçə endirmək kimi məsul və mürəkkəb bir vəzifə dayanır. Başqa sözlə, bu peşə sahiblərinin gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 9.